Praqanı ötüb keçən Novxanı hotelləri
Tarix: 17-07-2015, 10:50 | Çap et
Praqanı ötüb keçən Novxanı hotelləri
"Novxanıda hotelin bir nəfər üçün bir gecəlik qiyməti 80 dollardır. Praqada isə 40 və ya 60 dollara ondan daha keyfiyyətli və xidməti yüksək səviyyədə olan hotel tapmaq olar. Yəni, Novxanı Praqanı ötüb keçibsə, mən buna sevinərəm. Amma belə deyil axı. Ona görə də hotellər boşdur və gəlir gəlmir. Baxmayaraq ki, dövlət bu sahəyə xeyli sərmayə qoyub, amma ÜDM heç 1 faiz də deyil. Əslində isə sərmayə gəlir üçün qoyulmalıdır. Baxmayaraq ki, heç nədə - qonaqpərvərlikdə, mətbəx mədəniyyətində Gürcüstandan geri deyilik, qiymət münasib olmadığından bizə qonşu Gürcüstana gələn qədər turist gəlmir".Bu sözləri turizm sahəsində ekspert Çingiz İsmayılov bildirib. Bizdə yalnız bir aviaşirkətin - AZAL-ın fəaliyyət göstərdiyini deyən ekspertin sözlərinə görə, başqa şirkət olmadığından rəqabət yoxdur və bu da qiymətlərin artımına gətirib çıxarır. Mütəxəssisin sözlərinə görə, Tiflisdən İstanbula olan təyyarə reysi Bakıdan İstanbula olan uçuşdan 4-5 dəfə ucuzdur. Belə halda vətəndaşların bir hissəsi AZAL-la yox, qatarla və ya avtomobillə gedib Gürcüstandan bilet almağa məcbur olurlar. Nəticədə isə bu gəlirin bir hissəsinin xarici ölkə aviaşirkətinə gedir. Mütəxəssisin sözlərinə görə, bir şirkət olsa belə, o istədiyi qiymətləri qoymamalı və bu işlər nəzarət altında olmalıdır.Turizm sahəsində vəziyyət o qədər acınacaqlı hal alıb ki, iki gün öncə prezident İlham Əliyev bu ilin I yarısının sosial-iqtisadi inkişafının yekunları ilə bağlı və qarşıda duran məsələlərə həsr olunan iclasda turizm sahəsində ciddi problemlərin olmasına, hotellərin qiymətinin bahalığına, xidmətin səviyyəsinə, ucuz və az ulduzlu hotellərin olmamasına diqqəti çəkib:"Xüsusilə bölgələrdə yerləşən hotellərdə qiymətlər çox bahadır. İndi Bakıda tanınmış brendlər fəaliyyət göstərir. Əlbəttə ki, onlar bütün dünyada fəaliyyət göstərir. İndi Bakıda hotellər şəbəkəsi ən mötəbər şəbəkədir. Onların öz qiymət siyasəti var, biz buna o qədər də qarışa bilmərik. Ancaq beşulduzlu olmayan hotellərin qiyməti niyə bahadır? Bölgələrdə, rayon yerlərində elə qiymət qoyurlar ki, heç adam oraya getmək istəmir. Bəlkə də, buna çox sadə yanaşırlar ki, qiymətləri bazar tənzimləyir, əgər tələbat varsa, təklif də var, amma hər kəs gedə bilmir". Prezident İlham Əliyevin sözlərinə görə, bizdə beşulduzlu hotellərin sayı kifayət qədər çox olsa da, maddi imkanı aşağı olan ailələrin istifadə edəcəyi üç və iki ulduzlu otellər yoxdur. Azərbaycanda kifayət qədər görməli yerlər olsa da, çoxu orada dincələ bilmir: "Bizdə beşulduzlu hotellərin sayı kifayət qədər çoxdur, mən buna çox sevinirəm. Bu, ölkəmizin gücünü göstərir, bu, prestijdir. Yəni, ölkədə gedən proseslərin təzahürüdür. Əgər dünyanın aparıcı beşulduzlu brendləri Bakıdadırsa, demək, Bakı buna layiqdir və onlar layiqdirlər ki, Bakıda olsunlar. Ancaq üçulduzlu hotellər azdır, ikiulduzlu hotellər yoxdur. O qədər də böyük maddi imkanlara malik olmayan ailələr istirahət edə bilmirlər. Budur reallıq. Azərbaycanda o qədər gözəl yerlər var ki, heç xaricə getmək lazım deyil. Dağlar, meşələr, dəniz, çaylar, göllər, xizək kurortu. Ona görə, bu üç məsələyə mütləq baxmaq lazımdır - vizalar, biletlərin, hotellərin qiymətləri və üçulduzlu, ikiulduzlu hotellərin tikintisi", - deyə İ. Əliyev bildirib.Ekspert Çingiz İsmayılovun sözlərinə görə, prezidentin qiymətlər, xidmət, ümumiyyətlə, turizm sahəsində qaldırdığı problemlər vaxtında deyilmişdir. Mütəxəssis bildirir ki, bu sahədə vəziyyət xarici ölkələrlə müqayisədə çox fərqlidir:"Prezidentin bu addımı vətəndaşlar tərəfindən də çox bəyənilir. Gözlənilirdi, çünki belə davam etmək mümkünsüz idi. Onunçün də gələn turistlərin də, Azərbaycandan gedənlərin də sayı azdır. Vizaların, hotellərin qiyməti də belədir. Hotellərin qiyməti isə dəhşətdir. Bakıda 20-25 dolara otel tapa bilməzsiniz. Ancaq Tiflisdə meşənin içində çox qəşəng, balaca hotellər tapa bilərsiniz ki, qiymət səhər yeməyi ilə birlikdə 20-25 dollardır. Dəhşətli qiymətlər olduğuna görə hotellərimiz bomboşdur, heç kim də qalmır. Eyni vəziyyət turist mərkəzlərində də hökm sürür. Bodrumda 35 dollara istirahət mərkəzi var, amma Bakıda bunu tapmaq olmaz. Qiymətlər od tutub yanır - 80-100-120 dollar... Axı bu otellər bəzək üçün tikilməyib, gəlir gətirməlidir"."Millennium" Turizm şirkətinin rəhbəri Ruslan Quliyevin Publika.az-a bildirdiyinə görə, prezidentin bu çıxışı çoxdan gözlənilən idi. Ekspertin bildirdiyinə görə, bu, turizm sahəsində yeni səhifə açacaq: "Hələ 2012-ci ilin noyabrında prezident İlham Əliyevin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi ilə bağlı qərarından sonra 2013-cü ilin mart ayından etibarən elektron turist vizalarının alınmasında yeni qaydalar tətbiq olunur. Bu sistemin tətbiqi ölkəyə daha çox turist cəlbinə səbəb oldu. Gördüyünüz kimi, bu işlər bütün ölkənin turizm bazarına müsbət təsir edir. Əslində, Avropa Oyunlarından sonra ölkənin turizm bazarında canlanma hiss olunur. İnsanları ən çox narahat edən qiymətlərin bahalığı məsələsidir ki, bu da həllini tapacaq. Artıq bu məsələyə dövlət başçısı münasibət bildirib. Biz inanırıq ki, otellərin qiymətləri aşağı enəcək. Bir də onu qeyd edim ki, ölkəyə turist axınını cəlb etmək üçün aviaşirkətlər endirim kampaniyaları təklif etməlidirlər. Prezidentin çıxışından sonra, şübhəsiz ki, turizm sahəsində islahatlar həyata keçiriləcək və bu da Azərbaycanın bölgələrinə yerli və xarici turistlərin axınına səbəb olacaq".Azərbaycan Turizm Universitetinin prorektoru Eldar Aslanovun sözlərinə görə, turizm sənayesində keyfiyyəti artırmaq üçün ilk növbədə turizmi mövsümi olmaqdan çıxartmalıyıq: "Əsas hədəf 365 gün turizm sahəsi işləməlidir ki, hotellərdə çalışan insanlar da əldə etdikləri bilikləri itirməsinlər".Qeyd edək ki, turizmin inkişafı Azərbaycanın dünyada özünəməxsus layiqli yerini təsdiq eləmək üçün də lazımdır. Bizdə isə qiymətlər çox yüksək olduğundan bu şəkildə turist cəlbinə nail olmaq mümkün deyil. Ekspertlərin araşdırmalarına görə, Bakıda ən ucuz otel 3 ulduzlu "Araz" hotelidir. Amma müqayisə etsək, qonşu Gürcüstanda səhər yeməyi də daxil olmaqla 25 dollar qiyməti olan daha keyfiyyətli 4 ulduzlu hotel tapmaq olar.Mədəniyyət və Turizm Nazirliyindən artıq ölkə prezidentinin bu ilin I yarısının sosial-iqtisadi inkişafının yekunları ilə bağlı və qarşıda duran məsələlərə həsr olunan iclasda verdiyi tapşırıqların icrasına başlandığını dedilər. Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədovun sözlərinə görə, ölkə ərazisində "iki" və "üç" ulduzlu hotellərin tikintisi və sahibkarların bu sahəyə stimullaşdırılmasının artırılması ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq təşkilatlara məktublar hazırlanıb. Turistlərin rahat şəkildə öıkəmizə gəlməsi üçün şərait yaradan elektron vizanın verilmə müddətinin qısaldılması ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi və Xarici İşlər Nazirliyi tərəfindən qısa müddət ərzində birgə fəaliyyət planı hazırlanacaq.Mehmanxanalarda qiymət siyasətinin tənzimlənməsi və qiymətlərin düzgün qurulması üçün Mədəniyyət və Turizm Nazirliyi və İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə təkliflər paketi hazırlanır. Həmçinin mehmanxana rəhbərləri, menecerləri ilə bu sahədə aparılan iş davam etdiriləcək:Ölkə başçısının tapşırıqları bir daha göstərdi ki, Azərbaycan prezidenti vətəndaşların sosial problemlərinin həlli istiqamətində gördüyü işlərlə yanaşı, Azərbaycan vətəndaşının istirahətini də düşünür. Bizim də üzərimizə düşən vəzifə ondan ibarətdir ki, bu tapşırıqdan irəli gələn məsələləri həll edib Azərbaycan turizminin inkişafına dəstək olaq", - deyə V. Şıxəmmədov bildirib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net