20 Yanvar dairəsi - Fazil Mustafanın yazısı
Tarix: 9-06-2020, 15:07 | Çap et
20 Yanvar dairəsi - Fazil Mustafanın yazısı
Milli Şura adlanan dəstənin Zoomağazasında həmin şuranın buğası Cəmil Həsənlinin hakimiyyətlə dialoqa gedən partiya rəhbərləri ilə bağlı ifadəsi kimsəni təəccübləndirməməlidir. Cəmil Həsənli qeyd edir ki, "hakimiyyətlə dialoqa gedən hər kəs tryapkadır və onlarla heç ayaqqabı da silmək olmur". Ona görə təəccübləndirməməlidir ki, bu ifadəni ancaq belə bəlağətlə ömür yolu bu tryapkalıqdan keçən birisi söyləyə bilərdi. Həqiqətən düşündürücüdür, bu insan ABŞ kimi dövlətə sığınıb, hər gün CNN izləyir, ABŞ siyasi həyatı ilə tanışdır, orada dialoqa necə yanaşılır, dialoq mədəniyyəti nədir, doğrudanmı anlamaq iqtidarında deyildir? Hərdən ABŞ prezidentinin Azərbaycan göndərdiyi məktublaradamı göz atmır bu Milli Şuranın buğası? Həmin məktublarda bizi hər dəfə torpaqlarımızı işğal etmiş ermənilərlə belə dialoqa getməyə çağırırlar, doğrudanmı buna da diqqət yetirməyib. Bu gün karantin rejimini qoruyan Azərbaycan polisinə zibil atan qadınlarla, hakimiyyətlə dialoqa müsbət yanaşan siyasi partiyalara tryapka atan Cəmil Həsənlinin düşüncələri arasında hansısa fərqi görürsünüzmü? O qadınlar demək istəyir ki, karantin rejimindən bezmişik, qoy xəstələnib ölək, təki bizi sərbəst çölə çıxmağa buraxın. Bunlar da demək istəyir ki, müxalifətdə qalmaqdan bezdik-tükəndik, bizə hakimiyyət verin. Bu zibil atanlar bəlkə də ömründə bir dəfə də olsun Azərbaycandan kənara çıxmayıblar, bəlkə də təhsilsizdirlər, törətdikləri əməlin fərqində deyillər. Ancaq Cəmil Həsənli "həftə səkkiz mən doqquz" demokratiyanın beşiyi sayılan ölkələrdədir, əgər bu ölkələri gəzəndən sonra da deyirsə ki, dialoqa gedənlər tryapkadırlar, o halda eyni məntiqlə vətəndaş qarşıdurması istəyənlər də zanbaq gülü hesab olunmalıdır?

Tryapkadan söz düşmüşkən, 2000-cü ildən sonra hakimiyyətlə gizli dialoqa gedərək parlamentdə təmsilçilik qazanan AXCP Milli Məclisin iclaslarına qatılmamaq barədə qərar qəbul edərkən, həmin partiya sıralarından siyahıya salınmış Cəmil Həsənli bu qərara etiraz edərək hakimiyyətlə dialoqa davam etmişdi, hətta partiya sıralarını da buna görə tərk etmişdi, o zaman dialoqa müsbət yanaşdığına görə tryapka olmuşdu, yoxsa əski parçası? Sonrakı illərdə də parlamentdə təmsil olunanda, hakimiyyətin "ərköyün" ziyalısı statusunu qazananda öz qələminə tryapka kimi sarılıb kimlərin döşəməsini sildiyini yoxsa ahıl yaşında unutmuş durumdadır?

Xatırlayıram, xalq hərəkatının ən yüksələn vaxtında Vəzirov AXC-yə dialoq təklif etdi. Dedi ki, Sovet rejimi hələ güclüdür, gəlin Ali Sovetə 50 adamınızı keçirdək, tədricən Baltikyanı ölkələrdə olduğu kimi prosesləri demokratikləşməyə doğru aparın. Bu təkliflə Əbülfəz bəy razılaşsa da, cəbhə radikalizminin təmsilçiləri qəti qərarlarını açıqladılar: biz 360 yerin hamısını istəyirik! Bitdi. Dialoq olmadı. Əvəzində nələr olduğunu hamımız dərimizdə yaşadıq. Azərbaycanda siyasi proseslərin dinc məcrada getməsinə xalq adı ilə hökm verən kütlənin qorxusundan razılaşa bilmədik. Mütəllibovla da dialoqa gedənə satqın dedik, Heydər Əliyevlə də. Özümü kənara çəkmirəm, deyənlərin, yazanların, ittiham edənlərin başında mən də gəlirdim. Bəlkə də o dövrün aurasında bu davranışları anlamaq mümkün idi, lakin illər keçdikdən sonra hələ də bu kiçik ölkədə dialoqa münasibətini "tryapka" məntiqi ilə bildirən, həm də bunu dialoq mədəniyyətinin beşiyi olan bir ölkədən bildirən bir siyasətçi-buğanı görəndə xalqın gələcəyi ilə bağlı nikbin proqnozları yaxına buraxmaq çətin olur. İndi prezident İlham Əliyev də dialoq çağırışı edib, öz təmsilçisi vasitəsilə bütün partiyalara əməkdaşlıq təklif edir, parlamentin idarəçilik konfiqurasiyasında köklü dəyişikliklər edir, deməliyik ki, biz vətəndaş barışından imtina edirik, biz dialoqa nifrət edirik, siz hakimiyyəti bizə verməyincə sizinlə barışmayacağıq? Bu kiçik ölkədə bir millətin təmsilçilərinin dialoq içində problemləri müzakirə etməsi, ölkə həyatında bütün siyasi qüvvələrin hüquqi çərçivədə iştirakına aparan yolun açılmasına çalışılması əlbəttə ABŞ-da və başqa yerlərdə oturub ölkənin xaosa sürüklənməsini gözləyən tryapkaları rahatsız edəcək. Ancaq bu tək alternativsiz yoldur, bu ölkənin demokratikləşməsini danışaraq, uzlaşaraq etməzsək ötən əsrin doxsanıncı ilindən bəri baş vurmadığımız 20 yanvar dairəsinə yenidən dövrə vurmalı olacağıq.

Səmimi deyim ki, Cəmil Həsənli kimiləri də gavurların döşəməsində tryapka kimi görməyimə də çox kədərlənirəm. Azərbaycanda səmimi dialoq mühiti yaratmalıyıq ki, bu tryapkaları yenidən öz dövlətimizin döşəməsinə qaytaraq.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net