Ana Sayfa > Region / Manşet > Ağstafada başçının adamı problemə çevrilib

Ağstafada başçının adamı problemə çevrilib


14-12-2015, 10:06. Yazar: admin
Ağstafada başçının adamı problemə çevrilib
Ağstafanın Qıraq Kəsəmən kənd icra nümayəndəsindən məlumatlar daxil olub.

Vertikal.az-a verilən xəbərə görə, Nurəddin Yaqubəliyev tutduğu vəzifədən istifadə edərək qanunsuzluqlara yol verib. O, 2010-cu ildən bu vəzifədə işləyir.

Mənbə bildirib: “Ötən beş ildə idarəni şəxsi obyektinə çevirib. Burada qohumlarından, yaxın tanışlarından ibarət “ölü canlar” saxlayır və onların adına yazdığı pulu mənimsəyir. İcra nümayəndəliyində təkcə xidmətçilərin sayı 6 nəfərdir. Hamısı da yarım ştat işə götürülüb. Xidmətçilərin çoxluğu onunla bağlıdır ki, onların hər biri işə götürülərkən hərəsindən 1000 manat rüşvət alınıb. Yaqubəliyev dövlət büdcəsinə ziyan vurur. Qanunvericiliyə görə, yarım ştat işləyənlər DSMF ödənişlər etməkdən azaddırlar. İcra nümayəndəsi bunları yaxşı bilsə də, onu dövlətin mənafeyi deyil, öz cibi maraqlandırır”.

Məlumatda deyilir ki, yaşayış yeri, ailə tərkibi ilə bağlı sakinlərə verilən arayışların da öz qiyməti var: “Belə ki, adi arayışlar 2 manata verilir, ünvanlı sosial yardım almaq məqsədilə tələb olunan arayışa görə isə 50 manat ödənilməlidir. Bu qiymətlər kasıb kənd sakinləri tərəfindən ciddi narazılıqla qarşılansa da, icra nümayəndəsi heç kəsə güzəşt etmir”. N.Yaqubəliyevin ən çox saxta gəlir yerlərindən biri də dövlət tərəfindən ayrılan subsidiyalarla bağlıdır. İl ərzində Qıraq Kəsəmən kəndinin ərazisində təxminən 100 hektar taxıl əkilsə də o, bu rəqəmi sənədlərdə 500 ha göstərir və nəticədə əldə olunan külli miqdarda vəsaiti mənimsəyir. Mənbə iddia edir ki, icra nümayəndəsinin diplomu saxtadır: “Həmin diplom (AB-1-N 016345, Qeyd № 2750) ona Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı tərəfindən satılıb. Guya Yaqubəliyev Gürcüstanda fəaliyyət göstərən “universitetlərdən” birinə qəbul olub, sonra Qazax filialına “perovod” olunub. İxtisasca ekoloqdur. Sonradan məlum olub ki, Qazax filialında ekologiya üzrə ixtisas olmayıb. İcra nümayəndəsinə “meydan” verən onun rayon rəhbərliyindəki havadarlarıdır. Həmin havadarlar arasında rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Ramiz Tatarov, Sosial-iqtisadi məsələlər üzrə müavin Aydın Hacıyev, RİH kadrlar şöbəsinin müdiri İlqar Hacıyev və RİH ərazi idarəetmə məsələləri üzrə şöbə müdiri Şaiq Qurbanovun adları xüsusi çəkilir”.

Mənbə bildirib ki, icra başçısı Məhərrəm Quliyevin baş verənlərdən xəbəri var: “Qıraq Kəsəmən kənd sakinləri dəfələrlə haqsızlıqlarla bağlı ona müraciət ediblər. Lakin icra başçısı hər dəfə icra nümayəndəsinin havadarlarının mövqeyini şikayətçi kənd sakinlərinin mövqeyindən daha üstün tutub. Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edən sakinlər icra nümayəndəsi və havadarları barədə ciddi ölçü götürəcəklərinə ümid edirlər. Ona görə ki Yaqubəliyevin verdiyi saxta arayışların nəticəsində sakinlərin icarə torpaqları onun yaxın ətrafının və atasının adına keçirilib.
Bu barədə rayon prokurorluğunda cinayət işi qaldırılıb.

Geri dön