NİKOYL BANK ŞUŞALI MƏCBURİ KÖÇKÜNÜ BORCA GÖRƏ HƏBS ETDİRİB
Tarix: 19-05-2016, 13:56 | Çap et
NİKOYL BANK ŞUŞALI MƏCBURİ KÖÇKÜNÜ BORCA GÖRƏ HƏBS ETDİRİB
Xəzər rayon məhkəməsinin hakimi Rəşad Həsənov 2 may 2016-cı il tarixdə 6 nəfərlik ailə başçısı, şuşalı məcburi köçkün Əlixanov Cavid Kamil oğlunu 10 gün müddətinə inzibati qaydada həbs edib. Vertikal.az bildirir ki, buna səbəb vətəndaşın Nikoyl Bankın 5135 dollar məbləğində kreditini ödəyə bilməməsidir. Gördüyünüz kimi, qərarda vətəndaşın işsiz və məcburi köçkün olması vurğulanır. Vətəndaş ailəsi ilə Buzovna qəsəbəsindəki “Çiçək” istirahət sanatoriyasında məskunlaşıb. Ailədə heç kəsin gəliri yoxdur. Buna görə də vətəndaş məhkəməyə borcu imkansızlıqdan ödəmədiyini bildirib.
Buna baxmayaraq, hakim qərarda heç bir əsas olmadan qeyd edir ki, vətəndaş “dolayısı yolla məhkəmə qərarının icrasından yayınır və icra vərəqəsininin icrasını dolayı şəkildə icra etmir” (hakimin fikir ifadə etmək qabiliyyətini kənara qoyaq), “icra sənədini indiyədək üzrsüz səbəbdən icra etməmişdir”.
Bunu rəhbər tutaraq hakim İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsini (“Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi”) tətbiq etmişdir. Bu qanunsuzluqdur! Çünki sözügedən maddəyə görə məsuliyyət yalnız borcun üzrsüz səbəbdən ödənilməməsi halında ola bilər. Gəliri olmayan, heç ailəsini saxlamağa pulu olmayan şəxs borcunu nəyin hesabına ödəməlidir? Vətəndaşın gəlirinin olması vergi orqanından dəqiqləşdirilib? Vergi ödəmirsə, demək, gəliri də yoxdur! Gəliri yoxdursa, deməli, məhkəmə qararını üzrlü səbəbdən icra etmir. Yəni bunu anlamaq belə çətindir hakim üçün? Vətəndaşın təqsiri nədir? Kasıb olması? Təqsirsiz insanın həbsi Konstitusiyamıza ziddir!
Eyni zamanda qəbul edilmiş qərar Azərbaycanın qoşulduğu “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq Pakt”ın 11-ci maddəsinin və “Avropa İnsan Hüquqları Konvensiyası”nın 4-cü Protokolunun 1-ci maddəsinin kobud şəkildə pozulmasıdır. Həmin sənədlərə görə heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz.
Lakin təəssüf ki, vətəndaş Avropa Məhkəməsinə şikayət edə bilməyəcək. Çünki qərardan apellyasiya şikayəti verməsi müddətini (10 gün) buraxıb.
Sözün düzü, Rabitəbankın martda zamini həbs etdirməsindən və ictimaiyyətin kəskin etirazından sonra düşündük ki, məsələ bitdi və bir daha heç bir bank, icra məmuru və məhkəmə belə şərəfsizliyi üzərinə götürməz (buna görə də mövzunu qabartmaq istəmədim). Lakin belə bank yenə peyda oldu. Özü də yurdumuzu viran qoymuş, torpaqlarımızı zəbt etmiş dövlətin – Rusiyanın bankı. Təəssüf ki, bu işdə həmin banka “milli” yardımçılarımız da tapıldı.
Beləliklə, banklar yenə borcluları qorxutmaq istəyir, Azərbaycanda sosial gərginliyi artırır, dövlətimizi sarsıtmaq istəyirlər. Həm banklar, həm də üzdəniraq icra məmurları və hakimlər bilsinlər: bu əməlləri cavabsız qalmayacaq!

NİKOYL BANK ŞUŞALI MƏCBURİ KÖÇKÜNÜ BORCA GÖRƏ HƏBS ETDİRİB
NİKOYL BANK ŞUŞALI MƏCBURİ KÖÇKÜNÜ BORCA GÖRƏ HƏBS ETDİRİB





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net