Hərbçilərin maaşlarını kim və niyə kəsdi? - Prezident işə qarışıbsa...
Tarix: 27-02-2021, 08:59 | Çap et
Hərbçilərin maaşlarını kim və niyə kəsdi? - Prezident işə qarışıbsa...
Qarabağ bölgəsinin işğaldan azad edilmiş ərazilərindəki hərbi hissələrdə qulluq keçən hərbçilərin əmək haqqının birqat hesablanması ilə bağlı problem hələlik həllini tapmayıb. Bu hissələrdə xidmət edən hərbçilər 10 noyabr razılaşmasından sonra müharibə vəziyyətinin aradan qalxmasına rəğmən həyat üçün təhlükəli yerlərdə xidmət keçdiklərini bildirərək, əmək haqlarının azalmasından narazılıq edirlər.

Bu günlərdə məsələ ilə bağlı sosial şəbəkə hesabından fikirlərini bölüşən Milli Məclisin üzvü Kamal Cəfərov məsələnin Nazirlər Kabinetinin xüsusi qərarı ilə kompleks həll olunacağını qeyd edib.

Tanınmış Qarabağ qazisi, Qarabağ Qaziləri İctimai Birliyinin funksioneri Rey Kərimoğlu isə bildirir ki, hökumətin tətbiq etməyə hazırlaşdığı əlavələr ikiqat maaşı əvəz etməyəcək: “Bildiyiniz kimi, ön cəbhədə xidmət keçən hərbçilərimizin maaşı 1998-ci ildən 2 qat hesablanırdı. İki aydır onların maaşı 1 qat kəsilib. Bunu həll etmək əvəzinə yüksəklikdə xidmətə görə 10-30 faiz əməkhaqqına əlavələrdən danışırlar. Əlavə ümumilikdə 50-100 manat arası olacaq, 1 qat əməkhaqqı isə 450-1000 manat arası idi. Göründüyü kimi, bütün hallarda ön cəbhədəki hərbçilərin əməkhaqqı noyabrdakına nisbətən xeyli azalıb və bundan sonra da belə etmək istəyirlər”.

Onu da qeyd edək ki, iki gün əvvəl Ermənistana sərt xəbərdarlıq edən Prezident İlham Əliyev Azərbaycan ordusunun mümkün bütün variantlara tam hazır olduğunu deyib: “Amma bir neçə gün əvvəl eşitmişəm ki, indi onların müttəfiqləri Ermənistan ordusunu yenə də canlandırmaq istəyirlər, onları modernləşdirmək istəyirlər. Nəyə görə? Kimə qarşı? Müharibə başa çatıb. Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır. Belə bir faşist dövlətdə ordu olmamalıdır. Biz heç vaxt imkan vermərik ki, bizim üçün hər hansı bir təhlükə yenidən yaransın, yaxud da ki, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlarımız hər hansı bir risk hiss etsinlər.

Biz bütün işlərə nəzarət edirik. Biz ordumuzu bundan sonra da gücləndirəcəyik. Yeni kontraktlar imzalanıb, ən müasir silahlar alınır, artıq onlar gətirilir. Dünyada hansı müasir silah varsa, onlar da artıq kontraktlanıb və Azərbaycana gətiriləcək. Müharibə, eyni zamanda, ordunun gələcək təkmilləşdirilməsi məsələlərini də üzə çıxarıb. Aparılacaq islahatlar daha da çevik, daha da döyüşkən və döyüş qabiliyyəti yüksək olan ordunun yaranmasına gətirib çıxaracaqdır".

Göründüyü kimi, Prezident Azərbaycan ordusunun ən müasir silahlarla təchiz edilməkdə olduğunu qeyd edərək, ermənilərin revanş hazırlıqlarından da məlumatlı olduğunu vurğulayıb. Bu isə ölkə rəhbərinin erməniləri cəzalandırmaq üçün yeni hərbi əməliyyatların aparılmasını istisna etmədiyini göstərir. Müharibə riskinin qaldığı bir zamanda ordunun mühüm hissəsini təşkil edən hərbçilərin əmək haqqı ilə bağlı narazılığın yaşanması cəmiyyətdə birmənalı qiymətləndirilməməkdədir.

Polkovnik Şair Ramaldanovun “Yeni Müsavat”a dediyinə görə, hərbçilərin pul təminatının azalması narahatedici haldır: “Düşünürəm ki, bununla bağlı narahatlıqlar düzgündür. Çünki maaşlarda həqiqətən azalma var. Azərbaycan Prezidenti cənab İlham Əliyev zəfər qazanmış şanlı ordumuzun heyətinin sosial-məişət və digər problemlərinin həllini həmişə diqqət saxlayır, bu istiqamətdə lazım olan tapşırıqları verib. Mən deyərdim ki, bəli, artıq təmas xətti, döyüş bölgəsi yoxdur. Bizim hərbçilərin pul təminatı ilə bağlı Nazirlər Kabinetinin qərarları məhz bu terminlər və şəraitə uyğun hazırlanıb. İndi o qərarların yeni şəraitə müvafiq terminlərə uyğunlaşdırılmalıdır. Hazırda bunun üzərində çox ciddi iş gedir. Əmin olmaq istəyirəm ki, dağlıq şəraitdə, Ermənistanla sərhədlərdə, həmçinin mürəkkəb şəraitdə yerləşən hərbi hissələrimizdə qulluq keçən hərbçilərin əmək haqqı təyinatı elə aparılacaq ki, gəlirləri əvvəlkindən az olmayacaq. Və qanunvericilik uyğunlaşdırılandan sonra hərbi qulluqçularımız ötürülən müddət üzrə də maaşlarının yeni əlavələrlə hesablandıqda qalan hissəsini ala biləcəklər”.

Polkovnik deyir ki, ilin ilk aylarında maaşların ödənməsi ilə bağlı qanunvericiliyin dəyişməsi ilə bağlı gecikmələr əvvəllər də olub: “O zamanlar az verilən hissə sonra yenidən maaşın üzərinə əlavə edilib ödənilib. Yəqin ki, bu dəfə də belə olacaq. Düşünürəm ki, yaxın günlərdə hərbçilərimiz yeni qanunvericiliyə uyğun olaraq, öz pul təminatlarını əvvəlki aylardan qalanlarla birlikdə alacaqlar. İndiyədək biz hərbçilərin pul təminatının davamlı olaraq artdığını görmüşük. Bundan sonra da belə olacağına əminəm. Hesab edirəm ki, Ermənistan kimi gözü başqalarının torpaqlarında olan, daim revanşist hisslərlə yaşayan bir ölkə ilə qonşuyuqsa, daim barıtı quru saxlamalı, mümkün təhdidlərə hazır olmayılıq. Bunun üçün də ordumuzu daim gücləndirməli, onun maddi-texniki bazasını ən yeni silahlarla zənginləşdirməliyik. İki gün əvvəl cənab Prezident də bunu dedi, bildirdi ki, müharibədən çıxarılan dərslər əsasında Azərbaycan ordusu ən yüksək səviyyəyə çatdırılacaq. İnanıram ki, biz Ali Baş Komandanın rəhbərliyi altında buna tezliklə nail olacağıq, silahlı qüvvələrimizi döyüş təcrübəsi keçmiş heyəti ilə birlikdə ən müasir və professional ordu səviyyəsinə çatdıracağıq ki, hər hansı təxribatın qarşısını dərhal ala bilsin”.

Hərbi ekspert Ədalət Verdiyev hesab edir ki, çətin iqlim şəraitində, yüksək dağlıq ərazilərdə xidmət edən hərbçilərin maaşının birqata endirilməsində tələskənliyə yol verilib: “Öncədən müvafiq qanunvericiliyi hazırlayıb, sonra ön xətdə yerləşən, döyüşlərdə iştirak edən hərbi hissələrin yerləşmə şəraitini normal hala gətirib, ən sonra maaşlarla bağlı qərar verilməliydi. Bu gün münaqişənin tamamilə həll olunduğunu demək mümkün deyil. Cənab Prezidentin də qeyd etdiyi kimi, erməniləri silahlandırmağa, yenidən təxribatlara sövq etməyə çalışanlar var. Üstəlik, problemin yekun həllinə dair sülh müqaviləsi hələ imzalanmayıb. Bu baxımdan, bilavasitə hərbi əməliyyatların getmiş olduğu, yenidən bərpası ehtimalı yüksək olan yerlərdəki hərbi qulluqçuların maaşları 2 qat ödənməyə davam etməliydi”.

Ekspert qeyd edir ki, hərbçilərin maaşlarına hazırlanan dəyişikliklərdə 10-30 faizlik əlavələrdən söhbət gedir: “Bu isə ikiqat maaşı əvəz edə bilməz. Ona görə də düşünürəm ki, aidiyyəti qurumlar bu məsələlərə həssas yanaşmalıdılar. Bu baxımdan, Milli Məclisin bir sıra üzvlərinin narahatlıqlarını yerində hesab edirəm. Bundan başqa, hazırda sərhəd bölgəsində olan Sərhəd Qoşunları hissələrində maaşlar 2 qat hesablanır. Bu isə hərbçilər arasında ayrı-seçkilik kimi yozdurulur. Buna görə də hesab edirəm ki, belə məsələlərdə çox həssas və ehtiyatlı davranılmalıdır. Ümid edirəm ki, tezliklə məsələ hərbçilərin maraqları nəzərə alınmaqla həllini tapacaq”.

Onu da qeyd edək ki, Qarabağ bölgəsindəki hərbçilərin maaşı ilə bağlı yaranan problemə Azərbaycan Respublikasının Birinci-vitse prezidentinin köməkçisi Elçin Əmirbəyov da münasibət bildirib: “Hərbçilərin maaşları ilə bağlı məsələ birbaşa dövlət rəhbərliyinin nəzarəti altındadır”.

E.Əmirbəyov vurğulayıb ki, Azərbaycan dövləti öz əsgərinin qayğısına qala biləcək bir dövlətdir: “Ümid edirəm ki, bu məsələdə hər hansı çətinliklər varsa, onlar da tez bir zamanda aradan götürüləcək” (APA).
“Yeni Müsavat”




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net