Cənab İlham Əliyev, şirvanlıları Mərdan Camalovun zülmündən xilas edin
Tarix: 11-05-2016, 09:54 | Çap et
Cənab İlham Əliyev, şirvanlıları Mərdan Camalovun zülmündən xilas edin
Düz onbir ildir ki, Şirvanda şıdırığı torpaq alveri gedir və icra başçısının qohum-əqrəbası obyektlər tikdirməklə, mülklər almaqla məşğul olurlar
Şirvan sakinləri Prezident İlham Əliyevə “Gündəm Xəbər” qəzeti vasitəsilə açıq məktub ünvanlayıblar. Onlar yazdıqları müraciətlərində bildirirlər ki, “cənab Prezident! Diqqətinizə onu çatdırmaq istəyirik ki, son günlər bir neçə icra başçısının daşıdıqları vəzifədən azad olunmaları, inanın yerli əhali arasında olduqca rəğbət hissi ilə qarşılandı. Çünkı, yerlərdə əhalini bilavasitə hakimiyyətdən narazı salan, məhz bəzi icra başçılarıdırlar. Yəqin ki, bu yöndə davam etdirilən islahatlar, Sizin qətiyyətiniz sayəsində davamlı olacaq və özlərini “müstəqil padşah” hesab edən, digər qudurğan və harın icra başçıları da, yaxın vaxtlarda yola salınacaqlar.
Yerlərdə əhali ilə dövlət arasında körpüləri yandıran və kütləvi narazılıq hissinin baş qaldırdığı bölgələrdən biri də, məhz Şirvan şəhəridir. Məlumat üçün onu da qeyd edək ki, adı çəkilən şəhərdə baş alıb gedən dözülməz vəziyyət düz onbir ildir ki, yerli sakinləri cana doydurub. Mərdan Camalov 18 aprel 2005-ci il tarixdə icra başçısı təyin olnduğu gündən, Şirvan adlı şəhəri tamamilə özəlləşdirib və bu şəhərdə sahibkarlıq fəaliyyəti üçün ayrılan torpaq sahələrinin hər kvm-i 100-200 manata satılır. Düz onbir ildir ki, Şirvanda şıdırığı torpaq alveri gedir və icra başçısının qohum-əqrəbası obyektlər tikdirməklə, mülklər almaqla məşğul olurlar.
Camalovun bibisi qızı Əzizbikənin narkotik satışına görə həbs olunan oğluna şəhərin “Vasmoy” adlanan ərazisində mağaza yeri, öz oğlu Samir Camalova isə, Heydər Əliyev adına parkda “Şəlalə” adlı çayxana, şahmat məktəbinin ərazisində telefon mağazası üçün yer ayrıldı, dayısı, həm də bacanağı Balamirzə Məmmədova Heydər Əliyev adına muzeyi özəlləşdirməyə şərait yaradıldı. Hal-hazırda “Rabitə Bank”ın Şirvan filialı icarəyə verilib, miqrasiya xidmətinin yaxınlığındakı ikimərtəbəli avtoyuma və çayxana da ələ keçirildi. Şəhid ailələri və məcburi köçkünlər üçün inşa olunan yaşayış binasının və fərdi yaşayış evlərinin yaxınlığındakı 6 sot torpaq sahəsi də, Camalovun müəyyən etdiyi qiymətlə, yəni sotu 15 min manatdan satılmaqdadır. Həmin ərazidən dayısı Şıxverdi Məmmədova və dayısının kürəkəni Mirtağıya həyətyanı ev tikmək üçün, hər birinə əlavə 6 sot torpaq sahəsi ayıraraq hədiyyə də edib. Həmin ərazidən bir nəfər olsun belə, sadə Şirvan sakininə torpaq sahəsi verilə bilməz. Şirvan şəhərində əhaliyə xidmət göstərən və təxminən 300 ədəd xətt üzrə hərəkətdə olan mikroavtobuslardan hər gün yığılan pulları Təbrik adlı şəxs yığsa da, həmin pullar kimlərin cibinə gedir, o bilinmir. Şirvan dayanacağından və köhnə bazarın həndəvərindən Bakıya işləyən taksilərdən yığılan pulları isə Misirxan Şirəliyev yığır və həmin pullar da hansı büdcəyə köçürülür, o da bilinmir. Köhnə telestudiyanın yanındakı “Ağqum” karyeri şəxsən M.Camalova məxsusdur.
Karyerdən yük daşıyan maşınlarının həcimindən aslı olaraq, hər maşına görə 20-30 manat pul alınır. Doğum evində dünyaya gələn uşaqların siyahısı, gündəlik icra başçısına təqdim olunur. Xüsusiilə də, əməliyyat yolu ilə doğulan uşaqların siyahısı, daha çox diqqəti cəlb edir. Uşaq bağçalarında boş yataq yerlərinin ümumiləşdirilmiş siyahısı da, icra başçısının stolunun üstünə qoyulur. İcra başçısı bağçaya qəbul edilən uşaqlara Elmira Ağayevanın vasitəsilə nəzarətini həyata keçirir. Uşaq bağçalarına ərzaq məhsullarını, yalnız Əliheydar adlı şəxs alıb verməlidir. Bağçalarda uşaqlar yalnız Əliheydarın aldığı ərzaq məhsullarını yeyirlər ki, bunun da səbəbini M.Camalov hər kəsdən daha yaxşı bilir. İcra başçısının humanitar məsələlər üzrə müavini Elmira Ağayeva, kurasiyasında olan orta məktəblərə, məktəbəqədər müəssisələrə, uşaq baxçalarına, xəstəxanalara, müalicə diaqnostika mərkəzinə, mədəniyyət şöbəsinə lazımınca nəzarət etməyi də bacarır. Adı çəkilən müəssisələrə işə qəbul olunmaq istəyən şəxs, yalnız Elmira Ağayevanın qəbuluna düşüb, onun “xeyr-dua”sını almalıdır. Bir sual verən yoxdur ki, E.Ağayeva həmin müəssisələrin kadrlar şöbəsinin rəisidirmi, ona istədiyi özbaşnalığı etməyə kim səlahiyyət verib? Sakinlər onu da vurğulayırlar ki, adı çəkilən müəssisə rəhbərləri E.Ağayevanın əlindən beziblər.
Heydər Əliev Fondunun xətti ilə tikilən, amma açılışı həyata keçirilməyən bağçaya işçi qəbul etmək arzusu, hələlik E.Ağayevanın ürəyində qalıb. O, bir dəfə müəyyən etdiyi siyahı üzrə işçilər toplaya bilsə də, bağçanın açlışı gecikdiyi üçün o, həmin şəxslərin sənədlərini geri qaytarmağa məcbur olur. Şəhər sakinlərinin tam əksəriyyəti bilir ki, E.Ağayeva həmin bağçaya müəllim qəbul etmək istədiyi şəxslərdən 5 min, tərbiyəçi müəllimələrdən 3 min, xadimə olmaq istəyənlərdən isə, 2500 min manatdan “şirinlik” alıbmış. Vəzifə sahibi olan bu şəxslər elə təsəvvür edirlər ki, icra hakimiyyətində oturub nə edirlərsə, çöldə-bayırda olanlar onların əməllərindən xəbər tuta bilmirlər. Amma, onlar belə bir təsəvvürləri ilə ciddi yalnışlığa yol verirlər. Şirvan şəhərində E. Ağayevagilin ailəsi bəlkə də yeganə ailədir ki, onların ailə üzvlərindən bir kimsə işsiz deyil. Nə üçün? Bəyəm, Ağayevagilin ailə üzvlərindən başqa Şirvan şəhərində savadlı, ali təhsilli şəxs yoxdurmu?
Cənab Prezident! Belə bir faktlar Şirvan şəhərində yaşanan real vəziyyətdir. Bu kimi əməllərin sahibi biz deyilik, Şirvan sakinlərinə qan udduran cənab Camalovla bərabər, həm də xanım Ağayevadır. Ötən onbir il ərzində Şirvanda yalnız yolka ağacları əkildi ki, bu da büdcə pullarını mənimsəməyə hesablanmış addımlar oldu. Bu gün Şirvanda adicə bir ağaca maşın toxunarsa, sürücü 1000 manat pul ödəməyə vadar edilir. Hətta elə vaxt olub ki, üç ağaca görə sürücüdən 3000 manat pul da alınıb. Atalar məsəli var, “utanmasan oynamağa nə var ki”. Öz eyiblərini ört-basdır etməkdənsə, bu gün Şirvanda insanlar şərlənirlər, iş adamlarına məxsus obyektlər, obyekt sahiblərindən məcburi qaydada alınır”.
Cənab Prezident! Sizə müraciət edib Şirvanın acı və dözülməz gercəkliyini diqqətinizə çatdırdıq və iş adamları olaraq, vətəndaşlıq borcumuzu yerinə yetiririk. Baş memar Hacı Vüqarın və köməkçi Şahmar müəllimin qəfildən daşıdıqları vəzifədən uzaqlaşdırılmaları, hələ də Şirvan camaatına qaranlıq qalmaqdadır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net