Ağdam Olimpiya Kompleksində – YEYİNTİ
Tarix: 16-07-2015, 12:14 | Çap et
Ağdam Olimpiya Kompleksində – YEYİNTİ
Ağdamın Quzanlı qəsəbəsində inşa olunmuş Olimpiya İdman Kompleksi baxımsız vəziyyətdədir. Yerli idman ictimaiyyəti müxtəlif instansiyalara müraciətlər göndərməkdə davam edirlər.
Fia.az yazır ki, İdman Kompleksi 2008-ci ildə istifadəyə verilib. Kompleksin saxlanması üçün dövlət büdcəsindən hər ay kifayət qədər vəsait ayrılsa da, ümumi vəziyyət acınacaqlıdır.
Kompleksin nəzdindəki stadionun giriş qapısında setkaların olmaması, mərkəzi meydançanı ağuşuna alan alaq otlarının varlığı, meydançanın bəzi yerlərində deşiklərin əmələ gəlməsi və sairə bu kimi problemlərin varlığı, bir daha sübut edir ki, burada baxımsızlıq mühiti hökm sürməkdədir.
Bu da nəticə etibarilə, zaman-zaman xoşagəlməz problemlərin əmələ gəlməsinə səbəb olur. Ağdam Olimpiya İdman Kompleksinin direktoru Vaqif Balakişiyevin yarıtmaz fəaliyyəti səbəbindən öz vəzifəsindən azad olunduğuna dair məlumatlar yayımlanmışdı.
Həmin məlumatlarda bildirilirdi ki, “Qarabağ” futbol klubunun Quzanlıda ev oyunlarını keçirdiyi zaman, Vaqif Balakişiyev komandanın üzvlərinə olmazın əziyyət verirmiş. Futbolçular yataq yerlərinin narahatlığından, yuyunmaq üçün bəzən su olmadığından gileylənirdilər.
İddialara görə kompleksin nəzdində olan otaqları direktor kənar şəxslərə bir gecə qalmaq üçün 40-45 manata verir. Əldə olunan gəlirləri isə, kompleksə aid problemlərin aradan qaldırılmasına deyil, yalnız şəxsi məqsədlərinin həllinə yönəldir.
Belə ki, aldığımız açıqlamaya görə kompleksin saxlanılmasına ayrılan dövlət vəsaitlərinin müəyyən bir hissəsi də Ağdam RİH-nin binasının yaxınlığında inşa olunan və Vaqif Balakişiyevə məxsus olduğu bildirilən villanın tikintisinə yönəldilib.
Digər tərəfdən də son illər ərzində Vaqif müəllimin çoxsaylı kommersiya obyektlərinə, o cümlədən restorana və hətta “Land Cruiser” markalı avtomobilə sahib olması da müəyyən şübhələrə yol açır.
Mənbələrin iddialarına görə, Vaqif Balakişiyev sahib olduğu var-dövlətə məhz büdcədən ayrılan vəsaitləri və kompleksdən gündəlik əldə etdiyi qeyri-qanuni gəlirləri mənimsəməklə nail olub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net