Ana Sayfa > Gündəm / Manşet > Mobil operatorların "pulsilmə əməliyyatı": Necə işləyir?

Mobil operatorların "pulsilmə əməliyyatı": Necə işləyir?


9-01-2018, 06:02. Yazar: admin
Mobil operatorların "pulsilmə əməliyyatı": Necə işləyir?
Ölkədə fəaliyyət göstərən mobil rabitə operatorlarının abunəçiləri aldatması, bahalı tarif siyasəti yeritməsi, müxtəlif fəndlər işlədərək əhalinin cibinə girməsi adi hala çevrilib.

Cebhe.info xəbər verir ki, şikayətlər daha çox ölkənin ikinci böyük mobil operatoru olan “Bakcell”dən gəlir. Hansı ki bu şirkət internet trafiklərində, tarif paketlərində, balansa pul yüklənməsində abunəçilərinin cibinə “mahir cibgir” kimi soxulur. Hətta, “Bakcell” son zamanlar müxtəlif maxinasiyaları ilə digər mobil operatorları da kölgədə qoyub.

Mobil operator şirkətinə hər hansı bir problem ilə əlaqədar zəng edən zaman daha ciddi çətinliklər ortaya çıxır. Məlum olur ki, 555 çağrı mərkəzi ilə telefon əlaqəsi yaratmaq lazımdır.

Çağrı mərkəzinə zəng edirsən, avtomatik cavablandırma funksiyası işə düşür, 1-dən 9-a qədər sadalanan nömrələrin hər hansı birini yığan zaman hansı xidmətlərdən yararlanmaq mümkün olduğunu izah etməyə başlayır. Hələ xəttin o başında operatorla danışmaq şansı qazanmaq da başqa bir naxışdır. Sözümüzün canı odur ki, ənənəvi olaraq abunəçilərini müxtəlif problemlərlə üz-üzə qoyan bu mobil operatorla əlaqə saxlamaq da müşkül işdir. Hər hansı bir nazirlə danışmaq, bu mobil operatorlara şikayətini çatdırmaqdan daha asandır.

Görəsən, qiymət siyasətində ciddi hərc-mərclik olan yerli mobil rabitə operatorları niyə pul baxımından asılı olduğu abunəçilərə saymazlıq, hörmətsizlik edir? İstər sosial şəbəkələrdə, istər xəbər saytlarında mobil operatorların ünvanına çoxlu sayda şikayətlər daxil olur. Amma qarşı tərəf susmaq qızıldandır, prinsipini əsas tutur

Yeri gəlmişkən, redaksiyamıza daxil olan məlumatda da, “Bakcell”in müştərilərin cibinə girmək üçün daha bir üsula əl atdığı qeyd olunur. Bundan öncə danışıq dəqiqələrinində və internet tariflərində müxtəlif maxinasiyalar edən mobil operator indi də müştərinin balansına yüklənən konturları silir. Bildirilir ki, bu, mobil operatorların törəmə şirkətləri tərəfindən həyata keçirilir. Belə ki, daxil olan hər hansı mesajlar vasitəsilə bir müddətdən sonra balansınıza yüklənən pul sıfırlanır. Görünür, bahalaşmadan sonra qiymətləri birbaşa qaldırmağa cürət etməyən bu mobil operator itkilərini abunəçilərin balansını mənimsəməklə kompensasiya edir. Təbii ki, bu kimi qiymət oyunları tək “Bakcell”də deyil, digər mobil rabitə operatorlarında mövcuddur. Azərbaycanın mobil rabitə operatorları daha çox pul qazanmağa kökləndiklərindən sektorda rəqabətləri də saxta endirimlərə ünvanlanıb, nəinki texniki yeniliklərə. Bundan əziyyət çəkən isə abunəçilərdir.

Narazılıqlar artıqca məsələnin aktuallığı daha da artır. Ehtimal olunur ki, yaxın zamanlarda bu məsələ Milli Məclisin müzakirəsinə çıxarılacaq və yekun qərar veriləcək. Digər tərəfdən, zaman-zaman Milli Məclis üzvləri də mobil rabitə operatorlarından şikayət edirlər. Bu isə yaxın zamanlarda bu məsələyə kompleks şəkildə aydınlıq gətiriləcəyinə ümid yaradır. Ümid edək ki, yaxın zamanlarda rəsmi səviyyədə bu məsələyə aydınlıq gətiriləcək və müvafiq qanunlar çərçivəsində tənzimlənəcək.

Geri dön