Baş Prokurorluq vətəndaşın pensiyasını mənimsəyən şəxsi həbs etdi - RƏSMİ
Tarix: 20-05-2020, 14:37 | Çap et
Baş Prokurorluq vətəndaşın pensiyasını mənimsəyən şəxsi həbs etdi - RƏSMİ

DİA.AZ: - Azərbaycan Respublikasında dövlət strukturlarının əhalinin sağlamlığının qorunması və aidiyyəti sahələr üzrə xidməti fəaliyyətin təşkili istiqamətində səfərbər olunduğu bir vaxtda bəzi vəzifəli şəxslərin mövcud vəziyyətdən öz maraqları naminə istifadə edərək, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının işinə kölgə salan hüquqazidd əməllərə yol vermələrinə dair məlumatlar əsasında araşdırmalar aparılmaqla qanunamüvafiq tədbirlər həyata keçirilir. Bu barədə DİA.AZ-a Baş Prokurorluqdan verilən məlumatda deyilir.

Belə ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin sabiq əməkdaşı Ramiz Seyidəliyevin qanunsuz əməlləri barədə vətəndaşın daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır.

Araşdırma zamanı Ramiz Seyidəliyevin qulluq mövqeyindən istifadə edərək vətəndaşın pensiya məbləğinin artırılmasına kömək edəcəyi vədi ilə aldadaraq pensiya kartını qanunsuz olaraq götürməklə 2013-2018-ci illər ərzində həmin kartdan ümumilikdə 83 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

R.Seyidəliyev Cinayət Məcəlləsinin 178.3.2 (qulluq mövqeyindən istifadə etməklə küllü miqdarda dələduzluq) və 29, 178.3.2-ci (dələduzluğa cəhd) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla zərərçəkmiş şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd olunan qanunazidd hallarla üzləşən zərərçəkmiş şəxslərdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə zəng etmələri xahiş olunur.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net