Masallının orta məktəblərində dərslik problemi
Tarix: 2-12-2015, 10:40 | Çap et
Masallının orta məktəblərində dərslik problemi
Masallı rayonunda fəaliyyət göstərən orta məktəblərdə əksər dərsliklər çatışmır. Bu barədə JAM.AZ-a rayondan məlumat verilib.

Məlumatda deyilir ki, Masallının Güllütəpə kənd orta məktəbində dərslik kitabları ümumiyyətlə, çatışmır. Valideynlərin dediyinə görə, son iki ildə birinci siniflər üçün nəzərdə tutulmuş Ana Dili, Riyaziyyat və İngilis dili dərslikləri şagirdlərə verilməyib. Daha dəqiqi isə 36 uşaqdan yalnız 8-i dərsliklərlə təmin olunub.

JAM.AZ-a danışan valideynlər vurğulayırlar ki, Masallı rayon Təhsil Şöbəsi məktəbləri kitablarla təmin etmir. Güllütəpə kənd orta məktəbinin müəllimləri də çar-naçar qalaraq onlara deyiblər ki, uşaqları dərsliklə təmin etmək üçün özləri həmin kitabları alsınlar. «3 aydır dərslər başlayıb, amma hələ də dərslik problemi həll edilməyib. Dövlət orta məktəblər üçün kitab çap etmirsə, bəs, bazarda biri 5 manat 80 qəpiyə satılan kitablar haradan çıxıb? Biz məcburuq uşaqlarımıza kitab alaq. Amma hamının belə bir maddi imkanı yoxdur. Üstəlik, bu dövlətin vəzifəsidir».

Onlar daha sonra vurğulayırlar ki, əgər 1-ci sinif şagirdi dərsə kitabsız gedirsə, o, necə yazıb, oxuyacaq. «Savadsızlıq uşaqlıq dönəmindən özünü göstərməyə başlayacaq. Yuxarı siniflərə keçdikcə yazıb, oxumağı bacarmayacaq. Bizə maraqlıdır ki, Masallı rayon Təhsil Şöbəsi orta məktəbləri kitabla təmin edə bilmirsə, o zaman nə işlə məşğuldur? Görəsən, Güllütəpə kənd orta məktəbində oxuyan şagirdlərə dərsliklər veriləcəkmi?»

P.S. Qeyd edək ki, Masallıda təhsilin durumu həqiqətən bərbaddır. Buna səbəb həm Təhsil Şöbəsinin yerində olmaması, həm də rayon rəhbərliyinin bacarıqsızlığıdır. Çünki Masallının faktiki rəhbərliyini pul qazanmaq maraqlandırır. Təhsilin durumunun hansı vəziyyətdə olması isə kimsənin umurunda belə deyil.

P.P.S. Məsələ ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfi də dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net