Hacıqabulda qalmaqal: İcra hakimiyyətinin daldan atdığı daş kimin başını yaracaq?
Tarix: 10-02-2016, 09:12 | Çap et
Hacıqabulda qalmaqal: İcra hakimiyyətinin daldan atdığı daş kimin başını yaracaq?
Bir neçə gün öncə Hacıqabul İcra Hakimiyyətinin sahibkarlara müraciəti yayılmışdı. Bir çox media orqanlarında yer alan həmin müraciətdə deyilir: “Hacıqabul rayon İcra Hakimiyyəti Respublikanın bütün iş adamlarını, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənləri, Respublikamızdan kənarda kommersiya fəaliyyəti ilə məşğul olan hacıqabulları rayonda yeni iş qurmağa dəvət edir… Əmin ola bilərsiniz ki, iş qurmaq istəyənlərə tərəfimizdən hər cür dəstək və yardım göstəriləcəkdir”. Əlbəttə təqdirəlayiq müraciətdir. İndiki dönəmdə sahibkarlara şərait yaradılması həm qeyri-neft sektoru üçün ölkə iqtisadiyyatının inkişafına, həm də yeni iş yerlərinin yaranması baxımından vətəndaşların sosial durumuna böyük töhvə vermiş olar. Amma…
Amma müraciət və bu müraciətin arxasındakı niyyət səmimi ola. Məsələ burasındadır ki, Hacıqabul İcra Hakimiyyəti bu vaxta qədər sahibkarlarlarla bir çox qalmaqallarda olub. Dövrü mətbuatda adıçəkilən rayondakı çatışmazlıqlarla bağlı müntəzəm olaraq özündə faktları əks etdirən məqalələr dərc olunub. Başqa sözlə, icra hakimiyyətinin bu müraciəti daldan atılan daşa bənzəyir. Mediada davamlı olaraq yer alan faktlar da Hacıqabulda kifayət qədər problemlərin olmasından xəbər verir. Biz də cumhuriyyet.az olaraq media üzərindən araşdırmalarla müəyyən araşdırmalar apardıq. Amma həmin faktlara göz atmazdan öncə isə cumhuriyyet.az-ın təqdimatında Hacıqabul rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarovla yaxından tanış olmağa çalışaq. Beləliklə…
Kimdir Muxtar Əhmədov? qısa tanışlıq
Qeyd edək ki, Hacıqabul rayonu İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov əslən rəhbərlik etdiyi rayondan deyil. Əhməd Kərəm oğlu Muxtarov 5 fevral 1951-ci ildə Yevlax rayonunun Malbinəsi kəndində anadan olub. 1972-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunu, 1983-cü ildə Bakı Ali Partiya məktəbini bitirən Ə. Muxtarov əmək fəaliyyətinə 1968-də Yevlax Neftbazasında operator vəzifəsilə başlayıb. Daha sonra isə Yevlax şəhər İctimai iaşə idarəsində mühasib işləyib. 1974-80-ci illərdə Yevlax şəhər komsomol komitəsində komsomol təşkilatları şöbəsinin müdiri, 1980-81-ci illərdə Yevlax rayon Xaldan mal-qara kökəltmə sovxozunda partkom, 1983-91-ci illərdə isə Yevlax rayon XDS İcraiyyə Komitəsinin sədr müavini olub.
1991-97-ci illərdə Yevlax şəhər İcra Hakimiyyəti başçısnın aparatında müxtəlif vəzifələr tutub. 1997-2000-ci illərdə Yevlax rayon Kooperativ cəmiyyəti İdarə Heyətinin sədri postunu tutub. 2000-2005-ci illərdə Yevlax şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə yüksəlib. Daha sonra bir il Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azərdənizneftinşaat trestinin sosial məsələlər üzrə müdir müavini vəzifəsində çalışıb. 29 mart 2006-cı il tarixində Prezidentin 1380 saylı sərəncamı ilə Əhməd Kərəm oğlu Muxtarov Hacıqabul rayonu İcra Hakimiyyətinin başçısı təyin olunub.
Keçmiş “Neftbaza” operatoru Hacıqabulu necə idarə edir?
Apardığımız müşahidələr, daxil olan məlumatlar belə düşünməyə əsas verir ki, Əhməd Muxtarov fəaliyyətindən ən çox narazılıq edilən icra başçılarının sırasında qərarlaşıb. Bunun səbəbləri isə kifayət qədərdir. Hər halda ölkə boyunca müşahidə edilən inkişaf fonunfa Hacıqabul rayonunun hələ də problemlər girdabında çabalaması ən böyük faktdır. Rayonda işsizlik səviyyəsinin yüksək olması, abadlıq-quruculuq işlərinin yarıtmaz şəkildə həyata keçirilməsi, ayrılan büdcə pullarının mənimsənilməsinə dair şübhələrin yayğın olması – bütün bunlar müasir Hacıqabulu səciyyələndirən əsas kriteriyalara çevrilib.
Hacıqabul rayonundan daxil olan məlumata görə icra başçısı Əhməd Muxtarov rayon yollarının təmirini özünə yaxın bir şirkətə verərək dövlətdən ayrılan yüzminlərlə manat vəsaiti mənimsəyir. Həmin şirkətin “Muğan-1” firması olduğu bildirilir. İcra başçısının əli ilə tenderin qalibi olan “Muğan-1” firması çəkdiyi yollarda ciddi şəkildə yeyintiyə yol verib. İddialara görə adı çəkilən firma kənd yollarının tikintisi üçün hazırlanan lahiyəyə sadəcə kağız üzərində əməl edərək ayrılan vəsaitin təxminən yarısını mənimsəyib. Yəni asfaltın qalınlığı lahiyyədə 10 sm göstərilsə də, Əhməd Muxtarovun firması bu qalınlığı 4-5 sm-ə qədər ixtisar edib.
İcra başçısının obyektləri, sıxışdırılan sahibkarlar və daha nələr…
Məlumata görə Əhməd Muxtarov kənd yollarından başqa Hacıqabul şəhərinin təmiri abadlaşdırılmasını isə “İnşaatçı-S” MMC yə həvalə edib. Adı çəkilən şirkətə abadlıq işləri üçün iki dəfə üst-üstə 2,3 milyon manat vəsait ayrılıb. Məlumatlı şəxs “İnşaatçı-S” şirkətinin gördüyü işlər müqabilində Əhməd Muxatarova ayrılan vəsatin 15 fazinin verildiyini bildirir. Əhməd Muxtarovun tikinti yol təmiri maxinasiyalarından başqa həm də rayonun bir çox münbit ərazisinda heyvandarlıq təsərüfatları və əkinçilik sahələri yaratdığıda bildirilir. Rayonun Padar-Muğan-Qarasu ərazisində 5 min hektara yaxın yararlı dövlət torpaqları məhz başçının və ona yaxın şəxslərin nəzarətində olduğu, onlar tərəfindən istifadə olunduğu bildirilir.Mənbə onu bildirir ki, son illər rayon mərkəzində və Hacıqabul-Horadiz yolunun üstündə çoxlu sayda ticarət, istirahət obyektləri tikilərək istifadəyə verilib. İcra başçısı həmin obyektlərin tikilməsi üçün verilən icazə sənədlərinə görə sahibkarlardan xeyli miqdarada rüşvət aldığı iddia olunur.
İcra başçısının köməkçisi sahibkarlara haqq qoyubmuş
Hacıqabulda kiçik sahibkarlıqla məşğul olan, narazı şəxslərin azerinews.org saytına müraciəti əsasında hazırlanan məlumatı şikayətçilər icra başçısının göstərişi ilə rayon məmurları tərəfindən incidildiklərini deyir. “Narazılıq edən iş adamları prezident İlham Əliyevin son aylarda sahibkarların durumunun yaxşılaşdırılması, ölkədə iqtisadiyyatın möhkəmlənməsi istiqamətində atdığı addımları alqışlamaqla yanaşı, eyni zamanda üzləşdikləri problemlərin hələdə cavabsız qalmasından yazırlar. Beləki, sahibkarlar bildirir ki, Hacıqabulda icra başçısı Əhməd Muxtarov iş prinsiplərinə onlar çoxdan bələddirlər: “İlk dəfəmiz deyil. Amma indi vəziyyət tamam fərqlidir. Nə camaatda pul var, nə də alverimiz gedir. Amma buna baxmayaraq hər rüblükdə vergidən əlavə başçının pulunu çatdırmalıyıq. Bu ilin dekabr ayı isə bizə ən böyük zərbə vurulacaq. Artıq icra başçısının adından köməkçisi Afiq Kərimov tərəfindən xəbərdarlıq olunub ilin yekunu ilə əlaqədar rüblük pulu ilə yanaşı, əlavə olaraq illik pul da verməliyik. Bu da sahibkara görə dəyişir. Halbuki cənab prezidentimiz demişdi ki, sahibkarların məmurlar tərəfindən incidilməsinə son verilməlidir. Görünür, Hacıqabulda prezidentin sözünü eşitmirlər? Əhməd Muxtarov sahibkarları ne qədər incidəcək? Bu əməllərə görə biz sərbəst fəaliyyət göstərə bilmirik.
MMC maxinasiyaları
“Hacıqabul rayonundan ola sahibkarların problemləri hər zaman boydan olub. Amma bəlli səbəblər üzündən həmin problemlər çox zaman qabardılmayıb, həmişə belə bir ümid olub ki, hər şey yaxşı olacaq. Ancaq ötən illər “hər şey yaxşı” olacaq təsəllisinin işə yaramadığını təsdiqləyib. Prezident İlham Əliyevin sahibkarların sıxışdırılması ilə bağlı yerli icra hakimiyyətlərini tənqid etməsi isə bizdə həmin ümidlərin yenidən cücərməsinə səbəb olub”.
Bu sözlər bir qrup Hacıqabullu sahibkarın mediaya göndərdiyi müraciətdəndir. Sözügedən müraciətdə şikayətçilər Hacıqabul rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarovun qanunsuz tələblərindən cana doyduqlarını bildirirlər: “İcra başçısı rayonun bütün gəlirli sahələrinə tam nəzarət edir. Rayon miqyaslı hansısa işin görülməsi üçün həyata keçirilən tenderlər isə oyundan başqa heç nə deyil. Müvafiq dövlət orqanlarınmdan da xahiş edirik ki, rayona gəlib son illər ərzində görülən bütün işlərlə maraqlansınlar. O zaman bir çox əlavə maxinasiyaların da ortaya çıxacağından əminik. Məsələn, icra başçısı Əhməd Muxtarov rayon yollarının təmirini özünə yaxın bir şirkətə həvalə edib ki, nəticədə dövlətdən ayrılan yüzminlərlə manat vəsait mənimsənilib. İcra başçısının köməkliyi ilə tenderi udan “Muğan-1” MMC çəkdiyi yollarda ciddi şəkildə yeyintiyə yol verib. Təsəvvür edin ki, asfaltın qalınlığı layihədə 10 sm göstərilsə də, Əhməd Muxtarovun nəzarətiondəki firma bu qalınlığı 4-5 sm-ə qədər ixtisar edib. Bu da yeni cəkilən yolun davamlılığını yariya qədər azaldır. Artıq yollar bərbad vəziyyətə düşüb”.
Daha sonra iddia edilir ki, Əhməd Muxtarov kənd yollarından başqa Hacıqabul şəhərinin abadlaşdırılmasını “İnşaatçı-S” MMC-yə həvalə edib. Adı çəkilən şirkətə abadlıq işləri üçün iki dəfə üst-üstə 2,3 milyon manat vəsait ayrılıb. Amma müraciətdə “İnşaatçı-S” şirkətinin gördüyü işlər müqabilində ayrılan vəsaitin 15 faizinin icra başçısına verildiyini bildirir. Məlumata görə, kənd yolları həm də ensiz çəkilib. Hər tərəfdən 15 sm qısaldırılıb ki, bu da 100 min manatlarla pulun mənimsənilməsi və qəza hallarının artmasına səbəb olur.
Pulyığımları
Məlumatlara görə, Əhməd Muxtarovun pul yığmaq üçün həyata keçirdiyi əməliyyatlardan biri xüsusilə narazılıq yaradıb. Belə ki, icra başçısının prezidentin portretlərini idarə və müəssisələrə, məktəblərə sataraq küllü miqdarda vəsait qazanmaq sevdası rayonda heç də xoş qarşılanmayıbmış. Əhməd Muxtarovun bir müddət öncə rayona gətizdirdiyi portretlərin hər biri isə məktəblərə 35 manata satılıb. İdarə və müəssisələrdən isə hər portretə görə 50 manat yığıldığı iddia edilir.
Bildirilir ki, icra başçısı Əhməd Muxtarov rayonda dözülməz atmosfer yaradıb: “Hacıqabul rayonunda həyat şərtləri çox ağırdır. Onsuz da maddi sıxıntılar içərisində olan Hacıqabulda bütün gəlirli sahələrin icra başçısına yaxın şəxslər tərəfindən nəzarətə götürülməsi isə vəziyyəti bir qədər də dramatikləşdirir. Hacıqabulda sahibkarlara qayğıdan söhbət belə gedə bilməz, heç sahibkarlar yerli rəhbərlikdən hansısa qayğı da gözləmir. Onların ən böyük arzusu icra başçısının onların işinə müdaxiə etməməsidir-belə olarsa bunu ən böyük qayğı kimi qəbul edərik”.
Daxil olan məlumatda daha sonra bildirilir ki, Əhməd Muxtarov sahibkarlardan və iş adamlarından abadlıq bəhanəsi ilə vəsait tələb edir. Onlardan toplanan vəsait hesabına görülən kosmetik işləri isə yuxarı dairələrə şişirdilmiş formada təqdim edir: “Məsələn, bir müddət öncə rayonun M.F.Axundov, H.Həmidov, Ə.Vahid, H.Aslanov və İ.Qayıbov küçələrinə sahibkarların daxili imkanları hesabına qum-çınqıl qarışığı verilib. Necə deyərlər, adıçəkilən küçələrdəki çökəkliklər qum-çınqılla doldurulub. Amma icra başçısı “yuxarılar”a guya adıçəkilən küçələrdə ciddi asfaltlama işlərinin görülməsi haqda saxta məlumatlar verir. Reallıqda isə asfalt bütün küçələrə çəkilməyib, çəkilən küçələrdə isə asfalt qatının keyfiyyətindən söhbət gedə bilməz”.
Əhməd Muxtarovun həm də rayonun bir çox münbit ərazisinda heyvandarlıq təsərüfatları və əkinçilik sahələri yaratdığıda bildirilir. Rayonun Padar-Muğan-Qarasu ərazisində 5 min hektara yaxın yararlı dövlət torpaqları məhz başçının və ona yaxın şəxslərin nəzarətində olduğu, onlar tərəfindən istifadə olunduğu bildirilir.Mənbə onu bildirir ki, son illər rayon mərkəzində və Hacıqabul-Horadiz yolunun üstündə çoxlu sayda ticarət, istirahət obyektləri tikilərək istifadəyə verilib. İcra başçısı həmin obyektlərin tikilməsi üçün verilən icazə sənədlərinə görə sahibkarlardan xeyli miqdarada rüşvət aldığı iddia olunur.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net