Ölkədə bahalaşmanı kimlər yaradır?
Tarix: 24-01-2018, 06:12 | Çap et
Ölkədə bahalaşmanı kimlər yaradır?
Gömrük xidmətindən heç bir rüsum ödənilmədən hər bi şəxsin maneəsiz şəkildə keçirə biləcəyi məhsulların sayı, ölçüsü məlumdur. Ancaq buna baxmayaraq zaman-zaman gömrük xidməti ilə bağlı bu səpkidə müəyyən qədər şikayətlər səslənir.

Bu günlərdə isə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev "2017-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda keçirilən mətbuat konfransında bəzi məhdudiyyətlərin tətbiq olunacağının anonsunu verib. Belə ki, komitə sədri Dövlət Gömrük Komitəsi ölkəyə şəxsi istehlak üçün gətirilən siqaretin 3 blokdan 1 bloka qədər endirilməsi ilə əlaqədar qanunvericiliyə dəyişikliyin edilməsi ilə bağlı Milli Məclisə müraciət edəcəklərini deyib. Onun sözlərinə görə, dəfələrlə ölkəyə qeyri-qanuni yollarla tütün və tütün məhsullarının gətirilməməsi ilə bağlı xəbərdarlıqlara baxmayaraq belə məhsulların idxalında azalma müşahidə edilmir:

“Müşahidə edilib ki, sərhəd bölgələrə yaxınlaşdıqca əhalinin kənd təsərrüfatı sektoruna marağı azalır. Bu gün şəxsi istifadə üçün vətəndaşlar 3 blok siqaret gətirilə bilər. Ancaq bəzən insanlar bundan sui-istifadə edirlər. Biz bunun 1 bloka (10 qutu) salınmasını istəyirik. Bunları nəzərə alaraq Milli Məclisə müraciət edəcəyik. İnanırıq ki, bizim bu təklifimiz qəbul ediləcək”.

Komitə sədrinin bu fikri heç də birmənalı qarşılanmayıb. Ehtimal olunur ki, bu təklif qəbul olunarsa, daxili bazarda bahalaşma baş verəcək. Yerli istehsalın olmaması isə vəziyyəti daha da ağırlaşdırır. Digər sahələrdə də vəziyyət heç də ürəkaçan deyil. Xüsusilə, ərzaq bazarının idxaldan asılı olması və bununla yanaşı gömrük rüsumlarının yüksək olması daxili bazarda bahalaşmanı sürətli şəkildə getməsini labüd edir. Bu baxımdan hesab olunur ki, daxili istehsalı olmayan bütün növ məhsulların gömrükdən keçirilməsi asanlaşdırılmalıdır. Bu həm də bazarda ucuzlaşmanın yaranmasına və monopoliyanın müəyyən qədər aradan qalxmasına xidmət edəcək. Təsadüfi deyil ki, bazarda monopoliyanı yaradan əsas kimi məhz gömrük xidmətləri göstərirlir.

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında Gömrük Komitəsinin bu qərarının anlaşılan olmadığını deyib. N.Cəfərli hesab edir ki, gömrük sahəsində çalışan insanların bu xidmətin fəlsəfəsini bilmirlər:

“Yəni, gömrük niyə yaranıb, bunu rolu nədən ibarətdir, hansı məqsədlərə xidmət edir? Çox təəssüf ki, bizdə gömrük əməkdaşları hüquq-mühafizə orqanlarının vəzifəsini icra etməyə çalışır. Ancaq cəza, qadağalar və ya insanların gündəlik iqtisadi yaşamına məhdudiyyətlər tətbiq edir. Əslində isə gömrüyün fəlsəfəsi bundan ibarət deyil. Gömrük daxili bazarı qorumaq üçün yaradılıb və bu gün də birbaşa vəzifəsi bundan ibarətdir. Çox güman ki, indi belə bir qərarın verilməsində məqsəd Sumqayıt şəhərində yaxın gələcəkdə işə düşəcək tütün-siqaret istehsalı zavodunun işə düşməsidir. Həmin fabrikin işini asanlaşdırmaq və satışını artırmaq üçün bu cür məntiqsiz qadağalar qoyulur. Çünki dünyada qəbul olunmuş qaydalar var. Xarici ölkələrdə demək olar ki, hər kəs olub. Sərhəddin “Duty Free” adlanan ərazisini keçərkən 3 blok-30 ədəd siqaret və 4 litr spirtli içkinin maneəsiz keçirilməsinə icazə var. Dünyanın hər yerində bu qaydalar işləyir. Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmayıb deyə, qəbul olunmuş qərarları bilərəkdən tərsinə işlədir. Ancaq daxili monopolistlərin və istehsalçıların maraqlarını qorumaq üçün bu cür addımlar atır. Yerli istehsal yaradılandan sonra xaricdən külli miqdarda tütün məhsullarının gətirilməsinə tətbiq olunan aksiz vergisinin artırılması anlaşılan olardı. Bu daxili bazarı qorumaq üçün atılan addım kimi dəyərləndirilərdi. Amma açıq demək lazımdır ki, sərhəd kəndlərində yaşayan insanlar 3 blok siqaret gətirməklə az qazanc götürür və bununla müəyyən problemlərini həll edirlər. Bu insanlara qarşı bu addımın atılması daxili bazarı qorumaq deyil, insanlara nəzarəti gücləndirməyin başqa forması kimi qəbul olunur. Heç olmasa zavod işə düşəndən sonra belə bir addım atılsaydı, bunun məntiqini hardasa anlamaq olardı. İndidən belə bir addımın atılmasını heç bir iqtisadı səbəblərlə əlaqələndirmək mümkün deyil”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net