Elmar Vəliyevin iqtidara qarşı “çərpələng uçurması”…
Tarix: 19-02-2016, 09:50 | Çap et
Elmar Vəliyevin iqtidara qarşı “çərpələng uçurması”…
Bu həftənin damğasını Gəncə meri Elmar Vəliyev vurdu. Ölkənin ikinci şəhərinin icra başçısı zirehli maşın almaqda gündəmə gəldi. Prezident tapşırıb ki, icra başçıları indi hər 3 aydan bir görülən işlər və xərclərlə bağlı hökumətə hesabat verməlidir. Həmçinin dotasiyaya göz dikmiş rayon icra başçılarının da vəziyyəti nəzərə almalarını, əvvəlki tək arxayın olmamalarını deyib.

Amma E.Vəliyev üçün bu çıxışların elə bir əhəmiyyəti olmayıb. “Gündəm-xəbər”in məlumatına görə, icra başçısı ölkənin iqtisadi böhranla üzləşdiyi, işsizlik ordusunun böyüdüyü bir zamanda əhalini hiddətləndirən bir fakta imza atıb.

NAZ yoxsa 500 minlik maşın…

Məlum olub ki, Gəncənin icra başçısı Elmar Vəliyev özünə zirehli maşın alıb. Xəbəri verən mənbə deyib ki, icra başçısının Yaponiyada xüsusi sifarişlə yığdırdığı deyilən JEEP-LEXUS 500 min dollar dəyərindədir. 20 AA 001 dövlət seriyalı avtomobili icra başçısının hansı vəsaitlə aldığı məlum deyil.

Əvvəl Yevlaxda, sonra isə Gəncədə icra başçısı işləyən Elmar Vəliyev üçün 500 min dollar elə də böyük xərc deyil və bunu şəxsi büdcəsindən də ödəyə bilər. Yeri gəlmişkən, ilk devalvasiyadan - 21 fevraldan bir neçə gün öncə icra başçısının banklardan birindən 2 milyon dollar aldığı barədə xəbərlər yayılmışdı.

Əlbəttə, hər kəs, o cümlədən icra başçıları da öz vəsaitləri ilə istədikləri avtomobili ala bilərlər. Amma indiki həssas məqamda icra başçısının zirehli maşına minməsi diqqət çəkir. Əvvəla, prezident tapşırıb ki, icra başçıları özlərini xalqdan üstün tutmasınlar, onların arasında olsunlar, dərd-sərlərinin dinləsinlər. Hətta NAZ Lifanı almağı tövsiyyə edib.

Prezidentə qarşı: başçı oğlunun korteji

İkincisi, hətta şəxsi vəsaitlə belə prezidentin rayondakı nümayəndəsinin krizis dövründə çox dəbdəbəli avtomobilə minməsi istər-istəməz diqqət çəkir, əhalidə qıcıq doğurur. Neft böhranının vurduğu Rusiyada artıq bir müddətdir ki, yerli qubernatorlar nəinki dəbdəbəli istirahət edə, heç bahalı xidməti maşına belə minə bilmirlər.

Azərbaycanda isə, görünür hələ ki, hər şey əksinədir: icra başçıları xalqın çətin durumunda belə xarici ölkələrdə istirahətlərindən qalmırlar, dəbdəbəli həyatlarını davam etdirirlər...

E.Vəliyev dəbdəbəli həyata meyilli məmurlardandır. Təxminən 1 il öncə mətbuatda onun oğlunun Bakıda və Gəncədə kartejlə gəzdiyinə dair məlumatlar yayılmışdı. Xəbərdə bildirilirdi ki, Elmir Vəliyev güclədirilmiş mühafizə altında və kortejdə gəzir.

Kortejdəki maşınların bir neçə yüz min dollar olduğu iddia olunurdu. Başçı oğlunun LEXUS, “Galendevagen”, BMW və s. bu kimi bahalı markalardan olanda maşınlarda gəzdiyi yazılırdı. Təbii ki, bu xəbərlər şəhər rəhbərliyi tərəfindən susqunluqla qarşılanıb. Ya həqiqətdir, ya da arqument yoxdur.

İxtisarlar və Gəncədə işsizlik

Digər məsələ - icra başçısı qeyd edib ki, xüsusi ilə yaxın kəndlərdən və rayonlardan gələn işçiləri ixtisara salmaq məqsədəuyğundur. Gəncədə yerləşən bir sıra müəssisə və idarələrdə artıq kütləvi ixtisarlar başlayıb. Hətta “Azəralüminium” ASC də fəaliyyətini tamamilə dayandırıb.

İnsanların maddi durumunun onsuz da acınacaqlı olduğu bir vaxtda, vətəndaşların kredit borclarının içində boğulduğu, ailə başcılarının evlərinə bir tikə çörək gətirməkdə çətinlik çəkdiyi bir dönəmdə kütləvi ixtisarların hansı ağır fəsadlar verəcəyini heç düşünübmü Elmar Vəliyev?

Düşünsəydi, 500 minlik zirehli maşın almazdı. Ən əsası iş yarmarkası ilə bağlı Gəncədə yaşanan izdiham və mediada görüntüləri yayılan kadrlar sübut etdi ki, E.Vəliyev işsizliyə qarşı heç bir iş görməyib.

Prezidentə zavod inşası yalanı

2013-cü il noyabrın 20-də Gəncə şəhər İcra Hakimiyyəti ilə bu şəhərdə tramvay yolunu inşa edəcək Fransanın «Newtl» şirkəti arasında memorandum imzalanıb. Daha sonra xaric şirkətin iştirakı ilə layihənin təmtəraqlı təqdimatı keçirilib. Lakin o gündən bu günə qədər həmin layihədən heç bir xəbər yoxdur.

2014-cü il – Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 2014-cü ilin ikinci yarısının hesabat yığıncağında bildirib ki, Gəncədə 400-dən çox adamın işləyəcəyi zavod tikiləcək. Həmçinin qeyd edib ki, zavodun tikintisi üçün Gəncə Dəmiryol Vağzalı yaxınlığında yer ayrıldığını da bildirib.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncə şəhərində “Stadler” vaqon istehsalı zavodunun təməlqoyma mərasimində də iştirak ediblər. Bildirilib ki, İsveçrənin “Stadler Rail Group” şirkəti ilə Azərbaycanın “Railway İnternational Distribution” MMC arasında Gəncədə vaqon istehsalı üzrə birgə müəssisənin yaradılması haqqında müqavilə imzalanıb.

Müqavilənin şərtlərinə əsasən Azərbaycanın Gəncə şəhərində ilkin olaraq ildə 60 vaqon istehsal gücünə malik zavod inşa ediləcək. Mətbuatda kifayət qədər piar olunan bu xəbər də digərləri kimi yalan vədlərdən başqa bir şey deyildi. 2016-cı il olmasına baxmayaraq bu istiqamətdə bu günə kimi heç bir iş görülməyib, daş daş üstünə qoyulmayıb.

2014-cü il may ayının 30-da Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev mətbuata verdiyi açıqlamada bildirib ki, Yaponiyadan olan mütəxəssislərin iştirakı ilə yeni yaradılacaq zavodlar bir-biri ilə əlaqəli işləyəcək.

Məhsul əvvəldən axıra kimi heç bir yerə getmədən Gəncədə olan müəssisələrdə hazırlanacaq. Zavodlarda 13 minə yaxın insan işlə təmin ediləcək. Lakin icra başçısının bu vədi də digər vədləri kimi “yalan vədlər” sırasına əlavə olunub.

2016-cı il olmasına baxmayaraq bu günə qədər bu istiqamətdə heç bir iş görülməyib. Nə Yaponiyadan gələn mütəxəssislər işə başlayıb, nə də ki, zavod fabriklərdən əsər əlamət var.

“Azəralüminium” işçilərini çörəksiz qoydu

“İstehsalımız yaxşı gedirdi. Minlərlə işçi var idi. Hamısını heç bir yerdə işlə təmin etmədən çıxarıb atdılar. Gör nə qədər adam ailəsinə çörək aparırdı. Bir rəsmi adam açıqlama vermədi ki, bizim aqibətimiz nə olacaq”.

Bu sözləri Samux sakini Arzu Əliyeva deyib. O, 18 il Gəncədəki “Azəralüminium” ASC-də şöbə rəisi kimi fəaliyyət göstərib. Sahəsinə uyğun olaraq 2 il əvvəl “Azəralüminium”un yanında yenidən inşa edilmiş “Det-AL” müəssisinə yeni işə təyin edilib. Lakin ötən il bir çox əməkdaş kimi onu da işdən azad ediblər:

“Ailə 9 nəfərdən ibarətdir. Uşaqlarım işsizdi, fəhlədirlər, nəvələrim var, hamısını az-çox mən dolandırıram. 58 yaşım var, məni necə çölə ata bilərlər? Bu yaşda hardan iş tapım? Ərizə yazdıranda dedilər ki, müvəqqətidir. Dedilər, vəziyyət düzəlsin, geri çağıracağıq. 1 ildən çoxdur xəbər yoxdu”.

“Azəralüminium” müəssisəsi dünya bazarlarına xam alüminium satışı həyata keçirirdi. Dünya bazarlarında sözügedən müəssisənin istehsal etdiyi alüminium məhsulunun 1 tonu əvvəllər 3300 dollara, daha sonra 2800 dollara qədər azalmışdı.

“Det-Al” Aluminium Kompleksi isə 2014-cü ildə prezidentin iştirakı ilə istifadəyə verilib. Həmin vaxt məlumat verilmişdi ki, müəssisədə gücü 50 min ton olan 2 zavod- “Metaltökmə, fasiləsiz metal yayma” və “Təzyiqlə emal və boyama zavodu” fəaliyyət göstərirdi.

Rəsmi məlumatlara görə, 2014-cü ildə fəaliyyətə başlamış “DET-AL Alüminium” Kompleksində ümumilikdə 1400 nəfər işlə təmin edilmişdi. Sözügedən müəssisədə elektroliz vannalarının işə salınmasında çalışan Sabir Abbasov da işsiz qalmasından gileylənir.

Azəralüminium və “Det-Al” Alüminium Kompleksinin Gəncə şəhərinin iqtisadi potensialında təxminən 50 faizdən çox çəkisi var idi. “Azəralüminium” ASC-nin direktoru Akif İbişov işçilərin azad olunması barədə heç bir suala cavab verməsə də, yalnız onu bildirib ki, artıq müəssisə tamamilə fəaliyyətini dayandırıb.

Vəliyevin Rəsulzadə kini

9 gün öncə doğumunun 132-ci ilini qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin büstünün yerləşdiyi Gəncə Dəmiryolçular Parkının ətrafı yenidən bağlanıb. Bu parkın bağlanması və hətta Rəsulzadənin büstünün üstünə çuval taxılması olayı ilk deyil. Hazırda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin balansında olan bu

parkın təmirinin hansı qurum tərəfindən aparıldığı da məlum deyil. Çünki Cavid Qurbanovun rəhbərlik etdiyi təşkilatın rəsmisi bildirib ki, park onlar tərəfindən bağlanmayıb. Belə olan halda kələfin ucu Gəncə icra hakimiyyətinə, birbaşa onun başçısı Elmar Vəliyevə gedib çıxır.

Elmar Vəliyevin Milli Miclisdə emissarı hesab edilən, nə şairlikdə, nə də həkimlikdə böyük uğur əldə edə bilən Musa Quliyev (Urud) parkın Cavid Qurbanova məxsusluğu haqda elə Milli Məclisdə fikir səsləndirmişdi. Hətta o zaman çuvalın çıxarılması təklifilə çıxış edən şair Sabir Rüstəmxanlı və Fazil Mustafa da ciddi qınağa səbəb olmuşdu. Musa Urud Sabir Rüstəmxanlıya demişdi ki, çuvalın taxılması və çıxarılması olayının Elmar Vəliyevə dəxli yoxdur.

Artıq istər Gəncə sakinləri, istərsə də ölkə vətəndaşları bu haqda bütün detalları bilirlər. Detallar isə ondan ibarətdir ki, M.Ə.Rəsulzadənin AXC-nin ilk paytaxtı sayılan Gəncədəki yeganə büstü jurnalist Qulu Məhərrəmlinin sözləri ilə desək, çoxlarının başına daş salıb. O büst elə qoyulan gündən bəri Hollivudun macəra dolu kinolarındakı kimi macəra dalğasından çıxa bilmir.

Rafiq Qara





Xəbərlər
 
 
 
06-07-2020 09:41
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net