MTN olayı voleybol çempionatına qədər çatdı – QALMAQAL
Tarix: 3-11-2015, 09:34 | Çap et
MTN olayı voleybol çempionatına qədər çatdı – QALMAQAL
Qadınlar arasında voleybol üzrə Azərbaycan çempionatı hələ oktyabrın ortalarında başlamalıydı. Amma hələlik çempionatın nə zaman başlayacağı, ləngimənin səbəbləri barədə heç bir rəsmi açıqlama verilmir. Ehtimallar səslənir ki, çempionat Nəqliyyat naziri Ziya Məmmədov və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ətrafında baş verənlər üzündən yubanır. Belə görünür ki, çempionatın maliyyə məsuliyyətini üzərinə götürən tapılmır.
Son aylar Nəqliyyat naziri Ziya Məmmədovun bir sıra dövlət tədbirlərində görünməməsi, nazirliyin bəzi səlahiyyətlərinin digər qurumlara verilməsi onun tezliklə vəzifədən çıxarılacağı barədə fərziyyələrə yol açıb. Ancaq nazir bu günlərdə Neftçalada vətəndaşlar üçün qəbul keçirdi.
VAXT VAR İDİ…
Son çempionatda mübarizə aparan komandalardan üçü Ziya Məmmədovun (“Azərreyl”, “Azəryol”, “Lokomotiv”), ikisi isə Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun (“Rabitə” və “Telekom VK”) himayəsində idi. Yalnız “İqtisadçı”ya Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru, deputat Şəmsəddin Hacıyev sponsorluq edir.
Əvvəllər, klubların çoxu bir qayda olaraq Ziya Məmmədovun rəhbərlik etdiyi nəqliyyat sahəsinin himayəsində idi. Məsələn, Azərbaycan Çempionatında “Lokomotiv” adıyla iki komandanın mübarizə apardığı vaxtlar olub. “Nəqliyyatçı” adı isə sponsorun kimliyinə birbaşa işarə edirdi. Elə “Azəryolservis”in maliyyəsi də bu mənbədən gəlirdi.
Bir neçə gün əvvəl MTN olayları ilə əlaqədar “Rabitə”nin prezidenti, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərov həbs olunub.
“Rabitə” ölkənin ən titullu klubudur. Əli Abbasovun klubu 2011-ci və 2013-cü illərin Çempionlar Liqasının finalçısı, 2014-cü ilin isə üçüncüsü, 2011-ci il klublararası Dünya Çempionatının qalibi və 2012-ci ildə isə finalçı olub. 6 ildir Azərbaycan Çempionatlarında yalnız bu klub birinci yeri tutur.
İKİ KLUB HƏLƏ YAYDA BİRLƏŞDİRİLİB
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin isə voleybola böyük pullar ayırmaq istəməməsi hələ yayda məlum olmuşdu. Çünki “Rabitə” və “Telekom VK” birləşdirilmiş və “Telekom” adıyla fəaliyyətini davam etdirməyə başlamışdı. Bununla da nazir Əli Abbasovun rəhbərlik etdiyi nazirlik faktiki iki klubu maliyyələşdirmək istəmədiyini göstərmişdi. Hərçənd, əvvəllər “Rabitə”yə yetərincə böyük maliyyə ayrılırdı. Son mövsümdə heyətdə çıxış eləyən 12 voleybolçudan 11-i legioner olub.
Son bir ildə voleybol klubları bir-birinin ardınca dağılır. “Şirvan”ın ardınca Ziya Məmmədovun iş ortağı Hafiz Məmmədovun müflis olmasına görə onun maliyyələşdirdiyi “Bakı” və “Lokomotiv Biləcəri” fəaliyyətini dayandırmışdı. Oktyabrın 13-də isə “İqtisadçı”nın meneceri Araz İsmayılov ictimaiyyətə klubun dağılması haqda məlumat verib.
Ayın ikinci yarısında braziliyalı baş məşqçi Aleksandr Rivetti, voleybolçular – Yelena Parxomenko, Yekaterina Jidkova, (hər ikisi – Azərbaycan), Kayla Banvart, Kristi Cekson, Enn Eqlund (hər üçü – ABŞ) və Fatu Diukla (Seneqal) ilə müqavilələr qarşılıqlı şəkildə pozulub.
ÇEMPİONAT BU İL BAŞLAMAYA BİLƏR
İndilik “Telekom”un (əvvəlki “Rabitə”) taleyi qaranlıq qalır. Böyük ehtimalla, klub fəaliyyətini dayandıracaq. Ziya Məmmədovun klubları – “Azərreyl” və “Lokomotiv” isə Avropa kuboklarında mübarizə aparır.
“İqtisadçı”nın dağılmasından sonra çempionatın 4 klubun (“Telekom”, “Azərreyl”, “Azəryol” və “Lokomotiv”) iştirakıyla noyabrın 6-da start götürməsi müzakirə olunmağa başladı. Son hadisələrdən sonra isə voleybol ictimaiyyətində çempionatın bu il başlamayacağı danışılır.
Çempionata “Qarabağ” adlı əlavə klub cəlb eləmək istəyirdilər. Amma hökumətin maliyyə sıxıntısı bu planı gerçəkləşdirməyə imkan vermədi.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net