Bərdənin icra başçısı abidələrə qənim kəsilib
Tarix: 2-02-2016, 09:19 | Çap et
Bərdənin icra başçısı abidələrə qənim kəsilib
Bərdə rayon sakini Cəbrayıl Əliyev “Azadlıq”a maraqlı bir məktub göndərib. Məktub müəllifi rayon icra başçısının əməllərinin doğurduğu acı nəticələrdən bəhs edib:

“Rayon icra başçısı Vidadi Isayev istədiyi yeri sökür, torpaq sahələrinin ona məxsus olduğunu deyir. Icra başçısının bu əməllərinə kimsə dillənmir, hamı icra başçısının onu şərlədib tutduracağından ehtiyat edir.

Rayonda Vətən müharibəsində həlak olanların xatirəsinə inşa edilmiş böyük bir abidə vardı. Ölkədə bu abidənin bənzəri yox idi. Abidənin layihəsi Minsk şəhərindən gətirilmişdi. Onun böyüklüyü və gözəlliyi insanları valeh edirdi. Orada əkilən güllər də Avropa ölkələrindən gətirilmişidi. Heydər Əliyev bu abidəni Bərdənin Fəxri xiyabanı adlandırmışdı.

Lakin Vidadi Isayev bu abidəni yerlə-yeksan etdirdi. Abidədə inşa edilən muzeyi də sökdürdü. Muzeyin tikinti materiallarını hara daşıtdırdığını, abidədə əsgərlərin mis üzərində yaradılmış şəkillərinin, mis lövhələrinin aqibətini bilən olmadı. Abidədə olan ana heykəli isə başqa bir parka aparılaraq orada qoyuldu. Parkın giriş qapısının üstünə də Qəhrəmanlar parkı yazdırdı. Lakin parka daxil olanlar orada bir nəfər də qəhrəman heykəlini, büstünü, şəklini görməyəndə məəttəl qalırlar. Bu parkda Bərdəyə, yaxud xalqın digər nümayəndələrinə aid qəhrəmanın izi yoxdur.

Ikinci bir abidə olan 20 Yanvar öz möhtəşəmliyilə rayondakı abidələrdən seçilirdi. Abidənin mərmərini harasa aparmaq istəyən icra başçısı onu da sökdürdü. Iki abidəni sökdürməklə xalqın tarixini və bugününü Bərdə torpağından silib atdı. Dövlət başçısı, inzibati qurumlar bu özbaşınalığa son qoyacaqmı?

Bərdəlilər icra başçısının bu əməllərindən xəbərdar olsalar da, qorxularından susurlar. Prezident icra başçısının məmur özbaşınalığına son qoymaqla bu problemi həll edə bilər”- deyə şikayətçi məktubunda vurğulayır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net