Nizaməddin Quliyevdən Türkmənbaşı taktikası - Goranboyda
Tarix: 17-03-2016, 09:10 | Çap et
Nizaməddin Quliyevdən Türkmənbaşı taktikası - Goranboyda
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevlə bağlı olduqca maraqlı məlumatlar yayılıb. Kütləvi İnformasiya Vasitələrinə müraciət edən rayon sakinləri Sahib Nuriyev, Şahbaz Əhmədov və Kamil Nəbiyev inanılmaz iddialarla çıxış ediblər.

Su borularını çıxarıb satırlar

Vizual.az xəbər verir ki, hazırda Goranboy rayonunda dərəbəylik yaşanır və korrupsiya dizə çıxıb. Şikayətçilər bildirirlər ki, hal hazırda Nizaməddin Quliyev 2002-ci ildə əhaliyə içməli su verilməsi məqsədi ilə çəkilmiş 18 km uzunluğundakı metal su borularını çıxartdırıb, kəsdirərək satdırır. «Metrəsini 30-40 manata satdırır. Bir hissəsi isə icra başçısına məxsus Tapqaraqoyunla kəndində yerləşən «Lalə» Şadlıq Sarayı və «Dost Qapısı» restoranının təmirində istifadə olunur».

Heydər Əliyevin büstünün başına niyə torba keçirilib?

Adları çəkilən şəxslər daha sonra bildiriblər ki, Goranboy rayon İcra Hakimiyyətinin binasının 3 mərtəbəsi bərbad vəziyyətdədir. «Bu bina 92-93-cü illərdə qaçqın şəhərciyini xatırladır. İş otaqlarına baxdıqda özünü 70-ci illərin kolxoz binasında hiss edirsən. Mamı rvə rütubət iyindən otaqlara girmək belə mümkün deyil. Ümummilli Liderin köhnə büstünün başına kisə keçirilib. Şəkillərini isə yerə tullayıblar».

Qeyd edək ki, bizə göndərilən fotolardan da bu aydın şəkildə diqqəti çəkir. Bir rayonun icra başçısının Heydər Əliyevə bu qədər sayğısızlıq etməsinin səbəbləri məlum deyil. Daha doğrusu, Heydər Əliyevin çörəyini yeyib, ona qahmar çıxmağın adının nə olduğunu biz də dəqiqləşdirə bilmirik. Təkcə onu bilirik ki, Ümumimilli Liderə qarşı edilmiş bu hərəkət heç bir etikaya sığmır və sayğısızlığın ən son həddidir.

Nizaməddin Quliyevdən Türkmənbaşı taktikası

Rayonun icra başçısı Nizaməddin Quliyev özünə məxsus ticarət mərkəzində hər həftənin şənbə günü yarmarka təşkil etdirir. Həmin yarmarkada məhsul satan şəxslərin kimliyi isə kifayət qədər maraqlıdır. Çünki piştaxta arxasında əyləşib, camaata kartof-soğan satan şəxslər yerli icra nümayəndələridir. İcra başçısının tələbi ilə onlar piştaxta arxasında əyləşməlidirlər. Təkcə o icazə verilib ki, boyunlarındakı qalstuku çıxara bilərlər.

Görünür, Nizaməddin Quliyev Türkmənbaşının həyat və yaradıcılığı ilə çox dərindən tanışdır. Çünki bu taktika Türkmənistanın sabiq liderinə məxsusdur.

«Gavalı arağının qənimi» necə dini işlər üzrə müavin oldu?

Sahib Nuriyev, Şahbaz Əhmədov və Kamil Nəbiyev iddia edirlər ki, Nizaməddin Quliyevin «analoqu olmayan kadr siyasəti» var. Aktual.az həmin şəxslərə istinadən xəbər verir ki, rayonda saxta diplomlular, ixtisası uyğun olmayanlar, hətta üzərində cinayət işi olanlar xüsusi imtiyaz sahibi olmaqla yanaşı, həm də istənilən vəzifəni tuta bilərlər. Onlar buna misal olaraq icra başçısının birinci müavini Elçin Cahangirovu, digər iki müavini, İcra Hakimiyyətinin mühasibini, Şəhər İcra nümayəndəsini göstərirlər.

Fəqət, bu nümunələrin içində biri də var ki, onun belə bir posta təyin edilməsi hələ də heç kim tərəfindən başa düşülməyib. Belə ki, icra başçısının müavinlərindən biri dini işlərə nəzarət edir ki, həmin şəxsin də fizika müəllimi işlədiyi məlum olub. Üstəlik, hamı rayonda onu «gavalı arağının qənimi» kimi tanıyır.

Eldar Mahmudovun 100 ha nar bağı

Sakinlər yazırlar ki, bir müddət əvvəl ləğv olunmuş MTN-in sabiq rəhbəri Eldar Mahmudovun Goranboyda da əmlakı olub. Daha doğrusu, sabiq nazirin hal hazırda da rayonda 100 hektar nar bağı mövcuddur. Adları çəkilən şəxslər sual edirlər: «Görəsən, ötən il sabiq MTN şefi Eldar Mahmudovun Goranboyda saldırdığı 100 hektar nar bağının bəhrəsini Nizaməddin Quliyev bundan sonra kiminlə bölüşəcək?»

3 milyon dollarlıq villa

Onlar iddia edirlər ki, Nizaməddin Quliyev kəşkəşanlı həyat tərzi keçirməyə çoxdan adət edib. Elə bu səbəbdəndir ki, o, rayonun mərkəzindəki Maliyyə və Statistika İdarələrinin arxasında yerləşən ərazidə özünə dəyəri 3 milyon dollar olan yeni villa inşa etdirib. Şikayətçilər də sual edirlər ki, görəsən, icra başçısı həmin villanın açılışını nə zaman həyata keçirəcək?

Rayonun «torbalı kişi»si kimdir?

Sahib Nuriyev, Şahbaz Əhmədov və Kamil Nəbiyev yazırlar ki, Goranboy rayonunda yeni «torbalı kişi» peyda olub. «Həmin şəxs İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində çalışan Sayad Quliyevdir. Gədəbəyli olan Quliyev icra başçısının sağ əli kimi tanınır. Səbəb isə onun yerli icra nümayəndələri və bələdiyyələrdən pul yığmasıdır. Daha doğrusu, bu işlərin ona həvalə olunmasıdır».

Rayon sakinləri bildirirlər ki, Sayad Quliyev bu alverdən yararlanaraq, oğlanlarına təzə maşınlar, bahalı obyektlər və rayonun mərkəzində 2 mənzil alıb. «Amma bir məsələdə bəxti gətirməyib. Heyif ki, qudası, Kəlbəcərli Səxavətin 80 min pulunu alıb, lakin Təhsil Şöbəsinə müdir qoydura bilmir».

Qeyd edək ki, bu məlumatların bir çoxunun həqiqət olduğu göndərilən fotolardan da aydın şəkildə görünür. Bir qisminin isə əlavə araşdırma yolu ilə dəqiqləşdirilməsi zərurəti var. O səbəbdən də yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net