Ana Sayfa > Gündəm / Manşet > “Azercell”dən növbəti özbaşınalıq: “Asan imza” üçün ödəniş 2,5 dəfə artırıldı

“Azercell”dən növbəti özbaşınalıq: “Asan imza” üçün ödəniş 2,5 dəfə artırıldı


17-07-2018, 13:31. Yazar: admin
“Azercell”dən növbəti özbaşınalıq: “Asan imza” üçün ödəniş 2,5 dəfə artırıldı
“Nə dəyişdi, hansı xidmətin səviyyəsi yüksəldildi ki, qiymət artımına ehtiyac yarandı?”

Bu fikirləri Yenicag.az-a açıqlamasında “Azercell” şirkətinin “Asan imza” xidməti üçün ödənişi 1 manatdan 2,5 manata qaldırmasını şərh edən millət vəkili Fazil Mustafa deyib.

Fazil Mustafa əksər şirkətlər kimi, “Azercell”in də pul lazım olanda, həmin məbləği vətəndaşdan çıxarmaq yolunu tutduğunu bildirib:

“Belə vəziyyətlərdə qiymət artımı üçün iqtisadi əsaslandırma-filan tələb olunmur ki… Pul tələb olunursa, bunu vətəndaşdan çıxarmaq lazımdır və elə də edirlər. Bizdə bu məsələlərin qanuni təməli onsuz da yoxdur.

Əslində, qiymətlərin nəyə görə belə kəskin şəkildə artırılması haqqında müştəriyə məlumat verilməlidir. Nə dəyişdi, hansı xidmətin səviyyəsi yüksəldildi ki, qiymət artımına ehtiyac yarandı? Ona görə də bu addım qətiyyən anlaşılmır.

Ümumiyyətlə, hansı şirkətin imkanı çatırsa, vətəndaşdan daha artıq məbləğ qoparmağa çalışır. O baxımdan, yenə deyirəm, müştəriyə normal məlumat verilməlidir. Bəlkə doğrudan da, şərtlər bu qiymət artımın zəruri edir. Ancaq məsrəflər artmayıbsa, xidmət haqqı niyə bahalaşmalıdır?”

Millət vəkili “Asan imza” xidmətinin “Azercell”in monopoliyasında olmasına ironik münasibət bildirdi:
“Monopoliyanın olması normaldır. Çünki bizdə monopoliyasız heç bir məsələ həll olunmur.
Məsələyə ciddi yanaşsaq, əlbəttə ki, monopoliya olmasa, daha ciddi rəqabət və inkişaf olar, şirkətlər daha çox məsuliyyət hiss edərlər. Ancaq təəssüf ki, işlərimiz monopoliyasız olmur”.

Qeyd edək ki, “Azercell” bu gün sözügedən xidmət üçün ödənişin 1 manatdan 2,5 manata qədər artırıldığı haqda məlumat yayıb.

Geri dön