Arif Alışanovun adı dövlət başçısına təxribatın təşkilində və ölüm hadisəsində hallanır
Tarix: 15-10-2016, 11:02 | Çap et
Arif Alışanovun adı dövlət başçısına təxribatın təşkilində və ölüm hadisəsində hallanır
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri Arif Alışanov vaxtilə bu qurumda maliyyə məsələləri üzrə sədr müavin olarkən dövlət başçısının "Xəbərlər” proqramı üçün hazırlanmış kasetlərinin dəyişik düşməsini təşkil elətdirib.

Vertikal.az Reyting.az saytına istinadla xəbər verir ki, belə bir iddia ilə uzun illər AzTV-də çalışmış Nailə Quliyeva özünün Facebook səhifəsində çıxış edib.

N.Quliyeva jurnalist Qulu Məhərrəmlinin məhkəmə çıxışına münasibət bildirərkən qeyd edib ki, bu, həm məhkəmənin sifariş yerinə yetirdiyini, həm də A.Alışanovun hansı yuvanın quşu olduğunu ortaya qoymaq üçün məzmunlu çıxışdır. Lakin o, bəzi qəzet və saytlarda bu çıxışın "flankəs bütün sirləri açıb-tökdü”,-şəklində təqdim olunması ilə razı deyil. Onun fikrincə, bu çıxışda heç bir sirr açılmayıb.

N.Quliyeva qeyd edib ki, Q.Məhərrəmli məhkəmədə keçmış dostu A.Alışanovun heç bir sirrini açmayıb: "Məsələn, Alışanovun oğru, rüşvətxor və sədrliyə yaramaz olması sirr deyil. Amma çoxları bilmir ki, tutduğu vəzifəyə layiq olmayan bu adam sədrliyə hansı yollarla gəlib. İctimaiyyət bilmir ki, bu adam o vaxtkı sədr Nizami Xudiyevi "yıxmaq” üçün hansı oyunlardan çıxıb, ona qarşı hansı gizli kampaniyanı aparıb, musiqi kollektivlərini kütləvi etiraza qaldırmaq üçün hansı üsullara əl atıb, necə mitinqlər təşkil edib, bunun üçün kimlərə pul paylayıb, TV-nin baş redaktorlarını rəhbərliyə qarşı qaldırmaq üçün nələrə əl atıb?”

N.Quliyeva yazır ki, AzTV əməkdaşları o vaxt maliyyə üzrə müavin olan A.Alışanovun efir vaxtı "Xəbərlər”də tez-tez peyda olmasını unutmayıblar: "Çox adam onun rejissorları necə ələ alaraq tez-tez prezidentin kasetlərinin dəyişik düşməsini təşkil etdiyindən xəbərdardır (bu barədə bəzi qəzetlər də yazıb). Kasetlərin dəyişik salınması, prezidentə aid materialın birinci getməməsi siyasi risq, qorxu və böyük stressə səbəb olan gərginlik yaradırdı. Məhz Alışanovun növbəti sabotajı zamanı gərginliyə tab gətirməyən baş rejissor Cahid Nəzərov elə efir otağında - "Xəbərlər”in efir pultu arxasında ürək tutmasından (iyun 1996) dünyasını dəyişmişdi. Onda A.Alışanov yas mərasiminin xərcini çəkməklə rejissorun yaxınlarının qəzəbindən özünü sığortalaya bilmişdi”.

N.Quliyeva A.Alışanovun sədrliyi dövründə iş yerində əsəb və gərginlikdən dünyasını dəyişmiş başqa əməkdaşlardan yazır və gizlədilən bu məlumatların sirr olduğunu qeyd edir. "Bax, sirr deyəndə məncə, bunlardan danışmaq lazımdır. Amma təəssüf ki, Qulu müəllim bunları demir. Məncə, bu barədə, eləcə də Alışanovun başqa oyunları haqqında danışmağın zamanı çatıb. Şəxsən mən AzTV sədri haqqında bildiklərimi hər yerdə, o cümlədən məhkəmələrdə də söyləməyə hazıram”,– N.Quliyeva qeyd edib.

AzTV-nin Musiqi Baş Redaksiyasının aparıcı rejissoru olmuş Nərgiz Cabbarlı da həmkarı Nailə Quliyevanın Arif Alışanovu ittiham edən statusuna sosial şəbəkədəki səhifəsində münasibət bildirib.


Gununsesi.info-nun xəbərinə görə, N.Cabbarlı statusunda AzTV sədrinə qarşıkifayət qədər sərt münasibət bildirib:

"Dostlar! Keçmiş iş yoldaşım Nailə Quliyevanın AzTV sədri A.Alışanovun əməlləri ilə bağlı yazdıqları gerçəyi əks etdirir. Bu adamın ləkəli keçmişi, illər boyu maliyyə pozuntularına yol verməsi, adının saxta alqı-satqılarda və başqa kriminallarda hallanması, hətta bunlara görə keçmiş sədr Məmməd İsmayılın təşəbbüsü ilə Bakı Şəhər Prokurorluğunda cinayət məsuliyyətinə cəlb edilməsini hamı bilir. Onun sədrliyə necə gəlməsi, Nizami Xudiyevi "yıxmaq” üçün hansı oyunlardan çıxması, xüsusən də "Xəbərlər”də efir zamanı prezidentə aid materiallarla bağlı kasetlərin dəyişik salınması üçün göstərdiyi "fəaliyyət” hər kəsə bəllidir.

Bircə faktı deyim: AzTV Səhmdar Cəmiyyətə çevriləndə A.Alışanov sədr N.Xudiyevi musiqi kollektivlərini maddi cəhətdən saxlamağın mümkünsüzlüyünə (halbuki bunlar dövlət büdcəsindən maliyyələşir) və onları ixtisar etməyə inandırmış, Xudiyev də bunu iclasların birində demişdi. Bundan istifadə edən A.Alışanov musiqi kollektivlərinin rəhbərini yanına yığıb şərt qoymuşdu ki, mən sizi şirkətdə saxlayacam, amma gərək camaatınız etiraz etsin və Nizamiyə qarşı 1-2 mitinq keçirsin. Həqiqətən də musiqiçilər PrezidentAparatının qarşısında N.Xudiyevi pisləyən mitinq keçirdilər. Onda şirkətdə danışırdılar ki, mitinqə gəlmələri üçün Alışanov bəzi fəallara pul vermiş, avtobus tutmuş, bir də bu mitinqlərin "Lider” kanalında efirə getməsini təşkil etmişdi. Həmin mitinqlərin keçirilməsində Alışanova dirijor Nəriman Əzimov və o vaxt "Space”də çalışan, indi isə AzTV-də Arif Alışanovun rüşvət yığanlarından biri kimi tanınan Nadir Axundov kömək etmişdi. Bütün bunlar ona görə idi ki, N.Xudiyevin gedişi sürətlənsin. Halbuki o zaman Alışanov üzdə Xudiyevə yaltaqlanır, onun ayaqqabılarını cütləyir, bazarlığını edir, evinin zibilini atırdı. Deməyim odur ki, bu gün özünü keçmişindən ayırmaq istəyən alışanovların, nadiraxundovların sifətləri tamamilə başqadır”.

Qeyd edək ki, N.Cabbarlı AzTV-nin aparıcı rejissorlarından olub. Alışanovun onu qanunsuz işdən azad etdiyini deyən AzTV-nin sabiq əməkdaşı Azərbaycandakı bütün məhkəmə instansiyalarını keçib və Avropa Məhkəməsinə şikayət göndərib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net