"Rəfael və Elşən Cəbrayılov qardaşları pulumu alıb, geri qaytarmırlar"
Tarix: 14-12-2015, 08:58 | Çap et
 "Rəfael və Elşən Cəbrayılov qardaşları pulumu alıb, geri qaytarmırlar"
Bakı sakini Məlahət Qurbanova deputat Rəfael Cəbrayılov və qardaşı Elşən Cəbrayılovdan şikayətçi düşüb. Onun şikayətçi düşməsinə səbəb isə deputat və qardaşının aldıqları pulları geri qaytarmamasıdır.

Redaksiyamıza müraciət edən xanım Qurbanova bildirir ki, 2013-cü ilin əvvəlində çoxdan tanışı olan, vaxtıyla prokurorluq orqanlarında çalışmış Mirəhməd Abbasov onun rəhbərlik etdiyi lombarda gələrək, pul götürüb və qaytarıb. «Mirəhməd Abbasov həm tələbə yoldaşım olub, həm də bu hərəkətləri ilə daha da etibarını artırıb. Lakin 2013-cü ildə o, mənə bildirdi ki, deputat Rəfael Cəbrayılov və qardaşı Elşən Cəbrayılovla şərikli bina inşa edirlər. Və tikinti işlərini davam etdirmək üçün onlara pul lazımdır. Mən də Mirəhmədə etibar etdiyim üçün ona 165 min manat pul verdim».

Zərərçəkən şəxs qeyd edir ki, Mirəhməd Abbasov onu inandırmaq üçün Rəfael Cəbrayılovun inşa etdirdiyi binadan dəyəri 300 min manat olan qeyri-yaşayış binasının müqaviləsini, kassa mədaxil qəbzini, Abşeron rayon İcra Hakimiyyətindən tikintiyə icazə sənədlərini və layihəsini təqdim edib. «Mən həm də ona şahid oldum ki, tikinti işlərini aparan «Dərhal» MMC-nin direktoru deputat Rəfael Cəbrayılovun qardaşı Elşəndir. Hətta bir dəfə deputatın sürücüsü olan Vüqar gəlib məndən pul da götürdü. Lakin aradan 1 ildən çox vaxt keçməsinə baxmayaraq, nə Mirəhməd Abbasov, nə Rəfael Cəbrayılov, nə də Elşən Cəbrayılov pullarımı qaytarmırlar».

Məlahət Qurbanova bildirib ki, o, başına gələnlərlə bağlı Baş Prokurorluğa müraciət edib. Oradan isə bildiriblər ki, Rəfael Cəbrayılovun sürücüsü Vüqar bu işləri onlardan xəbərsiz edib. «Mənə bildirdilər ki, Vüqar izahatında bildirib ki, o, hər şeyi onlardan xəbərsiz edib. Bununla bağlı Rəfael və Elşən Cəbrayılovlar, habelə Mirəhməd Abbasov Nəsimi polisinə ərizə ilə müraciət ediblər. Ancaq bu inandırıcı deyil. Ona görə ki, Vüqar bu işi təkbaşına edə bilməzdi. Aydın məsələdir ki, Rəfael və Elşən ciddi problemlə üzləşəcəklərindən dolayı belə bir addım atıblar. Əgər Vüqar bu işi təkbaşına görürdüsə, bəs, 300 min manatlıq mənzilin sənədlərini niyə mənə Mirəhməd Abbasov verirdi? Üstəlik, əgər Vüqardan şikayət verilmişdisə, bəs, necə olur ki, həmin şəxs hazırda yenə də Rəfael Cəbrayılovun sürücüsüdür?».

Şikayətçi sonda dövlət başçısı İlham Əliyevə müraciət edərək, ondan yardım istəyib.

Qarşı tərəfi də dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net