Siraqəddin Cabbarov Saatlını viran qoyub
Tarix: 23-05-2015, 13:57 | Çap et
Siraqəddin Cabbarov Saatlını viran qoyub
Etibarlı mənbədən aldığımız məlumatlarda bildirilir ki, son vaxtlar Saatlı RİH-nin başçısı Siraqəddin Cabbarovun yarıtmaz fəaliyyətindən dolayı Prezident Adminstrasiyasına daxil olan şikayət məktublarının sayı xeyli artıb. Həmin məktublarda vurğulanır ki, bu gün məmur özbaşınalıqlarından ən çox əziyyət çəkən bölgələrdən biri də məhz Saatlı rayonudur. Rüşvətxorluq və digər korrupsiya əməllərini özlərinin qazanc mənbəyi kimi görən məmurlar sanki rayonun qapılarını ölkədə gedən iqtisadi inkişafın, ümumiyyətlə bütün mütərəqqi proseslərin üzünə bağlamışlar. İddialara görə Saatlıda vətəndaşların hüquq və azadlıqlarının pozulma hallarının kütləviləşməsi, sosial-məişət problemlərinin artması, insanların rifah halının getdikcə aşağı düşməsi sakinlərin haqlı narazılıqlarına səbəb olur. Bütün bu problemlərin həllini Rayon İcra Hakimiyyətindən gözləyən vətəndaşlar isə ən böyük haqsızlıqlarla da məhz burada qarşılaşırlar. Qeyd edək ki, Saatlı RİH-nin başçısı Siraqəddin Cabbarovun öz fəaliyyətində yol verdiyi çeşidli qanun pozuntularına dair tənqidi materiallar artıq neçə ildir ki, ölkə mətbuatında da dərc olunmaqdadır. 2012-ci ildə isə Saatlıda törədilən özbaşnalıqlardan bəhs edən yazılar dair ölkə xüsusilə küləvi xarakter almağa başladı. Yerli mənbələr tərəfindən mətbuata təqdim olunan açıqlamalarda Saatlı rayonu neqativ halların ən çox müşahidə olunduğu bölgələrdən biri kimi xarakterizə edilirdi: “Siraqəddin Cabbarov belə hesab edir ki, Ölkə Prezidenti kimi hansı rayona rəhbər olaraq göndərirsə, həmin şəxs o rayona ata-babasının mülkü kimi baxmalı və o rayonu öz şəxsi məqsədləri üçün istifadə etməlidir. Özünə münasib insanları Təhsil, Səhiyyə, Sosial sahələrlə bağlı şöbələrə yerləşdirən İcra başçısı digər sahələri də nəzərdən qaçırmır. Siraqəddin Cabbarov rayonun problemləri ilə məşğul olmaqdansa, demək olar ki, əlində olan adminstrativ imkanlardan yararlanaraq öz biznes şəbəkələrini artırmaqla məşğuldur və tutduğu yüksək dövlət vəzifəsindən sui-istifadə edərək rayonda böyük biznes şəbəkəsi qurub. Ən əsası isə budur ki, İcra başçısı Saatlı və İmişlidəki geniş çeşidli biznesini sel daşqınlarından ziyan çəkmiş insanlara ayrılmış dövlət vəsatinin mənimsənilməsindən əldə olunan sərmayə ilə inşa edib...” Yerli mənbələrdən aldığımız məlumatlarda həmçinin bildirilir ki, bu gün Saatlıda müşahidə olunan çeşidli nöqsanların sırasında işsizlik problemi xüsusi yer tutur. Rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatı isə bu gün özünün tənəzzül dövrünü yaşamaqdadır. Hətta mənbələr iddia edirlər ki, rayonun idarəçiliyində təcili və kəskin dönüş yaradılmayaçağı halda, bir-iki il ərzində Saatlının kənd təsərrüfatı tamamilə iflas həddinə çata bilər. Digər tərəfdən isə, daxil olan məlumatlarda icra başçısı özünə yeni kommersiya obyektləri tikdirmək məqsədilə rayonda yaşıllıqların kütləvi şəkildə məhvinə rəvac verməkdə ittiham olunur. Ağacların kəsilməsinə etiraz edən rayon sakinləri bu xüsusda mətbuata verdikləri çıqlamalarında bildirmişdilər ki, Siraqəddin Cabbarov rayonun girəcəyində özünə şəxsi restoran tikdirməyə hazırlaşır: “Rayonda hamı bilir ki, ağacları icra başçısı kəsdirir. Həmin ərazi olduqca əlverişlidir. Siraqəddin Cabbarov rayona icra başçısı təyin olunandan bu yerə göz dikib. Orada restoran tikdirmək istəyir. Əvvəllər həmin ərazidə 5-10 çayxana var idi. Başçının göstərişi ilə çayxanalar gecə ilə söküldü. Biz ağacların kəsiləcəyini həftələr öncəsindən bilirdik. İcra hakimiyyətinə bu barədə şikayət məktubu ünvanladıq. Lakin baxan olmadı. Sübh tezdən icra başçısı ekoloji terrorunu həyata keçirdi...” Bütün bunları nəzərə alaraq ehtimal etmək olar ki, ölkə rəhbərliyinin korrupsiya və rüşvətxorluğa, məmur özbaşınalıqlarına qarşı mübarizə tədbirlərini gücləndirdiyi bir zamanda S.Cabbarovun vətəndaşları hakimiyyətdən narazı salmağa yönələn fəaliyyəti onun öz postunu itirməsi ilə nəticələnə bilər.
Vertikal.az





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net