Beyləqanda Yasin Əliyev olayı təhsil sahəsində çaxnaşma yaratdı
Tarix: 22-06-2015, 12:10 | Çap et
Beyləqanda Yasin Əliyev olayı təhsil sahəsində çaxnaşma yaratdı
İlk dəfə bu ayın əvvəllərində redaksiyamıza Beyləqan rayon Məhkəməsinin sədr köməkçisi Yasin Əliyevin yaramaz əməllərinə, eləcə də yol verdiyi ciddi qanun pozuntularına dair məlumatlar daxil olarkən, bu mövzunun getdikcə bu qədər dərinləşəcəyini təxmin belə etməzdik. İlk növbədə, əldə etdiyimiz məlumatların bir hissəsinin Beyləqan rayon Məhkəməsinin sədri Maşallah Şirinov üçün yenilik olması faktı, kifayət qədər güclü rezonans doğurmuş oldu. Təbii ki, burada söhbət Yasin Əliyevin məhkəməyə müraciət edən bəzi vətəndaşlarla korrupsiya sövdələşməsinə gedərək, baxılan işlərə dair qəbul edilən qərarların alınması prosesinə etdiyi müdaxilələrdən getmir. Ən azından, sədr köməkçisinin ilk növbədə məhz elə bu kimi məziyyətlərinə görə vəzifədə qaldığı bu gün nə Beyləqan rayon Məhkəməsində, nə də ümumiyyətlə rayonda heç kəsdə şübhə doğurmur. Amma köməkçisinin onun düz gözünün önündə, məhkəmə binasındakı otaqların birində özü üçün xəlvəti görüş məkanı düzənləməyi və ən əsası da bunu bir müddət gizli saxlaya bilməyi, deyilənə görə, Maşallah Şirinovu çox “sarsıtmış” oldu. Amma bu da var ki, Yasin Əliyevə qəzəblənmək olar, onu hətta bir iclasda şifahi tənbeh də etmək olar... Lakin bundan o yana artıq getmək olmaz. Çünki buna Yasin Əliyevin anası, Xuraman xanım imkan verməz. Yəni bu gənc məmuru işdən çıxarmaq, onu məsuliyyətə cəlb etmək, hər halda məhkəmə sədrinin səlahiyyətlərini aşır. Elə buna görə də, materialların dərcindən sonra Beyləqan rayon Məhkəməsində keçirilmiş iclasda, Maşallah Şirinov öz köməkçisinin əməllərini müzakirə etməkdənsə, ona məlumatları mətbuata öürən mənbənin tapılmasına dair tapşırıqlar vermişdi. Digər tərəfdən isə, qəzetimizin 17 iyul tarixli sayında dərc etdiyimiz növbəti materialda biz qeyd etmişdik ki, Yasin Əliyevin “casus axtarışları”nı rayonun təhsil sahəsində davam etdirmək niyyəti Beyləqan RTŞ-nin rəhbərliyinin etirazlarına səbəb olub. Bu xüsusda aldığımız son məlumatda vurğulanmışdı ki, Xuraman xanımın Beyləqan rayon 3 saylı orta məktəbin direktoru vəzifəsində çalışması, onun oğlunda məlumatların məhz bu sahədə olan mənbə tərəfindən mətbuata ötürülə biləcəyinə dair şübhələr yaratmışdır. Bu isə öz növbəsində Xuraman xanımla RTŞ rəhbərliyi arasında da münasibətlərin bir qədər gərginləşməsinə səbəb olub. Lakin, Beyləqan RTŞ-nin müdiri Tofiq Sadıqovu hiddətləndirən məqam heç də onun əməkdaşlarının şübhə altına alınmaları ilə bağlı deyil. Məsələ bundadır ki, Xuraman xanımın rəhbərlik etdiyi 3 saylı orta məktəbin öz fəaliyyəti də kifayət qədər şübhəli məqamlarla zəngindir. Buna görə də Tofiq Sadıqov, onsuz da uzun müddətdən bəri həm özünün, həm də rəhbərlik etdiyi qurumun ölkə mətbuatında davamlı olaraq tənqidə məruz qoyulmasına rəğmən, bir də bu yeni faktların meydana çıxma ehtimalı ilə heç cür barışmaq istəmirdi. Amma görünür, barışmalı olacaq. Ən azından Yasin Əliyevin arı pətəyi kimi silkələdiyi məktəbdə, artıq bəzi məlumatların ötürülməsi üçün kifayət qədər stimul yaranmışdır. Belə ki, yeni təqdim olunan açıqlamalarda, Xuraman xanımın rəhbərlik etdiyi məktəbdə ilk növbədə öz ailə üzvlərini işlə təmin etdiyi bildirilir. Bu xüsusda qeyd olunur ki, 3 saylı orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini Şahin Rüstəmov Xuraman xanımın doğma qardaşıdır. Məktəbin ərzaq təhlükəsizliyini təmin etmək (başqa sözlə, məktəbin bufetini işlətmək) şərəfi isə, direktorun kiçik oğluna nəsib olub. Daha sonra məlumatlarda 3 saylı orta məktəbdə işdən bir günlük icazənin müəllimlərə 10-20 manata başa gəldiyi bildirilir. Maraqlıdır, görəsən direktor müəllimin bu bir gün ərzində nədən və nə qədər pul qazandığını zənn edir ki, ondan belə bir məbləğ də tələb edir? Halbuki, iddialara görə məktəbdə ümumiyyətlə dərslərə gəlməyən 30 nəfərdən çox şagird var ki, onlardan da müəyyən məbləğdə pul alınaraq, adları sinif jurnallarında davamlı qeyd olunur. Mənbə, vaxtaşırı müəllimlərdən “RİH-də tədbir keçirilir” – bəhanəsilə yığılan məbləğlər də nəzərə alınmaqla, Xuraman xanımın aylıq qazancının 6-7 min manat civarında olduğunu qeyd edir. Göründüyü kimi Beyləqan RTŞ-nin müdiri, Yasin Əliyev olayının təhsil müstəvisinə transferinə etiraz etməkdə haqsız deyildi. Çünki yaşananlardan ciddi narahatlıq keçirən Beyləqan sakinləri, artıq baş verənlərə dair ölçü götürülməsi gözləntiləri ilə nəzərlərini sadəcə ölkənin Ədliyyə Nazirliyinə deyil, eyni zamanda həm də Təhsil Nazirliyinə yönəldiblər.Bu arada isə, digər bir mənbə 3 saylı Beyləqan rayon orta məktəbin direktorunun özünün də kifayət qədər sirli bir xanım olduğunu iddia edir. Belə ki, açıqlamaya görə, Xuraman xanım tez-tez Təhsil Nazirliyinə çağırıldığını bəhanə edərək, rayondan qeyb olur. Halbuki, məhz həmin günlərdə Tofiq Sadıqovun öz yerində olması, məktəb direktorunun nazirliyə çağırılmasına dair iddiasını böyük şübhə altına alır...





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net