Süleyman Mikayılovdan yenə şikayət VAR
Tarix: 30-10-2015, 10:51 | Çap et
Süleyman Mikayılovdan yenə şikayət VAR
Çox güman ki, onlar öz vəzifələri ilə vidalaşacaq, yığdıqları sərvətin mənbəyi isə araşdırılacaq. Bu bir faktdır ki, son illər ölkədə sahibkarlığın, özəl sektorun, biznes mühitinin inkişafı ilə bağlı təqdirəlayiq islahatlara imza atılıb, ciddi uğurlar əldə olunub.

Yəni, ölkə başçısının da dediyi kimi, sahibkarlığın inkişafı dövlət siyasətidir. Məhz elə buna görə də hazırda sahibkarlar üçün Azərbaycanda analoqu olmayan şərait yaradılıb. Belə ki, iş adamlarına həm dövlət qayğısı, maliyyə, texniki və intellektual dəstək göstərilir. Bu arada o da qeyd olunmalıdır ki, bölgələrdə sahibkarlıq fəaliyyətinə malik olan subyektlər dövlət tərəfindən maliyyə dəstəyi alırlar ki, bu da sahibkarlar üçün xüsusi stimul mənbəyi kimi xarakterizə olunur. Sadalananlarla yanaşı, ölkəmizdə əlverişli sərmayə mühitinin mövcud olması, sərmayədarların hüquqlarının qorunması sahibkarların çoxşaxəli fəaliyyətinə dəstək və təkan verir. Lakin bütün bunlara baxmayaraq, hələ də elə qurumlar var ki, onlar şəxsi maraqlarını təmin etmək naminə sahibkarların normal fəaliyyət göstərmələrinə imkan yaratmır, onları əsassız yerə bezdirir, əlavə xərcə, ziyana salırlar. Misal kimi, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun göstərişi ilə hərəkət edən, daha doğrusu icra başçısının tapşırığı ilə adıçəkilən rayonun ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Çingiz Zahid oğlu Sultanovun hüquqlarını pozan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri Rasim Rəsul oğlu Əhmədovu göstərmək olar. Çünki o, müxtəlif yollara baş vuraraq Qaradağ rayon, Lökbatan qəsəbə sakini Çingiz Zahid oğlu Sultanovun mülkiyyətində olan obyekti - Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi 5C ünvanında yerləşən qeyri-yaşayış binasını balansına daxil etməyə can atır. Halbuki sözügedən obyekt məhz Çingiz Sultanova məxsusdur. Onun əlində bunu sübuta yetirəcək bütün zəruri sənədlərin olmasına baxmayaraq, Qaradağ rayonunun ən gəlirli sahələrini öz əlində cəmləmiş Rasim Əhmədov nə yolla olursa-olsun həmin qeyri-yaşayış sahəsini əsl sahibinin əlindən almağa çalışır. Artıq o, bununla bağlı məhkəməyə də müraciət edib. Lakin bunun heç bir faydası yoxdur. Çünki Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 0726801 nömrəli çıxarış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasport, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsi Hərracların Təşkili üzrə Auksion Mərkəzi Kiçik Dövlət Müəssisələrinin (obyektlərinin) Özəlləşdirilməsi üzrə Hərrac Komissiyasının 31 mart 2015-ci il tarixdə tərtib etdiyi 10/02 nömrəli hərrac protokolu birmənalı şəkildə təsdiqləyir ki, həmin obyekt məhz Çingiz Sultanova məxsusdur. Eyni zamanda, qeyd olunan rəsmi sənədlər bir daha onu göstərir ki, Rasim Əhmədovun meyil saldığı qeyri-yaşayış sahəsi onun rəhbərlik etdiyi Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin deyil, Əmlak Məsələləri Dövlət Komitəsinin balansındadır. Rasim Əhmədov isə bu cür mühüm sənədlərə əhəmiyyət vermədən yenə də öz dəst-xəttindədir. Bu isə sonda həm ona, həm də himayəsinə arxalandığı Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılova ciddi problemlər yarada bilər. Görünür, iş adamlarının normal fəaliyyət göstərmələrinə imkan verməyən, sahibkarlığın inkişafına maneələr yaradan icra başçısı və Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri hələ də fərqində deyillər ki, artıq büdcəyə neftdən gələn gəlir xeyli azalıb. Nəhayət, onlar anlamalıdır ki, ölkə başçısının da bəyan etdiyi kimi, dövlət büdcəsini doldurmağın yeganə mənbəyi sahibkarlığın inkişafıdır. Onlar isə Çingiz Sultanovun timsalında Qaradağ rayonunda özəl sektorun inkişafına şərait yaratmır, sahibkarları əlavə xərcə, ziyana salırlar. Əgər belə davam edərsə, o zaman tezliklə həm Süleyman Mikayılov, həm də onun tapşırıqları ilə hərəkət edən Rasim Əhmədov ölkə başçısının sərt iradəsi ilə üzləşə bilər. Çox güman ki, onlar öz vəzifələri ilə vidalaşacaq, yığdıqları sərvətin mənbəyi isə araşdırılacaq…





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net