İcra başçısının Çovdarovları Bərdəni dağıdır
Tarix: 17-10-2016, 08:40 | Çap et
İcra başçısının Çovdarovları Bərdəni dağıdır
Bərdənin icra başçısı etimadı doğrultmadı. Vidadi İsayev prezident İlham Əliyevin ondan gözləntilərini yerə vurdu. “Gündəm-xəbər”in verdiyi məlumata görə, rayona rəhbər təyin olunarkən ona həm yerli əhali, həm məcburi köçkünlərin, şəhid ailələrinin qayğısına qalmaq prioritet tapşırıq kimi verilmişdi. Prezident yanında itən etibar Dövlət rəhbərliyi dəstəyini də əsirgəmədi. Büdcədən pullar ayrıldı ki, icra başçısı qarşıya qoyulan məqsədləri çətinlik çəkmədən yerinə yetirsin, əhalinin sosial həyatında dəyişiklik etsin. Lakin V.İsayev büdcə pullarını öz yaxın çevrəsi ilə yağmaladı, camaatın dərdinə şərik olmadı, problemlər günbəgün aşıb-daşdı, qədim Bərdə şəhəri icra hakimiyyətinin yarıtmaz fəaliyyəti nəticəsində orta əsrlər dönəminə qaytarıldı. Beləcə prezidentin gözündən düşən Bərdə rəhbərliyi etibarı itirdi. Eyni zamanda iqtisadi böhran dövründə dotasiyanın kəsilməsi ilə nəticələndi. Halbuki, qonşu Tərtər rayonuna başçı təyin olunan Müstəqim Məmmədov Vidadi İsayevdən fərqləndi. Cəbhə bölgəsinin sakinləri ilə fasiləsiz görüşlər keçirdi, əhalinin yanında oldu, problemlərini dinlədi. Bərdənin hakimi isə qarşısında rayonu çapıb-talamaq, darmadağın etmək, əhalini narazı salmaq kimi hədəflər qoyduğu üzə çıxır. Üstəlik, hələ də icra başçısı və komandası öz bildiyini etməkdədir, Bərdədə yenə pulyığma kampaniyasına başlanıb. Kimsə İsayevə “dur” demir. Sanki onun vəzifəsi pul silməkdən, məmurlara və özünə biznesi şəraiti yaratmaqdan ibarətdir. Prezident yanından itən etibarı bərpa etməyi belə düşünməyən Bərdə rəhbərliyi sərəncama göndərilən RİH başçılarının yolunu gedir. Bərdə camaatı isə çox narazıdır. O dərəcədə ki saysız-hesabsız şikayət məktubları ünvanlanır. Yeri gəlmişkən, deputat Çingiz Qənizadə bildirmişdi ki icra hakimlərinin vəzifəsindən kənarlaşdırılmasında mətbuatda gedən yazıların təsiri olub. Millət vəkili Salyan və Cəbrayılın icra başçısının dəyişməsinə eyham vurmuşdu. Onun sözlərinə görə, prezident hər iki məmurun davranışları ilə mediada tanış olub və qərar verilib. V.İsayev şikayətləri vecinə almır, sakinləri qəbul etmir, öz adamlarına rayonu viran qoymağa imkan yaradır. “Təchizat BCS” MMC-nin pul silməsi Vidadi İsayev milyonlarla manat dövlət pulunu şəxsi məqsədlərinə sərf edib. Məsələn, onun dəftərxana ləvazimatlarının satın alınması adı altında büdcədən ayrılmış 8190 manatı hara xərclədiyini özündən başqa kimsə bilmir. Bərk inventarların satın alınması üçün ayrılmış 11250 manatın da aqibəti məlum deyil. Həmçinin ehtiyat hissələrinin satın alınması məqsədi ilə ayrılmış 3150 manat və sair xərclər maddəsi uzrə malların (işlərin və xidmətlərin) satın alınmasıı üçün ayrılmış 2160 manat da icra başçısının zavalına gəlib. Maraqlıdır ki, bu pul silmə əməliyyatlarının böyük qismi «Təchizat BCS» MMC şirkətinin əliylə həyata keçirilib. Bərdənin icra başçısı Vidadi İsayevin rayonda gestapo rejimi yaratmaqla yanaşı, həm də yaxın qohum- əqrabasına geniş yaratmaqla məşğuldur. İcra başçısı Heydər Əliyev parkında oğlu üçün dəyəri 100 min manat olan «Ana və Uşaq» kafesi inşa etdirir. Bu kafenin tikilib başa gəlməsi üçün bütün məmurları sıxışdıran Vidadi İsayev qarşı çıxanları sərt şəkildə cəzalandıracaını deyib. Amma İsayev təkcə oğlunu deyil, kürəkənini də yaddan çıxarmayıb. Belə ki, o, bir müddət əvvəl tikilərək istifadəyə verilmiş Qaçqın Şəhərciyində kürəkəni üçün ümumi sahəsi 100 kv.metr olan dükan tikdirir. Halbuki qanunla Qaçqın Şəhərciyində belə obyektlərin inşa edilməsi nəzərdə tutulmayıb və qismən qadağan hesab edilir. Başçının heyrətamiz kadrları - Siyahı İcra başçısının vəzifəyə qoyduğu iş bilməz kadrlar camaatın əsəbi ilə oynayır Vidadi İsayevin büdcə dağıdıcı komandası Bərdəni də alt-üst edib. V.İsayevin şəbəkəsinin adları açıqlanıb. Siyahıda Tərtər rayonundan gətirdiyi İsmayılov İskəndərin sənədlərlə iş şöbəsinə müdir təyin olunması qeyd edilib. Tərtər rayonundan Zaur Bəylərovu isə özünə köməkçi təyin edib. Hazırda ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiridir. Onun başçının biznes işlərinə də nəzarət etdiyi deyilir. Zaurun qayınatasını komendanta nəzarətçi və rayonundan qayını Bünyatov Çingizi isə özünə sürücü, Yevlax şəhərindən Fərzəliyev Əlini isə şəhər təsərrüfatı üzrə nümayəndə gətirib. İcra Hakimiyyətinin Hüquq şöbəsinə məsləhətçi vəzifəsinə Salyan rayonundan öz bacısı oğlu Səfərov Natiqi, Sənədlərlə iş şöbəsinə məsləhətçi vəzifəsinə Yevlax şəhərindən Səttarov Mübarizi, Sənədlərlə iş şöbəsinə Şəhər İcra Nümayəndəsinin oğlu Fərzəliyev Fəridi gətirib. Telekommunikasiya Qovşağına müdir vəzifəsinə Yevlax şəhərindən Şirinov Nazimi, Əhalinin Sosial Müdafiəsi Mərkəzinə direktor vəzifəsinə Yevlax rayonundan Məmtiyev Raqufu, Mənzil İstismar Kontorunun müdiri vəzifəsinə Tərtər rayonundan olan Pənahov Raufu, Bərdə Su-kanal idarəsinin müdiri vəzifəsinə Goranboy rayonundan olan Zamanov Vilayəti gətirib. Bərdə Ərazi Yer Quruluşu idarəsinin rəisi vəzifəsinə Tərtər rayonundan olan Cəfərov Təbibi, Torpaq şöbəsinin müdiri vəzifəsinə Salyan rayonundan Şirinov Yaşarı, Bərdə Loqistik kübrə bazasına Yevlax rayonunda işdən qovulmuş Rüstəmov Sürəddini təyin etdirib. Balaca Çovdarovlar peyda olub Bərdə rayonundan daxil olan məlumatda bildirilir ki, büdcə təşkilatlarının müdirləri aylıq qazanclarının təxminən yarısını Vidadi İsayevlə bölüşürlər. Bu siyahıda mətbuatda yayılıb. Və maraqlıdır ki, tənqidlərə baxmayaraq nəticə dəyişməyib. Artıq 3 ildən çoxdur Bərdədəki dövlət idarələrinin müdirləri icra başşçısı Vidadi İsayevə konkret olaraq siyahı ilə aylıq verirlər. Belə ki, 28 saylı Yol İstismar İdarəsinin müdiri İlham Əzimov ayda 3 min manat, Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlyas Hacıyev ayda 5 min manat, Təhsil Şöbəsinin müdiri Rzaquli Şərifov ayda 5 min manat, Mərkəzi Xəstəxananın baş həkimi İftixar Zeynalov ayda 5 min manat, Bərdə Suvarma Sistemləri İdarəsinin müdiri Natiq Əhmədov, Qarabağ Meşə Meliorasiya İdarəsinin müdiri Rəşid Rzayev, Subartezan Quyularının İstismar İdarəsinin müdiri Firudun Baxşalıyev, Meliorasiya İdarəsinin müdiri Sərdar Əhmədov ümumilikdə 20 min manat hesab verirlər. Göründüyü kimi, ifşa edilmiş və ləğv olunmuş MTN çetesinin kiçik bir odiozlaşmış variantı Bərdədə “meydan sulayır”. Onlara kimsə “gözün üstə qaşın var” deməyə cəsarət etmir. Məmurlardan 2 min xərac toplanır Mətbuatda gedən son xəbərlərə görə, yenə də məmurlardan xərac toplamağın başında Zaur Bəylərov dayanır. Bərdə rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olan Z.Bəylərov oktyabrın 4-də, nahardan sonra tabeliyində olan 35 icra nümayəndəliyini tək-tək yanına çağırıb. Şöbə müdiri heç bir səbəb göstərmədən deyib ki, icra başçısı Vidadi İsayevin tapşırığı var. Göstərişə əsasən hər nümayəndəlik üç gün ərzində 2000 manat verməlidir. Bu tapşırıq icra nümayəndələrini şoka salıb. İcra nümayəndələrindən bir neçəsi buna etiraz edərək, ərizəsin yazıb getməyə hazır olduğunu bildirib. İqtisadi böhranın ən kəskin və dərinləşən dönəmində dotasiyasız yaşayan, rüşvəti azalan məmurlar təlaşlanıblar. Media yazır ki, bu zaman Z.Bəylərov onları hədələyib. RİH rəsmisi icra nümayəndələrinə deyib ki, problem deyil, ərizəni yazın, işdən çıxın, fəaliyyətinizi tətfiş edib, prokurorluğa verəcəm. Qeyd edək ki, şöbə müdiri Zaur Bəylərov bundan öncə icra başçısı Vidadi İsayevin köməkçisi olub və dəfələrlə onun haqqında mətbuatda tənqidi yazılar yayımlanıb. Zaur Bəylərov oğlunun avtoxuliqanlğı nəticəsində bir gəncin ölümünə səbəb olduğuna görə işdən qovulan Tərtərin rayon İcra Hakimiyyətinin başçısının sabiq birinci müavini Vidadi Bəylərovun qardaşıdır. Zaur Bəylərovun doğmaca dayısı Xalid adlı şəxs bir neçə il bundan öncə Tərtər RPŞ tərəfindən keçirilən əməliyyat zamanı evini priton etdiyinə görə, həbs olunub. Hansısa gizli əllər onu həbsdən buraxıb. İsayev Vidadi İsa oğlu kimdir? Məlumat üçün deyək ki, İsayev Vidadi İsa oğlu 18 aprel 1959-cu ildə Ermənistan SSR-nin Əzizbəyov rayonunun Artavan kəndində anadan olub. 1980-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu (indiki ADPU) bitirib. 1980-1985-ci illərdə Ağdaş rayon Qaradeyin kənd orta məktəbində tarix müəllim, 1986-2004-cü illərdə Mərkəzi Dövlət Arxivinin Yevlax filialının müdiri işləyib. 2004-2005-ci illərdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini, 2005-2011-ci illərdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Tərtəri viran qoyduqdan sonra Bərdəyə keçib. Prezidentin 3 mart 2011-ci il tarixli Sərəncamı ilə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Amma burada da ümidləri doğrultmadığı görünür. Onu da bildirək ki, V.İsayev Yeni Azərbaycan Partiyasının üzvüdür. Tarix elmləri namizədidir. Ailəlidir, üç övladı var. Bütün bu iddialara və ittihamlara rəğmən heç bir qərəzimiz olmadığı üçün yazıda adı keçən bütün tərəflərin mövqeyini çap etməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net