Salyan RTİ-nin mühasibi keçmiş rəhbərinin maraqlarını təmsil edir
Tarix: 9-02-2016, 09:08 | Çap et
Salyan RTİ-nin mühasibi keçmiş rəhbərinin maraqlarını təmsil edir
Regional Təhsil İdrələrinin yaradılması işinə start verilməsi ilə, bu yeni qurumlarda daha məhdud sayda məmur vəzifələrinə iddialı olan şəxslər arasında da bir “canlanma” müşahidə olunmağa başlandı. Bu canlanmanın da səbəbi budur ki, yeni təhsil idarələrində xüsusən rəhbər və kiçik rəhbər (müdir, müavin, rəis, baş mütəxəssis və sairə) vəzifə postlarının nəzərdə tutulan sayı, hazırda eyni tutumda işin həyata keçirilməsi üçün saxlanılan rəhbər məmur ştatlarının ümumi sayından təxminən 4-5 dəfə az olacaq. Məsələn, Salyan Regional Təhsil İdarəsinin tərkibinə Şirvan şəhər, Salyan, Hacıqabul, Neftçala, Biləsuvar və Cəbrayıl rayon təhsil şöbələri qatılacaq. Bu da o deməkdir ki, ən yaxşı(?) halda bu altı rayon təhsil şöbə müdirlərindən yalnız biri yeni idarənin rəhbərliyinə təyinat alacaq. Bir başqa halda isə, yeni müdirin təyinatı üçün bu altı məmurun namızədlikləri ümumiyyətlə nəzərdən keçirilməyə də bilər. Hər halda, məsələ hələlik açıq qaldıqca, müəyyən “iddialılar” tərəfindən öz şanslarını artırmaq ümidilə müəyyən addımlar atılır. Bu barədə Nüftçaladan aldığımız son məlumatlarda da xəbər verilir. Mövzuya dair ötən saylarımızdan birində dərc olunmuş yazıda biz artıq göstərmişdik ki, Salyan Regional Təhsil İdarəsinin rəhbərliyində məhz özünü görən kadrlardan da biri Neftçala Rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimovdur. Redaksiyamıza bir qədər əvvəl daxil olmuş məlumatlarda, hətta Əjdər Kərimovun artıq bu xüsusda Təhsil nazirinin müavini Firudin Qurbanovla guya ki anlaşmaya gəldiyini bəyan etdiyi də vurğulanırdı. Halbuki, bu məmurun indiyədək Neftçala təhsilinin başına gətirdiyi oyunlar, onu ümumiyyətlə təhsil sahəsindən uzaqlaşdırılmasına hər cür əsas verir.
Neftçaladan yeni aldığımız növbəti məlumatda isə, Əjdər Kərimovun və onun kadrlarının bu yönümdə atdıqları konkret addımlardan bəhs edilir. İlk növbədə, açıqlamada bildirilir ki, Salyan Regional Təhsil İdarəsinin (RTİ) tam formalaşdırılması prosesi hələlik başa çatmasa da, qurumun bəzi struktur bölmələri artıq fəaliyyətə başlayıb. Həmçinin müvafiq RTŞ-lərin mühasibatlıqlarının da funksiyalarını artıq regional idarənin mühasibatlığı icra etməyə başlayıb. Maraqlıdır ki, Neftçala RTŞ-nin baş mühasibi olmuş Münəvvər Sadıqova hazırda Salyan RTİ-də mühasib vəzifəsində çalışır. Bununla belə aldığımız açıqlamada vurğulanır ki, hələlik bu məmur xanım Neftçala məktəblərində müəyyən prosedurların icrasında, keçmiş rəhbərinin maraqları baxımından fəal iştirakını davam etdirir. Belə ki, Münəvvər Sadıqova Neftçala RTŞ-nin müdiri Əjdər Kərimovun guya ki, Salyan Regional Təhsil İdarəsinin rəhbəri vəzifəsinə gətirilməsi bəhanəsilə Neftçala məktəblərində intensiv şəkildə pul yığımlarını həyata keçirir.
Dərc etdiyimiz ötən materiallarda biz artıq qeyd etmişdik ki, bu məmurun yeni regional idarənin başına gətirələcəyini güman etmirik. Ən azından bizimdovr.az-a daxil olan məlumatlarda Neftçala RTŞ-nin yarıtmaz fəaliyyəti, Əjdər Kərimovun öz işində yol verdiyi ciddi qanun pozuntuları barədə açıqlamaların mütəmadi olaraq yer alması belə bir ehtimalın istisna olunmasına əsas verir. Məlumatlarda qeyd olunur ki, RTŞ müdirinin yarıtmaz fəaliyyəti ucbatından son bir ildə rayon üzrə şagirdlərin dərslərə davamiyyəti xeyli aşağı düşüb. Müəllimlərin bir çoxu repititorluq etdikləri üçün məktəbdə uşaqları öyrətmək istəmirlər, hətta dərslərə belə gəlmirlər. Direktorlar isə həmin müəllimlərdən rüşvət alaraq onların məktəbdən yayınmalarına göz yumurlar. Vurğulanır ki, məhz Əjdər Kərimov bütün bu özbaşınalıqların əsas təşkilatçısı kimi çıxış edir.
Bunu nəzərə alaraq düşünmək olar ki, Əjdər Kərimov artıq sadəcə son imkanlardan yararlanmaq fürsətini dəyərləndirməyə cəhd göstərərək, keçmiş işçisinin vasitəçiliyi ilə müvəqqəti tabeliyində qalan təhsil müəssisələrindən “vida hədiyyələri”ni toplamaq niyyətindədir...

Bütün tərəfləri dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net