Lənkəran Tibb Kollecində tələbələr təhqir olunur?
Tarix: 25-11-2015, 10:45 | Çap et
Lənkəran Tibb Kollecində tələbələr təhqir olunur?
Lənkəran Tibb Kollecində özbaşınalıq hökm sürür. JAM.AZ xəbər verir ki, təhsil ocağının direktoru İqbal Əmənullayevin bəzi hərəkətləri isə tələbələri hövsələdən çıxarmağa başlayıb.

İddia olunur ki, Əmənullayev çox vaxt işdə tapılmasa da, onun səlahiyyətlərini kollecin şöbə müdiri Muradəli Fərəcov reallaşdırır. JAM.AZ-a danışan tələbələr deyirlər ki, direktorun belə bir addım atması düşünülmüş planın tərkib hissəsidir. Onların sözlərinə görə, Əmənullayev hamının gözündə yaxşı olmaq və problemləri ört-basdır etmək üçün Fərəcovu qabağa verib və sabah problem yaranarsa, məsələdən xəbərsiz olduğunu demək fikrindədir.

Daha sonra bildirilir ki, artıq qış sessiyası başlamaq üzrədir və bu səbəbdən də imtahan məsələsi gündəmə gəlib. Tələbələrin JAM.AZ-a verdiyi məlumata görə, Əmənullayev tələbələrin imtahanına görə onlardan 300 manat tələb edir. Keçən il isə bu rəqəm 200 manat olub.

Qeyd edək ki, Lənkəran Tibb Kollecində baş qaldırmış problemlər təkcə bundan ibarət deyil. Həmçinin Əmənullayevin «xeyir-duası» ilə tələbələrə qiymət kitabçası və biletlərin də satıldığı da aşkarlanmaq üzrədir.

Bu gün JAM.AZ-a danışan bir neçə tələbə isə daha təhlükəli bir mətləbdən bəhs edir. Onlar deyirlər ki, hazırda Lənkəran Tibb Kollecində məktəbin təmizlənməsi üçün tələbələrin imkanlarından yararlanılır və onların mütəmadi olaraq iməclikləri təşkil olunur. «Dərsdə olanları İqbal çağıraraq, iş gördürür. Amma biri xəstə olub qayıbı çoxalarsa, onun başına min bir müsibət açılır. Məsələn, Əmənullayev dərs davamiyyətində cüzi qüsur olanları bir kənara qoyub, onları bütün işçilərin içində ağır formada təhdid və təhqir edib».

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net