Sabirabad səhiyyəsi ağlamalı günlərini yaşayır
Tarix: 2-04-2015, 09:30 | Çap et
Sabirabad səhiyyəsi ağlamalı günlərini yaşayır
Azərbaycanda korrupsiya büdcə talançılığında özünü daha eybəcər formada göstərir. Dövlət idarə və müəssisələrinin, xidmət sahələrinin saxlanılması üçün ayrılan vəsaitlərin xərclənməsi barədə məlumatları nəzərdən keçirəndə aşkar surətdə görünür ki, iş və xidmətlərin həcmi, alınan məhsulların miqdarı artırılıb, qiymətlər şişirdilib. Hökumətin antikorrupsiya tədbirlərinə, habelə geniş həbslərin aparılmasına rəğmən məmurların yenə də öz bildiklərini etməsi isə bu işə bir növ adətkar olmalarından irəli gəlir.

Yerli mənbələrin Vertikal.az-a bildirirdiyinə görə, Sabirabadda çox az adam tapılar ki, Mərkəzi Xəstəxanada stasionar müalicə aldığı müddətdə qida məhsulları ilə təmin olunduğunu təsdiqləsin. Bu baxımdan həmin müəsisə üzrə 2013-cü ildə təkcə ərzaq məhsullarının satın alınması adı altında 285 min manatdan artıq vəsait xərclənib. Onun 119 870 manatı «Teymurov İF» MMC-nin hesabına ödənilib. Maraqlıdır, baş həkim, bu məhsulları həqiqətən alıbmı, alıbsa, onu kimə verib? Ümumi şəkildə “qida məhsulu” dediyimizdən və quru rəqəm təqdim etdiyimizdən vəziyyəti tam təsəvvür etmək olmur. Amma məhsuların adlı siyahısı hər kəsdə heyrət doğura bilər.

Məsələn, “Sabirabad rayon Bərəkət Çörək zavodu” MMC-dən 15 000 manatlıq çörək alınması sənədləşdirilib. Bu vəsaitə 37 500 ədəd çörək almaq mümkündür. Gün ərzində bir xəstə 1 ədəd çörək yesə, onda gərək müəssisədə ilin bütün günləri üzrə xəstələrin sayı 102-dən az olmaya. Ət məhsulları alınması üçün “Kəndabad-ZB” MMC-nin hesabına 103 125 manat pul köçürülüb. Biz yuxarıda kobud hesablama ilə xəstəxanada bir gündə 102 xəstənin “yatdığını” müəyyən etmişdik. Amma bu fakt hətta doğru olsa belə, ətin miqdarı 1 xəstənin qida rasionuna uyğun gəlmir. Belə ki, mal ətinin bazar qiyməti 7,5 manat olduğundan, bu məbləğə 13 ton 750 kq, 1 günə 37,6 kq, 1 xəstə üçün isə 370 qram ət düşür. Amma hətta bu qədər xəstə olsaydı və onların gündəlik qida rasionunda həqiqətən elə bu miqdarda ət məhsulu təşkil etsəydi belə, digər amillər də nəzərə alınmalıdır. Əvvala, xəstəxana istirahət müəssisəsi deyil ki, burada yeyib-içib, keyf edəsən. Əksər xəstələrə müalicə olunduqları dövrdə yüngül qida qəbul etməlidir. Onların əksəriyyətinin qida rasionunda ətin xüsusi çəkisi 150 qramdan artıq ola bilməz. Axı xəstələrə kabab verilmir ki, ət sərfiyyatı çox olsun.

Rəsmi məlumata görə, Sabirabad Mərkəzi Rayon Xəstəxanasının tabeliyində olan müəssisələr üzrə ümumilikdə 320 çarpayı var, onun 205-i MRX-də, 90-nı 6 kənd sahə xastəxanasında, 25-i vərəm əleyhinə xəstəxanada yerləşir. RMX-nin şöbələri üzrə çarpayıların sayına da ayrıca diqqət yetirək: cərrahiyyə 65, reanimasiya- 10, terapiya- 30, mamalıq-ginekoloji- 40, nevroloji- 15, yoluxucu xəstəliklər- 15, pediatriya – 30. Şöbələrin adları və oradakı çarpayıların sayı qida qəbulu barədə şübhələrimizi daha da artırır.

Adətən xəstəxanada ağır vəziyyətdə olanlar saxlanılır. Komada olan, reanimasiya şöbəsində yerləşdirilən, öd, mədə-bağırsaq əməliyyatından çıxan, doğuş həyata keçirən xəstə bu qədər əti yeyə bilərmi? Elə isə sual yaranır: xəstələr üçün alınmış ət və digər qida məhsullarını kim yeyir?





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net