Oğuzun indiki, Ucarın keçmiş polis rəisindən şok şikayət
Tarix: 28-09-2015, 09:02 | Çap et
Oğuzun indiki, Ucarın keçmiş polis rəisindən şok şikayət
Ucar rayon sakini İlyas Əhmədov Oğuz Rayon Polis Şöbəsinin rəisi Tahir Quliyevin ailəyə məxsus maliyyə vəsaitini verməməsindən şikayət edir.
Onun sözlərinə görə, bu ilin yanvar-iyun aylarında özü, atası, iki qardaşı və daha 10 nəfər fəhlə olmaqla Bərdə rayonunda polis rəisinə məxsus “Qızıl balıq” otel-restoranının tikintisində kafel-metlax və taxta işləri aparıblar. 5 ha-dan çox ərazini əhatə edən həmin otel-restoranda böyük binalar, 15 ədəd kotec, çoxsaylı köşklər olub. Rəis (Tahir Quliyev o vaxt Ucar Rayon Polis Şöbəsinin rəisi olub) bütün işlərə görə Əhmədovlar ailəsinə 7250 manat pul verməliymiş.
İşlər tamam olduqdan sonra T Quliyevdən pullarını istədikdə rəis bu adamları həbs edəcəyilə hədələyib. Rəis pulları vermədiyi üçün İ.Əhmədov ailəyə məxsus “Ford” markalı maşını 5500 manata sataraq fəhlələrin pulunun bir hissəsini verib.
T.Quliyevin 10 min başdan çox qoyun sürüsünə, Bərdədə iki quşçuluq broylerinə sahib olduğunu deyən İ.Əhmədov bu qədər varidatın müqabilində 4 nəfər şəxsin zəhmət haqqını mənimsədiyini bildirir.
İ.Əhmədov mətbuata bu müraciətə qədər dövlət başçısına, nazir Ramil Usubova müraciət ünvanlayıb. “Milyonlarla manat var-dövləti olan Tahir Quliyevin bizə olan borcunu almaqda bizə kömək edin”, -deyə Əhmədovlar ailəsi qeyd edir.
DİN mətbuat xidmətindən bildirilib ki, əgər nazirə müraciət edilibsə araşdırılıb cavab verilər, yox müraciət olmayıbsa, müraciət edilsin və məsələ araşdırılsın.
Qeyd edək ki, son vaxtlar bəzi rayonların polis rəisləri ilə bağlı şikayətlərin, narazılıqların artdığı hiss olunur. Daxili işlər naziri Ramil Usubovun bir neçə polis rəisini adları xoşagəlməz qalmaqallarda hallandığıı üçün cəzalandırsa da, bundan dərs çıxarmayanlar da var.
Hər halda xüsusilə seçki ilində vəzifəli şəxslər vətəndaşları narazı salacaq, onları protest elektoratına çevirəcək addımlardan çəkinməlidirlər. Unutmamalıdırlar ki, belə addımlar yalnız onların özləri barədə mətbuatda, ictimai rəydə mənfi münasibət formalaşdırmır, həm də hökumətə gərəksiz problemlər yaradır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net