Bu rayonda ədaləti dəfn ediblər...
Tarix: 6-06-2015, 08:15 | Çap et
Bu rayonda ədaləti dəfn ediblər...
Son illər ölkəmizdə məhkəmə-hüquq sistemində müsbət işlərin həyata keçirilməsini, bəzi məkhəmə sədrlərinin törətdikləri qanunsuzluqlara görə vəzifələrindən uzaqlaşdırılmalarını bir çoxları bilir. Lakin bununla yanaşı bu gün məhkəmə orqanlarında qərəzli hökmlərin çıxarılması, bəzi məhkəmə sədrlərinin nələrinsə müqabilində haqlı tərəfi suçlu çıxarması halları mövcuddur.

Bu kimi durumlarda isə təbii ki, vətəndaşların haqlı narazılıqları baş qaldırır ki, sonrakı mərhələdə dövlət işçilərinə, orqanlarına olan etibar, inam heçə enmiş olur. Necə deyərlər, qurunun oduna, yaş da yanır. Bu gün yenidən məhkəmə-hüquq sistemindən söhbət açmağımız təbii ki, əbəs deyil. Belə ki, daxil olan şikayətə əsasən yenidən bu mövzuya müraciət etməli olduq. Bir şeyi də təəssüf hissi ilə qeyd etməliyik ki, daxil olan şikayətlər sırasında bölgələr demək olar ilk pilləni tutur. Digər təəssüf doğuran bir məqam da ondan ibarətdir ki, əksər hallarda eyni rayon məhkəməsindən şikayət daxil olur. Bu isə onu göstərmiş olur ki, demək daxil olan məlumatlar, şikayətlər səbəbsiz deyil.

Daimi oxucularımız daha yaxşı bilir ki, Quba Rayon Məhkəməsinin sədri Füzuli Pənahovun törətdiyi özbaşına əməllərlə bağlı dəfələrlə qəzetimizin ötən saylarında geniş məqalələr dərc etmişik. Elə bu dəfə də, məhz Quba Rayon Məhkəməsində yaşanan olayları, vətəndaşların incidilməsini sizlərin diqqətinə çatdıracağıq. Rayon sakinlərinin sözlərinə görə, Füzuli Pənahovun qanuna sığmayan hərəkətləri Qubada məhkəmə sisteminin ədalətli şəkildə qurulmasına qətiyyən imkan vermir. Əldə etdiyimiz məlumatlarda bildirilir ki, 2007-ci ilə qədər məhkəmənin fəaliyyəti qənaətbəxş kimi qiymətləndirilib. Həmin ildən başlayaraq Quba Rayon Məhkəməsi tənəzzül yoluna qədəm qoyub. Bunun səbəbi Füzuli Pənahovla bağlıdır. Belə ki, o, 2007-ci ildə Astara Rayon Məhkəməsinin sədri vəzifəsindən çıxarılaraq Qubaya təyinat alıb. Və elə bundan sonra Quba Məhkəməsində hərc-mərclik dövrü start götürüb. Daxil olan şikayətlərdə dönə-dönə vurğulanır ki, məhkəmə sədri Füzuli Pənahov qanunsuz əməlləri ilə rayon əhalisinin canını boğazına yığıb. Vətəndaşlar durmadan sədr haqqında şikayətlər edirlər, media vasitəsilə səslərini duyursalar da, hələ ki, bir nəticə əldə edə bilmirlər. Füzuli Pənahovun yalnız öz maraqları üçün çalışdığını, Azərbaycan Respublikasının Qanun Məcəlləsi ilə yox, məhz "öz qanunlarını yürütdüyünü" bildirirlər. Əldə etdiyimiz məlumata görə, Pənahovun sədrlik etdiyi məhkəmə proseslərində etik qaydalara əməl olunmur. Məhkəmə prosesi keçirilən zaman zalda çox böyük səs-küy olur. Hətta şahidlər dinlənilən zaman başda sədr olmaqla, hakimlər belə şahidləri dinləmir. Amma sonda isə ədalətsiz qərar çıxarırlar. Əsası isə Füzuli Pənahovun sədrlik etdiyi məhkəmə prosesində hakimlər qeyri-qanuni davranışlar sərgiləyirlər. Belə olan halda isə, kimsə günahsız yerə məsuliyyətə cəlb edilir, həbs olunur. Bir sözlə, hazırda Quba Rayon Məhkəməsinin sədri Füzuli Pənahovun indiyə qədər baxdığı işlərə, çıxardığı hökmlərə yenidən baxılmalı və lazımi tədbirlər görülməlidir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net