Cahangir Hacıyevin şirkəti fermerləri müflis edib
Tarix: 14-12-2015, 09:12 | Çap et
Cahangir Hacıyevin şirkəti fermerləri müflis edib
Azərbaycanda kənd təsərrüfatının, xüsusilə də pambıqçılığın inkişaf etdirilməsi üçün 2006-cı ildə “CTZ AQRO” MMC adlı şirkət yaradıldı. İlk illər bu şirkət pambıqçılığın inkişafı üçün müsbət işlər həyata keçirdi, lakin sonralar şirkətə gətirilən rəhbərlər nəinki şirkətə, hətta ölkənin kənd təsərrüfatına ciddi ziyan vurdular.
2015-ci ilin mart ayında “CTZ AQRO” MMC-nin direktorlar şurasının sədri Cahangir Həsənov və şirkətin baş direktoru Cavid Muxtarov iqtisadi cinayətkarlıqda günahlandırılaraq məhkəmə qərarı ilə üç aylıq həbs olundular, hələ də istintaqları gedir. Onların həbsindən sonra şirkət rəhbərliyinə baş direktor əvəzi Elxan Müzəffərov adlı şəxs gətirilmişdi ki, o da əvvəlki rəhbərlərin yaxın adamı hesab olunur. İbrahimov Arif adlı bir nəfər isə özünü şirkətin baş direktoru kimi təqdim edir. Bu şəxs eyni zamanda Cahangir Hacıyevə yaxın adam hesab olunur.
Şirkətin rəhbərliyi uğrunda bu adamlar arasında amansız mübarizə gedir. Bu mübarizənin və rəhbərlikdəki intriqanın acı nəticələrini ən çox hiss edən kənd təsərrüfatında çalışan insanlar, əsasən də pambıqçılardır.
Pambıq yığımı mövsümündə şirkət, müqavilə bağladığı fermerlərdən tədarük etdiyi pambığın pulunu verə bilmədi. Bu ərəfədə kənd təsərrüfatı naziri Heydər Əsədov fermerlərə müraciət etdi ki, pambığı digər tədarükçü şirkətlərə verək.
Bu müraciətdən sonra “CTZ AQRO” MMC-nin nümayəndələri rayonlara gələrək bildirdilər ki, şirkət fəaliyyətdədir və iki dəfə müəyyən faizlə olsa da, pambıqçılara pul ödədilər. Bundan sonra fermerlərdə inam yarandı və nəticədə şirkət fermerlərdən 12 min tona qədər pambıq tədarük etdi. İndiyə qədər fermerlər bu pullarını şirkətdən ala bilmirlər.
Halbuki tədarük olunmuş məhsulun dəyəri ən pis halda 7-8 milyon manat civarındadır.
Pambıqçılıqla məşğul olan rayonlarda deyirlər ki, fermerlərin həmin pulları ilə “CTZ AQRO” MMC şirkətində dövlətin talan edilmiş iki yüz milyondan yuxarı pulu ödəniləcək.
“CTZ AQRO” MMC şirkəti fermerlərlə müqavilə bağlayarkən, qarşı tərəfin təklifləri nəzərə alınmadan birtərəfli qaydada yəni, tam olaraq öz mənafelərinə cavab verən şərtlərlə müqavilə bağlayırlar. Bağlanan müqavilənin bir nüsxəsini qarşı tərəfə verməkdən müxtəlif bəhanələrlə imtina edirlər ki, belə vəziyyətlərdə fermerlər məhkəməyə müraciət edə bilməsinlər.
Bu ilin əvvəlindən şirkət fermerlərlə öz şərtləri ilə bağladıqları müqavilələrin bütün şərtlərini pozublar. Buna baxmayaraq həmin müqavilələrin bir nüsxəsi fermerlərə verilmədiyi üçün fermerlər bu qanunsuzluqlar barədə məhkəməyə müraciət edə bilmirlər. Fermerlər pullarını ala bilməsələr işsizlərin sayı birəbeş artıracaq. “Pul olmayandan sonra biz necə işləyə bilərik? Yüzlərlə adam işsiz qalacaq, bu şübhəsizdir”,- deyə fermerlər bildirir.(istiqlal.az)





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net