Şirvanda "Karvan" kimin üçün yürüyür?
Tarix: 1-07-2015, 10:51 | Çap et
Şirvanda "Karvan" kimin üçün yürüyür?
Ölkəmizdə turizm sektoru son illərdə xeyli inkişaf edib. İstirahət mərkəzlərinin, hotel və mehmanxana komplekslərinin sayının günbəgün artması bunun əyani sübutudur. Bir sözlə, dövlət səviyyəsində bu sahənin inkişafına kifayət qədər dəstək var. Əfsus ki, bəzi iş adamları turizmin inkişafına yaradılan şəraitdən düzgün məqsədlər üçün istifadə etmir və qanunsuz əməllərə imza atırlar.

Xatırlayırsınızsa, bir müddət əvvəl ölkə başçısı cənab İlham Əliyev süni qiymət artımına yol verilməməsi ilə bağlı bütün qurumlara göstərişlər verdi: "Son illər ərzində istehlak olunan əsas ərzaq məhsulları Azərbaycanda istehsal olunur. Belə olan halda bu məhsullarda heç bir bahalaşmadan söhbət gedə bilməz. Monitorinq keçirilir və süni şəkildə qiyməti artırmaq istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görüləcəkdir. Kim qiymətləri süni şəkildə artırırsa, dövlət tərəfindən öz cəzasını alacaq". Qeyd edək ki, prezidentin bu xəbərdarlığından sonra süni qiymət artımına yol vermiş şəxslər hüquq müstəvisində cəzalandırıldılar. Amma buna baxmayaraq, bəzi iaşə obyektlərində qanun pozuntuları, eləcə də süni qiymət artımı problemi səngimək bilmir. Redaksiyamıza Hacıqabul rayonunun ərazisində yerləşən "Karvan" istirahət mərkəzinin sahibi Siyasət adlı iş adamının barəsində maraqlı məlumatlar daxil olub. Adının gizli qalmasını xahiş edən şəxsin sözlərinə görə, iş adamı sahibkarlığın və turizmin inkişafına yaradılan şəraitdən sui-istifadə edir və qanunvericiliyin tələblərini kobud şəkildə pozur: "İlk növbədə onu demək istəyirəm ki, "Karvan" istirahət mərkəzinin sənədləri qaydasında deyil. Restoran tipli istirahət mərkəzi ümumi istifadədə olan avtomobil yolunun təhkim zolağında yerləşir. Bu baxımdan istirahət mərkəzi qanunların pozulması nəticəsində tikilib. İkincisi, "Karvan"da heç bir standartlara əməl olunmur. Məsələn, restoranın mətbəxində antisanitariya şəraiti hökm sürür. Aidiyyəti dövlət qurumlarının nümayəndələri burdakı dözülməz şəraitə göz yumurlar. Bəzən mətbəxə it, pişik daxil olur. Obyektin sahibi bəzi qurumların əməkdaşlarına "görüm-baxım" edib problemi çözür. Restoranda istifadə olunan ətin mənşəyi dəqiq bilinmir. Müştərilər dəfələrlə ətdən kəskin qoxu və tam gəlməsi barədə restoranın müdiriyyətinə narazılıqlarını bildiriblər. Qarşı tərəf isə əsassız bəhanələr gətirərək problemdən yayınmağı bacarıb. İstirahət mərkəzində açıq zalla yanaşı, kabinetlər də fəaliyyət göstərir. Bu kabinetlərdə hansı işlərin baş verdiyini araşdırmaq lazımdır. Çünki bəzi müştərilər kabinetdən saatlarla çıxmır. Onların bu qədər vaxtda yemək yeməsi bir qədər şübhəli məsələdir. Başqa obyektlərdə iki əks cinsin nümayəndəsinin kabinetdə qapını arxadan bağlayıb oturmasına icazə verilmir. "Karvan" istirahət mərkəzində belə qadağa yoxdur. Məlumatlı mənbənin bildirdiyinə görə, Siyasət adlı iş adamı bəzi şəxslərin yardımına bel bağlayır və işçilərin əmək hüquqlarını pozur: "Əmək Məcəlləsinə əsasən, işə götürənlə işçi arasında mütləq əmək müqaviləsi bağlanmalıdır. Bu istirahət mərkəzində çalışan heç bir işçinin əmək müqaviləsi yoxdur. Ofisiant, qabyuyan və süpürgəçilər qanunsuz şəkildə işlədilir. Belə olan təqdirdə iş adamı həm vergidən yayınır, həm də sosial sığorta haqqını ödəməkdən boyun qaçırır. Bundan başqa, ərazidə yerləşən digər kafe və restoranlarda qiymətlər ucuz olsa da, "Karvan"da tamamilə fərqlidir. Restoranın rəhbərliyi süni şəkildə qiymətləri qaldırıb. Hətta buna görə bu yaxınlarda aidiyyəti dövlət qurumlarının rəsmiləri onu külli miqdarda cərimələyiblər. Buna baxmayaraq, sahibkar qanunlara qarşı çıxmaqda davam edir. İş adamının Şirvan şəhərinin ərazisində çoxsaylı ticarət obyektləri var. Buna misal olaraq köhnə bazardakı "Elit" ticarət mərkəzini, klubun arxasındakı obyekti və digərlərini göstərmək olar. O bölgənin ən varlı şəxslərindən biri kimi tanınır. Onun qudası Teyyub adlı şəxs qatı müxalifətçidir. Şirvanda bu şəxsi tanımayan yoxdur. O da qudası kimi biznes fəaliyyəti ilə məşğuldur. Sahibkarın nəzarətindəki obyektlər "Elit" adı altında fəaliyyət göstərir. Teyyubun oğlu Şirvanın Neft sahəsində mühüm vəzifələrdən birində çalışır. Bir sözlə, adını çəkdiyim şəxslər baş-başa verib özbaşına əməllər törədirlər. Deyilənə görə, Siyasət biznesdən əldə etdiyi gəlirin bir hissəsini Şirvan və bölgə müxalifətinin maliyyələşməsinə sərf edir. Başqa sözlə desəm, bu adam Şirvanda müxalifətçilərin maliyyə dəstəkçisidir". İş adamının fəaliyyətindəki neqativ hallar və "Karvan"da baş verən xoşagəlməz hadisələr haqda redaksiyamıza başqa məlumatlar da daxil olub. Gələn saylarımızda qara rəngli "Lexus"un sirri, sahibkarın oğlunun törətdiyi özbaşınalıqlar və "Karvan" istirahət mərkəzindəki vergi xətaları barədə şok faktları diqqətinizə çatdıracağıq. Bizi izləməyi unutmayın.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net