Ana Sayfa > Region / Manşet > Ağdamda subsidiya maxinasiyaları

Ağdamda subsidiya maxinasiyaları


24-02-2016, 11:23. Yazar: admin
Ağdamda subsidiya maxinasiyaları
Artıq neçə müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov tərəfindən yol verilən çoxsaylı qanun pozuntularından bəhs edilir. Bildirilir ki, bu gün Ağdamın icra başçısının rəhbərlik etdiyi rayonun idarəçiliyində yol verdiyi ciddi nöqsanlar rayonun təhsil, səhiyyə, mədəniyyət və sosial müdafiə kimi strateji əhəmiyyət kəsb edən sahələrini acınacaqlı bir duruma gətirib. O cümlədən aldığımız açıqlamalarda hazırda Quzanlı qəsəbəsində fəaliyyət göstərən Ağdam ƏSMM-nin işindən çoxsaylı şikayətlər öz əksini tapmaqdadır. Yerli sakinlər tərəfindən redaksiyamıza ünvanlanmış şikayət məktublarında bu ƏSMM-nin yarıtmaz işindən, mərkəzin fəaliyyəti nəticəsində bir çox vətəndaşların qarşılaşmalı olduqları hüquq pozuntularından və digər bu kimi neqativ hallardan bəhs edən açıqlamalar təqdim olunmuşdur. Məlumatlarda bildirilir ki, Ağdam ƏSMM-nin direktoru Əvəz Sadıqov birbaşa Raqub Məmmədovun təlimatları əsasında fəaliyyət göstərməklə, aztəminatlı vətəndaşların problemlərinə qarşı nümayişkaranə biganəliyi və törədilən maxinasiyaların miqyası ilə diqqəti cəlb edir. Məlumatlarda vurğulanır ki, plastik kartların tətbiq olunduğu vaxtdan əksər ƏSMM -lərdə çox yayılmış bir üsulla, kartların ilk altı ay müddətində qanuni sahiblərindən saxlanılması yolu ilə aztəminatlı vətəndaşların külli miqdarda pul vəsaitlərinin mənimsənilməsi halları bu gün də Əvəz Sadıqov tərəfindən tətbiq olunur. Artıq qeyd etdiyimiz kimi, ƏSMM rəhbərlərinin bir çox bu kimi əməlləri ilə bağlı tənqidi yazıları qəzetimizdə dəfələrlə dərc etsək də, səlahiyyətli instansiyalar və ilk növbədə təbii ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hələ də bu kimi qanun pozuntularının qarşısının birdəfəlik alınması məqsədilə qəti tədbirlər həyata keçirmirlər. Digər tərəfdən isə ölkəmizdə korrupsiyaya qarşı mübarizənin getdikcə daha böyük vüsət alması fonunda ayrı-ayrı məmurların hələ də tam cəzasızlıq şəraitində öz cinayət əməlləri ilə məşğul ola bilmələri onların güclü himayədarlarının olduğu fikrini ortaya qoyur. Elə Quzanlıdan aldığımız məlumatlarda da, Ağdam ƏSMM rəhbərinin “toxunulmazlığının” birbaşa Raqub Məmmədov tərəfindən təmin edildiyi vurğulanır. Lakin bu da bir faktdır ki, mövcud vəziyyət uzun müddət davam edə bilməz. Bu gün Ağdam ƏSMM-nin misalında nəzər saldığımız problem əslində ölkə miqyasında təcili həllini gözləyir. Təəssüflər olsun ki, hələ də bir çox şəhər və rayonlarda bu sahədə görülən işlərdə ən azından böyük boşluqların və bəlkə də kobud qanun pozuntularının mövcudluğu müşahidə edilir.
Digər tərəfdən isə, aldığımız məlumatlarda bu gün oxşar problemlərin DSMF-nin Ağdam rayon şöbəsinin fəaliyyətində də müşahidə olunduğu qeyd olunur. Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz materiallarda da biz göstərmişdik ki, bu gün Azərbaycanda əhalinin sosial problemlərinin həlli, maddi rifahın yüksəldilməsi, xüsusən də əhalinin aztəminatlı təbəqəsini təmsil edən vətəndaşların həyat səviyyəsinin qaldırılması kimi məsələlərin daima dövlətin diqqət mərkəzində saxlanılmasına rəğmən, bəzi məmurların yerlərdə yol verdikləri özbaşınalıqlar hələ də, məhz bu təbəqənin maraqlarına ciddi zərbələr vura bilmək qabiliyyətindədir. Belə vəziyyətin yaranmasına əsas səbəblərdən biri isə DSMF strukturlarına, xüsusən qurumun rayonlarda fəaliyyət göstərən şöbələrinə rəhbərlik edən bəzi məmurların dövlətimizin bu sahədə həyata keçirdiyi siyasəti nə düzgün qiymətləndirməyə, nə də bu baxımdan üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə hazır olmamalarıdır. Bir çox bölgələrdə, DSMF şöbələrinə rəhbərlik edən şəxslərin özbaşınalıqları, aztəminatlı vətəndaşların problemlərinə biganəlikləri yerlərdə əhalinin kəskin etrazlarına səbəb olur. Bir neçə rüşvətxor məmurun varlanması əhalini dövlət strukturlarından narazı salmaq hesabına başa gəlir. Əslində, bu kimi hərəkətlər dövlət əleyhinə provokasiya kimi qiymətləndirilməlidir. Çünki bu vəziyyət bir tərəfdən dövlətin sosial siyasətinin reallaşmasına əngəl törədir, digər tərəfdən isə konkret vətəndaşların hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur. Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, bu kimi halların xüsusilə çox baş verdiyi rayonlardan biri də məhz Ağdam rayonudur. Artıq ötən saylarımızda dərc etdiyimiz materiallarda biz qeyd etmişdik ki, mənbələrin iddialarına görə, hal-hazırda DSMF-nin Ağdam rayon şöbəsinin iş prinsipi faktiki olaraq rayonun icra başçısının qeyri-qanuni tələblərinə uyğunlaşdırılıb. Şöbənin müdiri Novruz Hacıyev isə, bu tələbləri, eləcə də öz maraqlarını təmin etmək məqsədilə təqaüdlərin saxta yollarla artırılması kimi maxinasiyalara mütəmadi olaraq əl atmalı olur. Digər tərəfdən də Ağdam sakinləri bildirirlər ki, Novruz Hacıyevin əlindən qanuni pensiyalarını ala bilmirlər. Pensiya alınması ilə yanaşı, ona nail olmaq üçün də DSMF-nin Ağdam şöbəsində bir xeyli pul tələb edilir. Vəziyyətdən istifadə edən şöbə müdiri isə “qiymətləri” getdikcə daha çox qaldırır. Bununla yanaşı, aldığımız məlumatlarda Novruz Hacıyevin birbaşa büdcə vəsaitlərini mənimsəmək məqsədilə törətdiyi maxinasiyalardan da söz açılır. Bu xüsusda təqdim olunan açıqlamalarda, mənbələr DSMF-nin yerli şöbəsinin müdiri Novruz Hacıyevi müxtəlif müəssisə rəhbərləri ilə əlbir olaraq bir sıra qanun pozuntularına yol verməkdə ittiham edirlər. Bildirilir ki, birbaşa Raqub Məmmədovun göstərişləri əsasında Novruz Hacıyev bəzi müəssisə rəhbərləri ilə qanunsuz razılaşmalara imza atır. Belə ki, rəsmi sənədlərdə həmin müəssisədə işləyən fəhlələrin sayı real saydan xeyli az göstərilir. Bu azaltma müəssisə rəhbərliyini bir çox büdcə ödənişləri, o cümlədən sosial müdafiə fonduna olan ödənişlər üzrə xərclərin böyük bir hissəsindən azad edir. Eyni zamanda məhz Sosial Müdafiə Fondu üçün nəzərdə tutulan ödənişlərdən qənaət olunan məbləğin yarısı, nəğd şəkildə Novruz Hacıyevə təqdim edilir. Maraqlıdır ki, bu maxinasiya sayəsində Raqub Məmmədov hər iki tərəfin, həm DSMF şöbə müdirinin, həm də müəssisə rəhbərinin gəlirlərinə şərik olur.
Daha sonra aldığımız məlumatlarda qeyd olunur ki, bu gün rayon sakinlərini xüsusilə narahat edən əsas problemlərdən biri də Ağdamın yolları ilə bağlıdır. Bu xüsusda açıqlamalarda bildirilir ki, Quzanlı qəsəbəsi istisna olmaqla, rayonun bütün yollar yaman gündədir. Yağış, qar yağan kimi xüsusən kəndlərdə nəqliyyatın hərəkəti iflic olur. Palçıq əlindən tərpənmək mümkün olmur. Halbuki hər il dövlət büdcəsindən Ağdamda yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə böyük məbləğlərdə vəsaitlər ayrılır. Lakin rayon rəhbərliyinin qabarıq iştahası bu vəsaitlərin nəzərdə tutulan layihələrə xərclənməsini əngəlləyir. Həmçinin açıqlamalarda icra başçısı tərəfindən ən müxtəlif bəhanələrlə Ağdam məmurlarından intensiv şəkildə pul yığımlarının həyata keçirilməsi və digər oxşar məlumatlar öz əksini tapmışdır. Eyni zamanda da, mənbələr israrla bildirirlər ki, Raqub Məmmədovun öz əlaltıları ilə birgə həyata keçirdiyi ən möhtəşəm maxinasiyalardan bir neçəsi də məhz kənd təsərrüfatı məhsullarının istehsalını stimullaşdırmaq məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına yardımların verilməsi zamanı tətbiq olunmuşdur. Belə ki, məlumatlara görə başçı rayonun aqrar sektoruna dövlətin ayırdığı subsidya pullarına əl qoymaq məqsədilə indiyədək rayonun bir çox kənd bələdiyyə sədrləri və yerli icra nümayəndələri ilə əlbir olaraq əkinə yararsız olan torpaq sahələrini subsidiya yardımına yazdıraraq xeyli qazanc əldə edib...

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri dön