Leriki iflic edib Masallıya "gedir"?
Tarix: 9-03-2016, 10:43 | Çap et
Leriki iflic edib Masallıya "gedir"?
Ötən həftə prezident İlham Əliyevin üç rayonun icra başçısını işdən çıxarması və son illər bəlkə də ilk dəfə Prezident Administrasiyası rəhbərinin müavini Zeynal Nağdəliyev səviyyəsində bu sərəncamlara verilən izahat ciddi müzakirə mövzusuna çevrilib.
Zeynal Nagdəliyev açıq mətnlə deyib ki, işdən çıxarılan icra başçıları vətəndaşların problemlərinə laqeydlik, biganəlik göstərib, insanlarla münasibətdə qeyri-səmimilik və kobudluq nümayiş etdirib, təvazökarlıqdan uzaq hərəkətlərə yol veriblər.
İcra başçıların işdən çıxarılması prosesinin davam edəcəyi ilə bağlı ən yüksək səviyyədə anons edilib. Bu proses bölgələrdə də diqqətlə izlənilir. Bira sıra rayonların sakinləri ümid edir ki, prezident növbəti sərəncamla onları hazırkı icra başçılarının zülmündən xilas edəcək. Hər halda icra başçılarının rayonlarda özlərini “xan” kimi aparması, millətin qulluqçusu olmasını unutması bölgələrdə vəziyyəti daha gərginləşdirib. Odur ki, hakimiyyət belə icra başçıları ilə vidalaşmaq niyyətindədir.
AzToday.az xəbər verir ki, işdən çıxarılması gözlənilənlərdən biri də Lerikin icra başçısı Rövşən Bağırovdur. 2007-ci ildən Lerikdə icra başçısı olan Rövşən Bağırovun işlədiyi müdddətdə rayonda sosial-iqtisadi göstəricilər daha da pisləşib. Rayonun infrastrukturu yararsız vəziyyətə düşüb. Həmçinin, yerli iş adamlarının rayona investisiya qoyulmasına ciddi maneələr törədilib. Rusiya başda olmaqla xarici ölkələrdə puı qazananl leriklilərə doğma rayonlarında adicə sex açmağa belə imkan verilməyib. Bununla bağlı prezident İlham Əliyevə edilən onlarla müraciətin sürətləri redaksiyamıza təqdim olunub. Müraciətləri araşdırdıqda məlum olur ki, Rövşən Bağırov sahibkarlara təzyiq edib pul almaq üçün istifadə etdiyi metodlar heç də həbs edilən MTN-in sabiq idarə rəisi Akif Çovdarovun əməllərindən qətiyyən fərqlənməyib.
Prezident yanında yaradılan Apellyasiya Şurasına Rövşən Bağırovun özbaşınalığından edilən şikayətlərdə bildirilir ki, icra başçısı Lerikin sosial-iqtisadi inkişafına ən böyük ciddi maneədir.
Bu arada qeyd edək ki, Lerik İcra Hakimiyyəti tərəfindən yayılan rəsmi məlumatlarda rayondakı infrastrukturun sıradan çıxmasında hökümət günahkar çıxarılıb. Buyurun tanış olun:
“Keçən əsrin 60-cı illərində qurulmuş, uzun illər əsaslı təmir aparılmadan istismar edilən 35, 10 və 04 kv-luq hava xətlərinin idarə edilməsi ildən-ilə çətinləşir. Mal-materialların verilməməsi səbəbindən yay aylarında elektrik hava xətlərində heç bir cari təmir işləri aparılmamışdır. Bunun nəticəsidir ki, havaların soyuması ilə ərazilərə enerjinin verilməsində uzunmüddətli fasilələr yaranır. Elektrik şəbəkəsində mütəxəssislərin, adi montyorların çatışmaması, son bir neçə ildə işdən azad olunmuş mütəxəssislərin yerinə digər işçilərin götürülməməsi də çox narahatedicidir.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında bu sahənin yenidən qurulması nəzərdə tutulsa da əlaqədar təşkilatlar tərəfindən heç bir iş görülməmişdir”.
Lerikdə gəzən soz-söhbətə görə, Rövşən Bağırov iflic etdiyi rayonla vidalaşıb, başqa bir rayona icra başçısı getmək üçün hazırlaşır. Bunun üçün Rövşən Bağırovun bütün “hazırlıq”ları tamamladığı bildirilir. Onun yaxın adamlardından sızan məlumatlarda iddia edilir ki, Rövşən Bağırov yaxın günlərdə Masallıya icra başçısı təyin olunacaq.
Yayılan məlumatı dəqiqləşdirmək imkanımız yoxdur. Ancaq bu məlumatın Zeynal Nagdəliyevin məlum açıqlaması ilə ziddiyyət təşkil etdiyi ortadadir. Çünki məlum açıqlamadan görünür ki, hakimiyyət Rövşən Bağırov kimi icra başçıları ilə tezliklə vidalaşacaq…





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net