Kərəm Həsənov Bakıda ən böyük layihəyə sahiblənmək istəyir
Tarix: 3-03-2018, 07:52 | Çap et
Kərəm Həsənov Bakıda ən böyük layihəyə sahiblənmək istəyir
Növbədənkənar prezident seçkilərinə paralel olaraq, seçkidən sonra hakim komandada həm struktur, həm də ciddi kadr islahatlarına start veriləcəyi xəbəri günün əsas mövzusudr.

Reyting.az-ın məlumatına görə, bu barədə verilən şərhlərdə seçkilərindən sonra hakimiyyətin köklü kadr islahatına gedəcəyi də iddia olunur. Bildirilir ki, İlham Əliyevin qarşıdan gələn 7 illik prezidentliyi dönəmində (onun seçiləcəyinə şübhə yoxdur – red.) yeni çevik və gənc komanda ilə işləyəcəyinə dair kurs götürüləcək. Xüsusilə də, Nazirlər Kabinetinin daha funksional bir icra aparatına çeviriləcəyi də bildirilir. Əsrin dörddə biri qədər Azərbaycanın baş naziri olan 83 yaşlı Artur Razi-zadənin də vəzifədən kənarlaşdırılacağı şübhə doğurmur.

Bu əsaslı şərhlər hakim komandada təmsil olunan nüfuzlu nazirlər, komitə rəhbərləri və agentlik rəhbərləri arasında bir qədər narahatlıq yaradıb. Xüsusilə də hökumətin iqtisadi blokunda təmsil olunanları haqlı olaraq belə bir sual narahat edir: hakimiyyətin yeni iqtisadi komandadasında onlar təmsil oluna biləcəklərmi?

Azərbaycanda kadr təyinatları ilə bağlı verilən proqnozların əkəriyyətinin özünü doğrultmadığını nəzərə alsaq, indidən hansısa konkret mülahizələr üzərində dayanmaq doğru olmazdı. Ancaq seçkidən öncə baş verən müəyyən hadisələr, köhnə komanda üzvlərindən bəzilərinin yerlərini artıq möhkəmləndirdiyi qənaətini yaradır. Məsələn, bir neçə həftə əvvəl reallaşan orta səviyyəli kadr təyinatları, mövqeyi zəifləmiş Dövlət Əmlak Komitəsinin rəhbəri Kərəm Həsənovun yeni komandada yer alacağı qənaətini gücləndirib.

Mənbəmiz bildirib ki, "MTN işi”ndə Eldar Mahmudovun komandası ətrafında baş verən hadisələr zamanı ən çox hədəfə gələn vəzifəlilərdən biri də Kərəm Həsənov olub. Hətta MTN “küləyi”nin Kərəm Həsənovdan vaz keçməyəcəyi bildirilirdi:

“Etiraf edək ki, buna kifayət qədər ciddi əsaslar var idi. Onun qardaşı, qayınatası və s. qohumlarının məhz Eldar Mahmudovun nazir təyinatından sonra MTN-də yüksək postlara gətirilməsi və digər məsələlər ortada olan iddiaların etibarlılığını artırırdı. Elə buna görə də Kərəm Həsənov mətbuatdakı “emissar”ları vasitəsi ilə bu yöndə olan yazıları dayandırmağa çalışırdı. Sanki onun əsas qorxusu ictimai təzyiq idi və bundan qurtulduqdan sonra hakim komandadakı mövqeyini bərpa edəcəkdi. Görünür, o, haqlı imiş. Belə ki, “vurulacağı” gözlənilən Kərəm Həsənov ən yaxın kadrı olan Cəlilabadın icra başçısı Əziz Əzizovun Yasamala, tabeliyində olan Namiq Zeynalovun (O, bu təyinata qədər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalışıb-red.) isə Cəlilalabada başçı gönədrilməsinə nail olmaqla, həm rəqiblərinə, həm də “vurulması”nı gözləyənlərə mesaj verdi. Düzdür, ölkədəki kadr təyinatları ilə bağlı son söz ölkə başçısına məxsusdur və bu yöndə kimsə ona təzyiq etmək gücündə deyil. Ancaq orta səviyyəli məmur təyinatlarında komanda üzvlərinin təqdimatına hakimiyyət dəhlizlərində hər zaman önəm verilib. Yetər ki, bu təqdimatı irəli sürənlər etibarı itirmiş adam olmasın. O üzdən Kərəm Həsənovun Əziz Əzizovla bağlı təyinatla artıq etibarı bərpa etdiyini əminliklə söyləmək olar”.

Məlumata görə, K. Həsənovun Ə. Əzizovun Yasamala başçı təyinatını istəməsinin bir neçə səbəbi var:

“Birincisi onların uzun illərə söykənən biznes ortaqlığıdırsa, ikincisi “Sovetski”də gözlənilən 2010 ev və obyektin sökülərək yerində yeni işlərin görülməsi kimi həddən artıq çox pulun dövriyyədə olduğu böyük layihədir. Kərəm Həsənov Əziz Əzizov vasitəsi ilə bu layihənin qeyri-rəsmi sahibi kimi bir qədər də həm maddi, həm də siyasi baxımdan önə çıxma imkanını fürsət bilir”.

İddialara görə, K. Həsənovun bu uğuru onu Artur Rasi-zadədən boşalacaq baş nazir postuna can atmağa da həvəsləndirib:

“Düzdür, bu post uğrunda onun çox ciddi, hətta eyni qrupda təmsil olunduğu şanslı vəzifə sahibləri ilə üz-üzə gələcəyi sirr deyil. Bu səbəbdən onun baş nazir planının reallaşması çətin görünür. Lakin son proseslərdən sonra bu sürpriz də istisna olmaya bilər”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net