İlqar Abbasov və xarabalığa çevirilən SURAXANI…
Tarix: 10-03-2016, 09:34 | Çap et
İlqar Abbasov və xarabalığa çevirilən SURAXANI…
Paytaxt rayonları arasında Suraxanı ən geridə qalmışıdır desək, yəqin ki, səhv etmiş olmarıq. Bu rayon gözdən olduğu kimi, könüldən də uzaqdır. Məhz bu uzaqlığın nəticəsidir ki, Suraxanı rayonunun bütün qəsəbələrində acınacaqlı vəziyyət hökm sürür. Yerli idarə və müəssisə rəhbərlərinin vətəndaşlarla qeyri-mülayim davranışını da bura əlavə etsək, ortalığa çox dəhşətli mənzərə çıxır.Sözsüz ki, rayonda məmur özbaşınalığının baş alıb getməsində, Suraxanının qəsəbələrinin bərbad hala düşməsində əsas səbəbkar kimi icra başçısı İlqar Abbasov göstərilir. Onun yarıtmaz fəaliyyətinin nəticəsi həm rayonun simasının zədələnməsinə səbəb olub, həm də sakinlər əlavə problemlərlə üzləşmək məcburiyyətində qalıblar. Kimdir İlqar Abbasov? Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun haqqında «vikipediya» səhifəsində elə də zəngin məlumat yoxdur. Onun neçənci ildə və harada anadan olması göstərilməyib.
Həmin səhifədə qeyd olunub ki, İlqar Abbasov Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu 1979-cu ildə sənaye və mülki tikinti ixtisası üzrə, 1993-cü ildə isə Bakı Sosial İdarə etmə və Politologiya institutunu bitirib. Müxtəlif tikinti idarələrində çalışıb, sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 2004-2005-ci illərdə Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Azərbaycan Respublikası prezidentinin 21 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Bakı Şəhər Suraxanı Rayon İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilib. Onun bu posta təyin olunmasının üstündən düz 11 il keçir.
Araşdırmalarımız göstərir ki, ötən illər ərzində İlqar müəllim Suraxanı rayonunun abadlaşması, yerli camaatın problemlərinin həll olunması istiqamətində heç bir iş görməyib. Daha dəqiq desək, buna cəhd belə göstərməyib. Əvəzində şəxsi maliyyə imkanlarını genişləndirib, obyektlərinin sayını artırıb. Məsələn, rayonun Yeni Günəşli qəsəbəsindəki ticarət obyektlərinin bir çoxu başçıya məxsusdur. Növbəti yazıda bunu şəkillərlə və daha geniş faktlarla diqqətinizə çatdıracağıq. Hörmətli icra başçısı iddia edə bilər ki, həmin obyektlər onun adına deyil. Amma bu cənab başçının biznes fəaliyyəti ilə məşğul olmadığı anlamına gəlmir.
Çoxları bilir ki, bu şəxs icra hakimiyyəti strukturlarında işləməmişdən əvvəl aktiv biznes fəaliyyəti ilə məşğul olub. Deyəsən, İlqar Abbasov Suraxanı rayonuna və onun qəsəbələrinə, rayonun yerli idarə və müəssisələrinə də biznes strukturu kimi baxır. Bəlkə də… Başçının adı torpaq alverində tez-tez hallandırılır Araşdırmalar göstərir ki, geridə qalan 11 ildə icra başçısının adı çox vaxt torpaq alverində göstərilib. Bildirilib ki, rayonun Bülbülə, Əmircan, Hövsan, Zığ, Yeni Günəşli, Yeni Suraxanı və Qaraçuxur qəsəbələrində boş torpaq sahəsi tapmaq olmur. Tikinti üçün verilən sərəncamlar 3000 manatdan yuxarıdır.
Yerli icra strukturları və bələdiyyələr isə əhalini talamaqla məşğuldur. Başçının başı o qədər qarışıb ki, rayonda tüğyan edən problemləri həll etməyə vaxt tapmır. Məsələn, bir neçə ay əvvəl Hövsan qəsəbəsində 28 lift oğurlanıb. Şikayətə gedən sakinlərə isə bildiriblər ki, liftlərin “əyləc dolağı” baş idarədə pulla satılır. 70 manat verilməsə, liftlər işləməyəcək. Axı bu necə rayondur ki, qısa vaxt ərzində 28 lift oğurlanır? Rayonun icra başçısı, aidiyyəti hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri hara baxırlar? Yaxud baş vermiş hadisəni niyə araşdırmaq istəmirlər? Başqa bir iddiaya nəzər salaq.
Deyilənə görə, icra başçısı İlqar Abbasovun icra nümayəndələri küçə ticarəti ilə məşğul olan vətəndaşlardan aylıq hesab alırlar. Bu hesabın adı isə “yer pulu”dur. Şikayətçilər bildirirlər ki, Suraxanı rayonu ərazisində 400-dən yuxarı qeyri-qanuni küçə ticarəti mövcuddur. İcazəsiz, lisenziyasız ticarətlə məşğul olan vətəndaşlardan həmçinin rayon polisi də aylıq “haqq” alır. O da qeyd olunur ki, Suraxanı Rayon Polis İdarəsinin keçmiş rəislərindən olan Etibar Qazıbəyov vəzifəsini məhz küçə ticarətinə görə itirib: “Təzə polis rəisi bəzi yerlərdə küçə ticarətini yığışdırsa da, hələ xeyli sayda küçə ticarəti ilə məşğul olanlar var. Bu şəxslərə isə birbaşa icra başçısı İlqar Abbasovun adamları havadarlıq edirlər”. İddiaya görə, küçə ticarətindən təkcə icra hakimyyətinin aylıq qazancı 50 min manatdan çoxdur. İlqar Abbasovun «etibarlı adamı» – Etibar Yolçuyev Araşdırmalar nəticəsində məlum olur ki, bu icra başçısı yuxarı dairələr qarşısında inamı çoxdan itirib.
Belə ki, 1-ci Avropa Oyunları ərəfəsində aparılan təmir-tikinti işləri zamanı Suraxanı rayonunun baxımsız və nəzarətsiz olduğu ortaya çıxıb. Ayrılan pulların hara xərclənməsi ciddi müzakirə mövzusu olub. Nəticədə qərara gəlinib ki, Avropa Oyunları məşəlinin Atəşgahdan aparılması xəttinə düşən ərazinin təmir-tikinti işləri ATEF şirkətinin rəhbərinə həvalə olunub. Bir sözlə, İlqar Abbasov bu işlərdən kənarda saxlanılıb. Yayılan məlumatda deyilir ki, bəzi qohumluq əlaqələrinə arxayın olaraq rayona nəzarəti itirən İlqar Abbasovdan yuxarı instansiyalara saysı-hesabsız şikayət məktubları göndərilib. Məktublar arasında əsasən fərdi evlərin tikintisi zamanı alınan rüşvət halları qeyd olunub. Bir məqama xüsusi toxunmaq istəyirik. İlqar Abbasov icra başçısı təyin olunandan bu günə kimi cənab prezident İlham Əliyev bu rayona nadir hallarda səfər edib. Bu isə o deməkdir ki, 11 il ərzində Suraxanı rayonunda İlqar Abbasov tərəfindən heç bir iş görülməyib. Rayonun bütün qəsəbələrinin yolları darmadağın olub. Bunu başçı, eləcə də müavini Etibar Yolçuyev də yaxşı bilir. /conflict.az/
Həmçinin Etibar müəllim onu da bilməmiş deyil ki, rayonun Yeni Günəşli qəsəbəsinin yolları nəyə görə yaman günə düşüb. Biz hələ çox mətləbləri açıqlamırıq.
Gələn sayımızda oxuyacaqsınız:
– Qaraçuxur qəsəbəsində torpağın bir sotu neçəyə satılır və ev tikintisinə icazə almaq üçün kimi görmək lazımdır?
– Yeni Günəşli qəsəbəsindəki «Mərasim evi» kimə məxsusdur?
– Etibar Yolçuyevin tikdirdiyi ticarət obyekti niyə yarımçıq qalıb?
– «Altay» restoranının tikintisinə kim icazə verib?
– 33-cü Polis Bölməsi ilə üzbəüz, həmçinin ATS-in yaxınlığında tikilən obyektlərin sənədinə kim qol çəkib?
– İcra başçısı məscidin yerləşdiyi ərazini kimə söz veribmiş?
– İlqar Abbasovu Akif Çovdarov və Eldar Mahmudovla hansı tellər birləşdirir?
– Dövlət Neft Şirkətinin balansında olan torpaq sahələrinin kütləvi satışı necə həyata keçirilib?
– Sabiq səhiyyə naziri Əli İnsanovun keçmiş silahdaşlarından sayılan Vəkil Abbasovla İlqar Abbasov necə qohumdur?
– İcra başçısı Əli İnsanovun yaxın ətrafına hansı dəstəyi verir?





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net