"Alfa Sığorta" şirkəti tezliklə müflisləşə bilər
Tarix: 22-05-2015, 09:57 | Çap et
"Alfa Sığorta" şirkəti tezliklə müflisləşə bilər
Bu gün hansı sığorta şirkətinin yetkili şəxsi ilə həmsöhbət olsanız görəcəksiniz ki, hamısı bir ağızdan "Bizim üçün başlıca məqsəd müştəri məmnunluğudur" deyəcək. Halbuki sığorta şirkətlərinin hamısı olmasa da, bir qismi şəxsi mənfəətini müştəri məmnunluğundan daha üstün tutduğu üçün bəzi yollara baş vurmaqla daha çox gəlir əldə etməyə çalışır. Təbii hər bir şirkət qazanc əldə etməli və fəaliyyətini bu istiqamətə yönləndirməlidir. Lakin qazanc naminə müştərilərə kələk gəlmək nə insanlığa, nə də qanunlara sığır…

Əldə etdiyimiz bilgilərə görə, "Alfa Sığorta" ASC də müştəriləri aldatmaqla maraqlarını təmin edən şirkətlər sırasında qərarlaşıb. Bu barədə məlumat verən mənbə bildirir ki, "Alfa Sığorta" 1997-ci il avqustun 28-də "Murad" sığorta şirkəti kimi fəaliyyətə başlayıb: "3 iyun 2005-ci il tarixdən etibarən isə "Alfa Sığorta" adlandırılan şirkət 2006-ci il dekabrın 12-də şirkətin 100 faiz payına sahib olan əvvəlki səhmdarı Hüseynov Yaqub Valeh oğlundan 1,5 milyon manata satın alınıb. Hazırda "Alfa Sığorta" kənd təsərrüfatı risklərinin sığortası, məsuliyyət sığortaları, səfər sığortası, inşaat və quraşdırma risklərinin sığortası, yüklərin sığortası, fərdi qəza və xəstəlik sığortası, tibbi sığorta, avtonəqliyyat vasitələrinin kompleks sığortası, əmlakın yanğın və digər əlavə risklərdən sığortası xidmətləri göstərir. Onu da qeyd edim ki, sığorta şirkətinin 100 faiz səhmdarı "Bank Technique" ASC-dir".

"Alfa Sığorta"nın Direktorlar Şurasının sədrinin Elşad Abbas oğlu Əliyevin, İdarə Heyətinin sədrinin isə Camal Tofik oğlu Əliyevin olduğunu vurğulayan məlumatlı şəxsin sözlərinə görə, son günlər "Alfa Sığorta"da işçilər kütləvi şəkildə ixtisar edilir: "Maraqlısı ondadır ki, sığorta şirkətinin əməkdaşlarına ixtisarların səbəbi barədə heç bir açıqlama verilmir. Deyilənlərə görə, "Alfa Sığorta"nın 100 faiz səhmdarı olan "Bank Technique" ASC artıq sığorta bazarını tərk etmək fikrinə düşüb. Odur ki, tezliklə təsisçinin qərarı ilə şirkətin fəaliyyətinin dayandırılacağı gözlənilir. Qeyd edim ki, sığorta qanunvericiliyinə əsasən "Alfa Sığorta"nın bazarı tərk etməsi onu öz müştəriləri qarşısında götürdüyü öhdəliklərdən azad etmir. Yəni sığorta şirkəti fəaliyyəti dövründə bağladığı bütün müqavilələrin müddəti başa çatana qədər baş verən sığorta hadisələrinə görə ödəniş verməlidir. Bir sözlə, "Alfa Sığorta" fəaliyyətini dayandırsa belə, üzərinə götürdüyü öhdəliyə əməl etməlidir". Mənbə iddia edir ki, adıçəkilən sığorta şirkətinin bəzi sığorta agentləri müştərilərə qarşı möhtəkirlik edir: "Deyilənlərə görə, "Alfa Sığorta" ASC-nin sığorta agentlərinin bir çoxu müştərilərə borclu qalmaqla yanaşı, onlara yanlış məlumatlar verir və bu yolla vətəndaşları aldadırlar. Ümumiyyətlə, "Alfa Sığorta" öz müştəriləri ilə lazımi maarifləndirmə işlərini aparmır. Bu səbəbdən də sonda müştərilərlə şirkət arasında ciddi narazılıqlar yaranır. Çünki adıçəkilən sığorta şirkəti və onun agentləri sığortanı əhaliyə düzgün izah etmirlər. Odur ki, müştərilər "Alfa Sığorta" ilə müqavilə bağlayarkən mümkün qədər ehtiyatlı olmalı, sığorta müqaviləsini diqqətlə oxumalıdırlar. Qeyd edim ki, xüsusilə avtomobil sığortaları ilə bağlı şikayətlər kifayət qədərdir. Məsələn, "Alfa Sığorta" şirkəti sığorta hadisəsi baş verdikdə müştəriyə dəymiş ziyanı ödəməmək üçün müxtəlif əsassız bəhanələrlə məsuliyyətdən yaxa qurtarmağa çalışır. Elə buna görədir ki, artıq adıçəkilən sığorta şirkətinin müştərilərinin böyük bir hissəsi ASC-nin xidmətlərindən imtina etmək qərarına gəliblər. Yəni onlar ölkədə fəaliyyət göstərən digər sığorta şirkətlərinə müraciət etməyi məqsədəuyğun hesab edirlər. Çünki bu zaman müştərilərə dəymiş ziyan vaxtında ödəniləcək və onlar süründürməçiliklə, əlavə problemlərlə üzləşməyəcəklər. Əgər belə davam edərsə, "Alfa Sığorta" şirkəti tezliklə müştərisiz qala və beləliklə də müflisləşə bilər. Artıq bunun işartıları görünməkdədir…"
Vertikal.az





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net