Vilyam Hacıyev İmişlini özəlləşdirib?
Tarix: 22-02-2016, 10:04 | Çap et
Vilyam Hacıyev İmişlini özəlləşdirib?
Son vaxtlar ölkə mətbuatında ardıcıl dərc olunan çoxsaylı materillardan da belə bir qənaətə gəlmək olur ki, bu gün əhalisinin məmur özbaşınalıqlarından daha çox əziyyət çəkdiyi bölgələrimizdən biri də İmişli rayonudur. Qəzetimizin səhifələrində dərc etdiyimiz yazılarda biz də dəfələrlə bu mövzuya toxunaraq bildirmişik ki, bəzi rayon və bölgələrdə yerli vətəndaşlar, xüsusən də müəyyən sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən insanlar bir çox hallarda regional oliqarxlıq iddiasına düşmüş məmurların təpgisi ilə üz-üzə qalmalı olurlar. Belə ki, bu və ya digər rayonda azacıq da olsa inkişaf perspektivlərinə malik olan hər hansı biznes növü, həmin rayonda yenicə formalaşdığı an, dərhal yerli icra strukturlarının yüksək çinli məmurları tərəfindən nəzarətə götürülür. Təbii ki, iş adamlarına qarşı belə münasibətin sərgilənməsi əslində Azərbaycanda yürüdülən və sahibkarlığın inkişafını nəzərdə tutan dövlət siyasətinə tamamilə ziddir. Lakin görünür bu məqam bəzi məmurları elə də narahat etmir. O cümlədən bizimdovr.az-a daxil olan məlumatlarda da vurğulanır ki, bu gün İmişlinin iqtisadiyyatında elə bir sahə tapmaq mümkün deyil ki, oranı Rayon İcra Hakimiyyəti başçısı Vilyam Hacıyev özünün maraq dairəsinə daxil etməsin. Bu xüsusda rayondan aldığımız məlumatlardan birində deyilir: “Göstərdiyi münasibətdən aydın şəkildə hiss olunur ki, başçı yerli əhalinin sosial rifahının yüksəlməsini istəmir. O, daha çox sahibi olduğu biznesə və yaxın ətrafına vaxt ayırır. Rayonda işsizlik çox yüksək həddə çatıb. Camaat beş-on manat pul qazanmaqdan ötrü min bir məşəqqətlə üzləşir. Ən yaxşı işlərdə Vilyam Hacıyevin yaxın çevrəsindən olan şəxslər çalışır. İmişli camaatı onun əlindən qan ağlayır. Adıçəkilən məmur rayona rəhbər təyin ediləndən sonra hektarlarla otlaq sahələsi məcburi qaydada vətəndaşlardan alınıb. Biznes üçün əlverişli mövqedə yerləşən torpaq sahələrinin hamısı satılıb. Rayonun mərkəzindəki bəzi yaşıllıq sahələri amansızcasına məhv edilib. Lakin bunun hesabını icra başçısından tələb edən yoxdur. Ölkə başçısı bütün regionlarda olduğu kimi, İmişlidə də inkişafın getməsini, rayonun abadlaşmasını istəyir. Bu məqsədlə mütəmadi olaraq dövlət büdcəsindən pul ayırır. Həmin vəsaitlər təyinatı üzrə sərf edilsə, İmişli bölgədə ən gözəl rayonlardan birinə çevrilər. Amma icra başçısının işinə biganəliyi rayonun bərbad hala salınmasının gətirib çıxarıb...”
Digər tərəfdən isə, yeni aldığımız məlumatlarda Vilyam Hacıyevin son vaxtlar gəlir əldə etmək məqsədilə İmişlidə, daha dəqiq desək rayonun kəndlərində məmur yerdəyişmələri həyata keçirdiyi də bildirilir. Bu xüsusda redaksiyamıza daxil olan açıqlamada, deyilənlərə nümunə kimi bəzi “transfer” əməliyyatlarının təfərrüatları təqdim olunur. Bildirilir ki, bu yaxınlarda icra başçısının əmrinə əsasən Aranlı kəndinin icra nümayəndəsi İlham müəllim, bu kənddən 30 km məsafədə yerləşən Hacıalmuradlı kəndinə yeni təyinat alıb. Məzrəli kəndinin icra nümayəndəsi olmuş Elmiq müəllim, Qaradonlu – Gövhərli – Cahar kəndləri üzrə icra nümayəndəsinin müavini təyin edilib. Qaradonlu – Gövhərli – Cahar kəndləri üzrə icra nümayəndəsinin müavini olmuş Vaqif müəllim, Qaraqşlı – Mürsəlli kəndləri üzrə icra nümayəndəsinin müavini vəzifəsini alıb. Qulubəyli kəndində isə, həm icra nümayəndəsi, həm də müavin işdən çıxarılıblar. Buraya icra nümayəndəsi kimi rayonun Otuziki kəndindən Barat adlı bir şəxs təyinat alıb. Onun müavini isə, Qaravəlli kənd icra nümayəndəsinin keçmiş müavini gətirilib. Mənbə bildirir ki, analoji yerdəyişmə əməliyyatları rayonun Boşçalılar kəndində və Bəhrəmtəpə qəsəbəsində də keçirilib.

Qarşı tərəfin də münasibətini dərc etməyə hazırıq.
Vertikal.az





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
26-10-2018 08:30
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055 561-86-85 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net