Kərəm Həsənovun “ötür-ötür” oyunu
Tarix: 7-12-2015, 10:15 | Çap et
Kərəm Həsənovun “ötür-ötür” oyunu
Şəmkir rayonunun Əliyaqublu kəndində yaşayan 1-ci qrup əlil, vətəndaş Mərdanov Məhəmməd Allahverdi oğlu bizimdovr.az-a ünvanladığı şikayət ərizəsində Azərbaycan Rspublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) rəhbərliyi və əməkdaşları tərəfindən, onun sədri olduğu “Şəmkir Nəqliyyat Ekspedisiya” Açıq Səhmdar Cəmiyyətinin əmlakının özəlləşdirilməsi xüsusunda ciddi qanun pozuntularına yol verildiyini bildirir. Şikayətçinin sözlərinə görə, bu qanun pozuntuları nəticəsində şəxsən onun, eləcə də rəhbərlik etdiyi kollektiv üzvlərinin hüquqları kobud şəkildə pozulmuşdur. Öz ərizəsində Məhəmməd Mərdanov yazır: “Mən uzun illər Şəmkir rayonunun Dəllər qəsəbəsində yerləşən Şəhərlərarası Yükdaşıma Nəqliyyat İdarəsinin müdiri vəzifəsində işləmişəm. Əlli nəfərə kimi həmin təşkilatda işçim olub. Azərbaycan Respublikasında Dövlət Əmlakının özəlləşdirilməsi proqramı ilə əlaqədar Şəmkir rayonunun Dəllər qəsəbəsində Şəhərlərarası Yükdaşıma nəqliyyat idarəsinin təşkilati-hüquqi forması dəyişdirilərək “Şəmkir Nəqliyyat Ekspedisiya” Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir.

Azərbaycan Rspublikası Dövlət Əmlak Komitəsinin 06 yanvar 1998-ci il tarixli 21 saylı sərəncamı ilə “Şəmkir Nəqliyyat Ekspedisiya” ASC-nin səhmlərinin 15 faizinin əmək kollektivinə, 55 faizinin auksionlara və 30 faizinin pul auksionlarına yönəldilməsi qərara alınmışdır. Bu məqsədlə ƏMDK Gəncə şöbəsinin sədri Qocayev Natıq məndən 4000 (dörd min) ABŞ dolları həmin təşkilatın Şəmkir şöbəsinin müdiri Nizamı İsmayılovun yanında aldı. Bundan başqa Nizamı İsmayılovla birlikdə, mən 24 ədəd çekləri Gəncə auksion mərkəzinə təhvil verdim. Bütün bu hərəkətlərim “Şəmkir Nəqliyyat Ekspedisiya” ASC-nin əmlakının özəlləşdirilməsi ilə əlaqədar olmuşdur. Bundan sonra Natiq Qocayev mənə bildirdi ki, mənim verdiyim məbləğ “Şəmkir Nəqliyyat Ekspedisiya” ASC-nin özəlləşdirilməsi üçün bəs edir və o, mənə ASC-nin nizamnaməsini, möhür və ştampını, özəlləşdirmə planını və mənim “Şəmkir Nəqliyyat Ekspedisiya” ASC-nin idarə heyətinə sədr vəzifəsinə təyin edilməyim barədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini N.Nəsibovun RK-713 saylı 17 dekabr 1998-ci il tarixli əmrini təqdim etdi.

Lakin bütün bunlara baxmayaraq, 06 yanvar 1998-ci il tarixdən bu günə kimi mən “Şəmkir Nəqliyyat Ekspedisiya” ASC-nin əmlakını özəlləşdirə bilmirəm. Mən bu məqsədlə aidiyyatı olan dövlət orqanlarına ərizələrlə müraciət etmişəm. Lakim ərizələrim baxılmamış qalmaqdadır. Eyni zamanda da ASC 2000-ci ildən öz fəaliyyətini faktiki olaraq dayandırmış və təşkilatın əmlakının dağıdılmaması məqsədi ilə mən aldığım pensiya pulunun 120 manatını gözətçilərə vermişəm və indiyə kimi də ödəyirəm. Bir qədər sonra isə məlum oldu ki, ƏMDK-nın rəhbərliyi “Şəmkir Nəqliyyat Ekspedisiya” ASC-nin əmlakının 1,3398 payını Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 10, mənzil 33 ünvanda yaşayan Allahverdiyev Eldar Əli oğluna və 68,6524 payını Bakı şəhəri, Cəmşid Naxçıvanski küçəsi, ev 37, mənzil 89 ünvanda yaşayan Seyfullayev Valeh Məhərrəm oğluna satmışdır. Onu da nəzərinizə çatdırıram ki, “Şəmkir Nəqliyyat Ekspedisiya” Səhmdar Cəmiyyətinin əmlakı ölmüş şəxs Seyfullayev Valeh Məhərrəm oğlunun adına rəsmiləşdirilmişdir. Halbuki, ASC-nin əmlakının kənar şəxslərə satılması tam qanunsuzdur. Bu yalnız o halda baş verə bilər ki, cəmiyyətin üzvləri əmlakı satın almaqdan rəsmi qaydada imtina etsinlər. ƏMDK-nın rəhbərliyi “Şəmkir Nəqliyyat Ekspedisiya” ASC-nin əmlakının alınmasına dair mənə və əmək kollektivi üzvlərinə rəsmi qaydada bildiriş verməmiş, qanuna tam zidd olaraq kənar şəxslərə satmışlar. Beləliklə də, ƏMDK-nın rəhbərliyi tərəfindən bizim hüquqlarımız pozulmuşdur. Nəzərinizə çatdırım ki, hələ 2014-cü ilin yanvar ayında Komitənin sədri Kərəm Həsənov məni qəbul edib və müavini Əziz müəllimə tapşırıq verib ki, idarənin fəaliyyətini yoxlasın. Lakin aradan 2 ilə yaxın vaxt keçsə də, yoxlama keçirilməyib. İstərdim ki, ƏMDK məmurlarının mənə qarşı belə qərəzli münasibətindən hamı xəbər tutsun. Bəlkə qurumun sədri Kərəm Həsənovu ictimaiyyətin qınağına tuş gətirməklə, onun mənə qarşı neçə illərdir davam etdirdiyi bu ötür-ötür oynuna son qoyula.”

Materialda adı keçən bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net