AŞPA Qarabağı, işgəncə altında olan girovları unudur, kin yuvasına çevrilir – TƏHLİL
Tarix: 6-06-2020, 14:08 | Çap et
AŞPA Qarabağı, işgəncə altında olan girovları unudur, kin yuvasına çevrilir – TƏHLİL

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycana qarşı qərəzli mövqe tutan beynəlxalq təşkilatlardan biridir.

Gəlin, məsələyə siyasi opponetlərin söylədiyi arqumentlərlə yox, məntiqi mülahizələrlə yanaşaq.

AŞPA insan hüquqlarının pozulması, siyasi məhbus, polis zorakılığı barədə xeyli sənəd qəbul edir, amma bu yanaşma daha çox qərəzli olduğu ölkələrə münasibətdə özünü büruzə verir.

Söhbət insan hüquqlarının qorunmasından, həmin istiqamətdə prinsiplərin müdafiəsindən gedirsə, bu zaman ayrı-seçkilik yolverilməzdir.

“Sən güclü dövlətsən, qüdrətlisən” deyib, həmin ölkədə baş verənlərə qarşı məzar sükutu nümayiş etdirməyin bir adı var – siyasi riyakarlıq.

Ancaq AŞPA üçün kiçik ölkələrə qarşı resurslarını səfərbər etməsi həmişə aktual olub. Məsələ burasındadır ki, AŞPA-nın hücum taktikasının qayəsində qərəz və ikili standartlar dayanıb.

Prezident İlham Əliyev 2020-ci il iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında AŞPA-nı sərt şəkildə tənqid edib.

Dövlət başçısı Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış separatçı Dağlıq Qarabağ rejimində keçirilmiş “parlament və prezident seçkiləri”ndən danışıb. O bildirib ki, xunta rejiminin keçirdiyi saxta seçkilər bir şou və təlxəklər tamaşasıdır.

Qeyd edək ki, dünyanın heç bir dövləti Azərbaycanın işğalda olan ərazilərində illərdir davam edən məzhəkələrin nəticələrini tanımayıb.

Hətta Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyası ilə çıxış edən ATƏT-in Minsk qrupu həmsədrləri – Amerika, Fransa, Rusiya qondarma rejimdə keçirilən seçkiləri və nəticələrini tanımadıqlarını bildiriblər. Avropa İttifaqı da eynilə seçkiləri tanımadığını bəyan edib.

Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınayıb.

Məsələyə təkcə Avropa Şurası münasibət bildirməyib və yuxarıda adları keçən dövlətlərin və beynəlxalq təşkilatların sırasına qurum qoşulmayıb.

Məgər Dağlıq Qarabağ münaqişəsinin yaratdığı vəziyyət insan hüquqları barədə durumu da özündə ehtiva etmirmi? Ermənistanın işğalı zamanı Qarabağda azərbaycanlıların etnik təmizləməyə məruz qalması, sonradan orada separatçı rejimin yaradılması insan hüquqları kontekstindən də nəzərdən keçirilə bilməzmi? Görünür, AŞPA-nın Qarabağ münaqişəsinə və ümumilikdə, Azərbaycana münasibətdə bu prinsiplər “yadına” düşmür.

Avropa Şurası qitədə yüz illərdir formalaşan bəşəri və insani dəyərləri diqqətə almadan xunta rejiminin, işğalçının, Xocalıda Azərbaycanın mülki əhalisinə qarşı soyqırımı edən, narkotik və silah qaçaqmalçılığı mərkəzi olan qondarma qurumun demokratik dəyərləri kobud şəkildə pozmasına səssiz qalıb.

AŞPA Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin pozulmuş hüquqlarının bərpası ilə bağlı kiçik də olsa, bir fikir səsləndirmir. Halbuki, onların işgəncə altında saxlanıldığı heç kim üçün sirr deyil.

Azərbaycanı tənqid etmək üçün ən kiçik fürsətdən belə yararlanmağa çalışan AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Roger Qey “seçki şousu”na indiyədək qəribə səssizlik nümayiş etdirirlər. Göründüyü kimi, qərəz və kin yuvası olan AŞPA bir daha mötəbər olmağı bacarmır.

Azərbaycana qarşı AŞPA-da antipatiyanın daha da güclənməsinin kökündə, şübhəsiz ki, 2013-cü ildə Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı qondarma hesabatının səsvermə ilə rədd edilməsi dayanır.

Bu məğlubiyyətdən sonra anti-Azərbaycan qüvvələri siyasi qəddarlıqlarını daha da artırıblar.

Revanş hissi ilə yaşayan həmin qüvvələr ilk növbədə ölkəmizdə keçirilən mühüm tədbirlər ərəfəsində, eləcə də keçirildiyi zaman Azərbaycanı qaralamağa başladılar. Bunun kampaniya olduğu və kimlərsə tərəfindən idarə edildiyi dərhal aydın şəkildə sezilirdi.

Prezident İlham Əliyev Avropa Şurasının Qarabağdakı qondarma seçkilərlə bağlı susmağının səbəbini izah edib. Qeyd edib ki, AŞPA-nın əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, dövlətimizi gözdən salmaq, haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, ölkəmizdə “beşinci kolon”u, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir.

“Ona görə, Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, ədalətdən, demokratiyadan və beynəlxalq hüquqdan söhbət gedə bilər!”, - deyə Prezident əlavə edib.

Ölkə başçısı AŞPA-nın Azərbaycanla bağlı qəbul etdiyi qətnamələrə də münasibət bildirib və söyləyib ki, həmin sənədlər kağız parçasından başqa bir şey deyil.

“Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir. Bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanofobiya hökm sürür. Bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanofobiyadır”.

Prezident İlham Əliyev Avropa Şurası ilə münasibətləri xarakterizə edərək, bütün bu ittihamları artıqlaması ilə onların özlərinə qaytardıqlarını, indi dünyanın bəzi ölkələrində nələrin baş verməsi ilə bağlı bu qurumdan bəyanat verməsini gözlədiklərini qeyd edib.

İlham Əliyev Qərb dövlətlərinin özlərində polis zorakılığının, nümayişçilərə qarşı tətbiq edilən gücün, onların öldürülməsinin, kütləvi surətdə həbslərin, jurnalistlərin döyülməsinin, həbs edilməsinin müşahidə edildiyinə diqqət çəkib.

“Açsınlar gözlərini, baxsınlar və utansınlar ki, susublar. Nəyə görə? Çünki güclü dövlətlərdən qorxurlar. Hesab edirlər ki, bu məsələnin insan haqlarının qorunmasına aidiyyəti yoxdur. Ona görə, bu qurumun riyakar mahiyyəti heç kim üçün sirr deyil və bizi də heç maraqlandırmır, onlar bu saxta seçkiləri tanıyıblar, yoxsa yox”, - deyə Prezident əlavə edib.

İkinci bir tərəfdən, Qərb dövlətləri və AŞPA Qarabağdakı “seçkilər”in koronavirus pandemiyasının tüğyan etdiyi zamanda keçirilməsinə belə göz yumdular. Hətta BBC kimi nüfuzlu media şirkəti seçkilərlə bağlı xəbərləri “Koronavirus vaxtı seçkilər” kimi manşetə çıxararaq, bunu bir “cəsarət nümunəsi” kimi təqdim etməyə çalışdı.

Dağlıq Qarabağ xunta rejimində “prezident və parlament seçkiləri” zamanı insan həyatına bu qədər ucuz dəyər verilməsi, bütün dünya koronavirus pandemiyasına qarşı ümumi mübarizə edərkən, Ermənistanın pandemiyaya qarşı gərəkli önləyici tədbirləri almamasının da diqqətdən kənarda qalması qərəzin nümunəsidir.

İlham Əliyev AŞPA-nın fəaliyyətinin bəşəri dəyərlərlə və beynəlxalq hüququn prinsipləri ilə üst-üstə düşmədiyinə işarə edib.

AŞPA-nın 2020-ci ilin yanvarında keçirilmiş qış sessiyasında Qaregin Njde kimi əli günahsız insanların qanına batmış və faşistlərlə əməkdaşlıq etmiş birinə mədhiyyələr oxuyan Ermənistanın deputatı Azərbaycanı faşizmlə əlaqələndirib. Təəssüf ki, bu kimi hallarda AŞPA rəhbərliyi tərəfindən məsələyə adekvat reaksiya verilmir. Sual olunur: AŞPA kimin tərəfindədir? Faşistlərlə əməkdaşlıq etmiş Qaregin Njdeni dövlət səviyyəsində qəhrəmanlaşdıran Ermənistanın, yoxsa mədəniyyətlərarası və dinlərarası dialoqu özünün xarici siyasətinin əsas prioritetlərindən birinə çevirmiş Azərbaycanın?!

Bu faktları ümumiləşdirib məntiqi nəticə çıxarmaq mümkündür: AŞPA kimi təşkilat beynəlxalq mötəbərlilik statusunu çoxdan itirib və özünü daha çox marginal qrup kimi aparır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net