Sumqayıtda iş adamı yaşıllıqlara divan tutur
Tarix: 2-07-2015, 11:13 | Çap et
Sumqayıtda iş adamı yaşıllıqlara divan tutur
Yaşıllıq massivlərinin qorunması daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Ölkə başçısının tapşırığı əsasında istər paytaxtda, istərsə də bölgələrdə yeni ağaclar, gül kolları əkilir. Dövlət büdcəsindən hər il bu kimi işlərin həyata keçirilməsi məqsədilə müəyyən miqdarda vəsait ayrılır. Əksər hallarda sadə vətəndaşlar da bu cür tədbirlərə öz dəstəklərini göstərirlər. Sıravi insanlardan fərqli olaraq bəzi iş adamları və vəzifəli şəxslər yaşıllıqlara qarşı aqressiv münasibət sərgiləyirlər.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin yetərli hissəsi ağacları kəsib yerində müxtəlif ticarət obyektləri tikirlər. Bununla da özlərinə gəlirli qazanc mənbəyi yaratmış olurlar. Fikir vermisinizsə, son illər ölkənin ən iri şəhərlərindən biri sayılan Sumqayıtda "yaşıl soyqırımı" geniş yayılıb. Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ağacların qeydinə qalan biri kimi tanınsa da, bəzi sahibkarlar qeyri-qanuni şəkildə, daha doğrusu kimlərinsə qanadı altına sığınmaqla ağacları kəsib-doğrayırlar. Dünən şəhərdəki mənbələrdən aldığımız məlumatlara görə, 1-ci məhəllədə yerləşən "Zeytun" restoranının yerində əvvəllər çoxillik ağaclar olub. Sonradan həmin ağaclar kütləvi şəkildə kəsilib və yerində sözügedən restoran tikilib: "Bu restoran Sumqayıtın ən bahalı elit məkanlarından biri hesab olunur. Restoranın müştərilərinin əksəriyyətini imkanlı şəxslər təşkil edir. Sumqayıtlı biznesmenlər, eləcə də yerli idarə və təşkilatların rəhbər işçiləri burda yemək yeyib, çay içirlər. Əvvəllər restoranın yerində çoxillik ağaclar var idi. Camaat orda istirahət edirdi. Obyektin sahibi olan iş adamı bir neçə günün içində həmin ağacları ucdantutma doğratdırdı. İndi həmin ağaclardan geriyə yalnız kötükləri nişanə qalıb. Restoranın ərazisinə aid olan "besetka"ların metlax örtüyünün altından kəsilmiş ağacların kötüklərinin sanki iniltisi gəlir. Bu kötüklər az qalır ki, dil açıb dillənsin. Burda yaşanan acınacaqlı vəziyyəti ancaq gözü görə bilən bilər". Bizə çatan məlumata görə, "Zeytun" restoranının yaxınlığında Sumqayıt şəhərinin hüquq-mühafizə orqanlarından bir neçəsinin inzibati binası yerləşir. Yəni ərazidəki yaşıllıqlar məhv edilən vaxt həmin orqanların əməkdaşları baş verənləri görməyə bilməzdi. Ən azından ona görə ki, yerindən asılı olmayaraq hardasa bir ağac kəsiləndə, yaxud qanunsuz tikinti işləri aparılanda müvafiq qurumlar dərhal müdaxilə edirlər. Necə olur ki, iş adamı qeyd olunan yerdə böyük restoran tikdirib, özü də bunu ağacları kəsməklə edib, amma aidiyyəti hüquq-mühafizə orqanlarının və digər səlahiyyətli qurumların nümayəndələri bunu görməyiblər? Bu heç cür inandırıcı deyil. Görünür, restoranın sahibi olan iş adamı lazımi şəxsləri nəyinsə gücünə ələ almağı bacarıb. Biz isə fikirləşirik ki, insanların əzab-əziyyəti sayəsində böyüdüb başa çatdırılan çoxillik ağacları məhv edib yerində restoran tikənlər mütləq məsuliyyətə cəlb edilməlidir. Axı rəhmətlik Heydər Əliyev deyirdi: "Bir ağacı kəsəndə elə bil mənim qolumu kəsirlər". Görəsən, bəzi iş adamları Ulu Öndərin bu sözlərini niyə qəribliyə salırlar? Nəyə görə yaşıllıqları göz görə-görə məhv edirlər? Gələn saylarımızda "Zeytun" restoranının sahibinin kimliyinə və obyektin sənədlərinin qaydasında olub-olmamasına aydınlıq gətirəcəyik. Bizi izləməyi unutmayın.

Yazı ilə bağlı qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net