Lerikin icra başçısı prezidenti belə aldatdı – Yol tamamlanmayıbsa…
Tarix: 5-11-2015, 09:46 | Çap et
Lerikin icra başçısı prezidenti belə aldatdı – Yol tamamlanmayıbsa…
Lerik rayonunun bir qrup sakini İcra Hakimiyyətinin qarşısında etiraz aksiyası keçirməyə hazırlaşır.
Bu barədə redaksiyaya rayon sakinləri müraciət ünvanlayıblar. Onlar bildiriblər ki, icra başçısı Rövşən Bağırov və müavini Cəlil Baxşıyev, həmçinin rayonun deputatı İqbal Məmmədv mediaya rayonla bağlı yalan məlumatlar ötürür, rayonda görülən işlər şişirdilərək təqdim edilir.
Sakinlərin sözlərinə görə, 8 kəndi özündə birləşdirən Osyodərə kənd ərazi nümayəndəliyi və 5 kəndi əhatə edən Züvüç kənd icra nümayəndəliyi ərazisində vəziyyət olduqca acınacaqlıdır. Belə ki, prezident İlham Əliyevin sərəncamı ilə “Noda-Şingədulan-Xanagah” yolunun çəkilməsi üçün ayrılan vəsait mənimsənilib. Yol isə yarımçıq saxlanılıb. İcra Hakimiyyəti isə mediaya ötürdüyü “zəhmətkeş məktubları”nda və məlumatlarda yolun təmirinin başa çatdığını vurğulayır.
Bu yazılardan biri də “Azərbaycan” qəzetinin 18 oktyabr sayında “Lerik seçkilərə hazırdır” başlığı ilə dərc olunub. Müraciətdə bildirilir ki, yazının müəllifi Həmzə Vəliməmmədov Lerik icra hakimiyyəti başçısının müavini və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədovanın atasıdır. Aydın görünür ki, Rövşən Bağırov və rayonun faktiki nəzarətini əlində cəmləşdirən müavini Cəlil Baxşıyev mediaya yalan və şişirdilmiş məlumatlar ötürürlər: “Əvvəla Lerikdə seçki inzibati resurslardan istifadə etməklə keçirilib. Bütün nəticələr İqbal Məmmədovun xeyrinə saxtalaşdırılıb. İqbal Məmmədova real olan rəqiblərin bir çoxu imzatoplama dövründə 78 saylı DSK tərəfindən qeydiyyata almayıb, onların imzaları əsassız olaraq saxta çıxarılıb. Belə bir məqamda Lerikdə seçkidən və ədalətdən danışmaq yersizdir”.
İcra başçısının sifarişi ilə göndərilən yazıda vurğulanır: “Lerik-Kəlvəz, Noda-Şingədulan-Xanəgah yollarının tikintisi başa çatdırılıb, 45 kilometrə asfalt döşənib, kiçik çaylar üstündə körpülər salınıb. Bu yollardan 123 kəndin əhalisi istifadə edir, yüklər rahat daşınır, sərnişinlər vaxtında mənzil başına çatdırılır”.
Sakinlər isə bununla razılaşmır və məlumatın məqsədli şəkildə yazıldığını deyirlər: “Bu məlumat da yalandır və Noda-Şingədulan-Xanəgah yolu Ağçay kəndinə qədər çəkilib. Xanagaha qədər olan hissə isə bərbad gündədir. Faktiki Prezidentin sərəncamı “yarımçıq” saxlanılıb. İndi öz işçilərinin yaxınlarına, bu azmış kimi müavinlərinin yaxınlarına mediaya belə “zəhmətkeş məktubu” göndərən icra başçısı yoxa çıxan 7 milyon manatı bu şəkildə rəsmiləşdirmək istəyir. Ona görə də biz bu məsələni belə qoymayacağıq. Bütün etiraz vasitələrindən istifadə edəcəyik. Əgər rayonda bizim tələblərimiz yerinə yetirilməsə, Bakıya üz tutub Prezident Adminstrasiyasına gedəcəyik”, – sakinlərin müraciətində deyilir.
Mövzunu diqqətdə saxlayacağıq.

Lerikin icra başçısı prezidenti belə aldatdı – Yol tamamlanmayıbsa…





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net