Azərbaycanlı futbolçu karyerasını kubok matçı ilə bərpa etdi
Tarix: 7-08-2020, 17:57 | Çap et
Azərbaycanlı futbolçu karyerasını kubok matçı ilə bərpa etdi

Rusiya millisinin və Moskva "Spartak"ının futbolçusu Aleksandr Səmədov karyerasını rəsmən bərpa edib.

"Report"un məlumatına görə, ötən ilin avqsutunda futbola qayıdan və yerli "Znamya" klubu ilə müqavilə bağlayan əslən azərbaycanlı yarımmüdafiəçi dünən ilk rəsmi oyununa çıxıb.

36 yaşlı veteran Rusiya Kubokunun 1/256 final mərhələsinin "Znamya Truda" ilə matçında forma geyinib. Görüş Səmədovun komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Yenidən yaşıl meydanlara qayıtması barədə təəssüratlarını bölüşən futbolçu çətinlik çəkməyəcəyini söyləyib: "Rusiya Kubokunda oynamaqla karyeramı bərpa etdim. Peşəkar Futbol Liqası çempionatında (səviyyəcə III divizion) oyunlar həftədə 1 dəfə keçiriləcək. Cəmi 36 yaşım var. Bu səbəbdən, mənə çətin olmayacaq. Digər tərəfdən, həftədə 2 dəfə veteranlarla oynayıram. Ona görə də formadayam. Bütün həyatımı futbolda keçirmişəm. Ayrı qalmaq çətin olardı".

Roman Pavlyuçenko, Aleksandr Şeşukov və Renat Yanbayevlə eyni komandada olmasının karyerasını bərpa etməsində rol oynadığını deyən Səmədov Premyer Liqa və ya Milli Futbol Liqasından təklif gələcəyi halda, bunu qəbul etməyəcəyini bildirib.

Qeyd edək ki, Aleksandr Səmədov son olaraq Rusiyanın “Krılya Sovetov” komandasının formasını geyinib. O, 2002-ci ildən başlayan peşəkar karyerası ərzində Moskvanın “Spartak”, “Dinamo” və “Lokomotiv” klublarında çıxış edib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net