Ana Sayfa > İdman > Rafael Ağayev altıncı dəfə dünya çempionu ola bilməyəcək?

Rafael Ağayev altıncı dəfə dünya çempionu ola bilməyəcək?


23-06-2020, 20:13. Yazar: admin
Rafael Ağayev altıncı dəfə dünya çempionu ola bilməyəcək?

Karate üzrə XXV dünya çempionatı bu il baş tutmayacaq.

Oxu.Az xəbər verir ki, BƏƏ-nin Dubay şəhərində 17-22 noyabrda baş tutmalı olan yarış koronavirus pandemiyası səbəbindən gələn ilə keçirilib.

Yarış 2021-ci ilin 16-21 noyabr tarixlərində keçiriləcək. Karatenin 50 illik tarixi ərzində ilk dəfə dünya çempionatı təxirə salınır.

Dünya çempionatının növbəti ilə keçirilməsi digər yarışa da öz təsirini göstərib. Belə ki, 2021-ci ildə Türkiyədə olması planlaşdırılmış yeniyetmə, gənclər və 21 yaşadək karateçilərin dünya çempionatı 2022-ci ilə keçirilib. 2022-ci ildə Macarıstandakı dünya çempionatı isə 2023-cü ilə təxirə salınıb.

Ümumdünya Karate Federasiyasının (WKF) bu ilin noyabrında Dubaydakı Baş Konqresi 2021-ci ilə keçirilib.

Qeyd edək ki, dünya çempionatı bu il baş tutsaydı, Rafael Ağayev altıncı dəfə dünyanın ən güclüsü olmağa əsas namizədlərdən idi. Onun Olimpiadadan sonra karyerasını bitirəcəyi gözlənilir.

Bundan başqa, builki karate yarışlarından Meksikanın Monterey şəhərindəki Gənclər Liqası (25-27 sentyabr) və Braziliyanın eyniadlı şəhərindəki tələbələrin dünya çempionatı (5-8 noyabr) ləğv edilib.
Geri dön