"Nabran Holiday Village" müştərisiz qalıb
Tarix: 30-07-2015, 15:09 | Çap et
"Nabran Holiday Village" müştərisiz qalıb
Ölkədə bir sıra istirahət məkanları fəaliyyət göstərir. Əksəriyyətinin fəaliyyəti heç kəsi razı salmır. Bir neçəsində ciddi nöqsanlar mövcuddur. Təəssüf ki, vətəndaşların çoxunun bundan xəbəri yoxdur. Sözsüz ki, bu kimi işlərlə aidiyyəti qurumlar məşğul olmalıdırlar. Bəzi səbəblərdən aidiyyəti qurumlar istirahət məkanlarına nəzarət etmirlər. Lakin bu yaxınlarda Masallı İstisu sanatoriyasında aşkarlanan qanun pozuntuları istirahət zonasının bağlanmasına səbəb oldu. Dəfələrlə sözügedən istirahət məkanıyla bağlı ciddi nöqsanların olduğu deyilirdi. Belə ki, əhaliyə iaşə, mehmanxana və yod-bromlu sudan (isti su) istifadə edilməklə müalicəvi xidmətlər göstərilir. Araşdırma zamanı məlum olub ki, müalicəvi xidmətlərin göstərilməsi üçün müəssisənin Səhiyyə Nazirliyi tərəfindən lisenziya verilməyib. Çörək qeyri-sanitar şəraitdə saxlanılır.

Müəssisəyə müalicə məqsədi ilə gələn şəxslərə kortəbii şəkildə xidmət göstərilir. Müəssisədə müalicəvi məqsədlər üçün müraciət edən şəxslərin müayinə olunması üçün həkimin olmadığına görə, xəstələr müayinə edilmədən vannalara verilən sudan istifadə edir ki, bu da onların həyatı və sağlamlıqları üçün təhlükədir.

Müəssisələrdə sanitar qaydalara düzgün əməl edilmədiyi deyilir. Hətta qiymətlərin bahalığından da şikayətlənənlər çox idi. Nəhayət ki, mediada gedən xəbərlərdən sonra müvafiq qurumlar sözügedən istirahət məkanında yoxlamalar apararaq mövcud nöqsanları aşkara çıxarıb. Qeyd edək ki, son zamanlar istirahət məkanlarının qiymətləri ölkə başçısını da narahat edən məsələlər sırasındadır. Prezident çıxışı zamanı turizm sahəsindəki bahalıqdan narazı olduğunu bildirmişdi. Hətta ölkə başçısı ölkədəki istirahət məkanlarındakı xidmət səviyyəsinin də aşağı olduğunu xüsusi vurğulamışdı.

Təəssüf ki, ölkədə bir sıra istirahət obyektləri var ki, onlarda da ciddi nöqsanlar var. Lakin müvafiq qurumlar heç bir tədbir görmürlər. Bunlardan biri də Nabranda yerləşən "Nabran Holiday Village" mərkəzidir. Bu istirahət məkanı artıq hamının etibarını itirib. Orada baş verən bədbəxt hadisədən sonra sözügedən istirahət mərkəzi öz imicinə xələl gətirdi. Qısaca da olsa qeyd edək ki, orada ailəsiylə birlikdə istirahət edən İmran Cəfərzadə faciəylə üzləşdi. Balaca İmranın başına gələn hadisədən sonra səlahiyyətli şəxslər sözügedən obyektin fəaliyyətini dayandıracaqlarını əminliklə desələr də, bu baş vermədi. İstirahət məkanı hələ də fəaliyyətini davam etdirir.

Təəssüf ki, İmran Cəfərzadənin başına gələn hadisəyə görə obyekt sahibi məsuliyyətə cəlb olunmadı.

Bu da onu göstərir ki, balaca İmranın başına gələn bədbəxt hadisədən heç kəs siğortalanmayıb. Əldə etdiyimiz məlumata görə, məlum hadisədən sonra istirahət məkanının müştəriləri həddindən artıq az olur. Hətta Avropa Oyunları ərəfəsində paytaxta gələn turistlər də "Nabran Holiday Village" mərkəzinə getməyiblər. Bütün bunlar onu göstərir ki, obyekt bağlanmasa da, rəhbəri məsuliyyətə cəlb olunmasa da, müştərilərini itirib.

Onu da qeyd edək ki, otellərə və istirahət mərkəzlərinə kifayət qədər təcrübəsi və təhsili olan mütəxəssislər götürülməlidir. Çünki onlar işlərini dərindən bildiklərinə görə öz işlərinə qarşı məsuliyyətli olurlar. Bundan başqa yay fəsli gəldiyinə görə orada sanitar gigiyenik qaydalara əməl olunmalıdır. Hovuzlarda su vaxtlı vaxtında təmizlənməlidir ki, orada istirahət edən şəxslər dəri xəstəliklərinə tutulmasınlar.

Qeyd edək ki, "Nabran Holiday Village" istirahət məkanının sahibi sabiq deputat Nizami İsgəndərovdur. Bu şəxs isə yenidən mandat qazanmaq sevdasına düşüb.

Reputasiyası zədələnmiş biznesmen parlament seçkilərində yenidən iştirak üçün qeyri-rəsmi təbliğata başlayıb.

Belə ki, bununla bağlı əldə etdiyimiz məlumata görə, N.İsgəndərov aktiv siyasi fəaliyyət yolunu seçib və ictimai həyatda özünü təsdiqləmək məqsədi var.

Qeyd edək ki, sabiq deputat Nizami İsgəndərov Sumqayıt şəhərinin tanınmış iş adamlarından biridir və "Nabran Village Holiday" istirahət mərkəzi ilə yanaşı "Cavid" və "Sumqayıt" ticarət mərkəzlərinin sahibidir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net