Qobustan təhsilində “Gülalıyevçi”lər at oynadır
Tarix: 25-11-2015, 13:27 | Çap et
Qobustan təhsilində “Gülalıyevçi”lər at oynadır
“Bizim Dövr”ün 28.10.2015-ci il tarixli sayında “Qobustan məktəblərində içki məclisləri düzənlənir” sərlövhəli tənqidi məqalə dərc olunmuşdu. Yerli sakinlərdən aldığımız açıqlamalar əsasında hazırladığımız bu yazıda Qobustan rayonu, şəhid Ayaz Quliyev adına Cəyirli kənd 11 illik orta məktəbin direktoru Məsud Əliyevin eyni zamanda həm vəzifə fəaliyyətində yol verdiyi ciddi qanun pozuntularından, həm də buna paralel olaraq, bu məmurun şəxsi həyatı ilə bağlı müşahidə olunan neqativ hallardan bəhs edilmişdi. Bu xüsusda aldığımız məlumatda ilk növbədə diqqət mərkəzinə çəkilən məqamlardan biri direktorun rəhbərlik etdiyi məktəbdə vakant iş yerləri ilə bağlı törətdiyi maxinasiyalarla bağlı idi. Mənbə bildirmişdi ki, bu təhsil müəssisəsində fizika, riyaziyyat, biologiya, və ingilis dili fənləri üzrə dərs deyən müəllimlər arıq çoxdan pensiya yaş həddini keçmələrinə baxmayaraq, Məsud Əliyev bu kadrların əvəzlənməsi barədə Təhsil Nazirliyinə müraciət etmir. Səbəb isə budur ki, həmin müəllimlərin əksəriyyəti məktəb direktorunun yaxınlarıdır və məhz onların vasitəsilə dərs saatları bölgüsündə müəyyən maxinasiyalar həyata keçirilir. Təbii ki, bu maxinasiyanın əsas məqsədi dövlət vəsaitlərinin mənimsənilməsidir. Daha sonra, aldığımız məlumatda Cəyirli kənd 11 illik orta məktəbində dərslərə davamiyyətin olduqca aşağı səviyyədə olduğu vurğulanmışdı. Qeyd olunmuşdu ki, bu məktəb artıq çoxdan repetitor məşğələlərinə gedən yuxarı sinif şagirdləri üçün əsil poliqona çevrilmişdir. Belə ki, həmin şagirdlərin adlarını məktəbin sinif jurnallarında qeydə almaqla, onlara tam olaraq məkan və zaman sərbəstliyi verilir. Təbii ki, bu sərbəstlik də müftə başa gəlmir. Mənbə bildirir ki, bunun üçün şagird hər ay Məsud Əliyevə 50 manat pul ödəməli olur. Bunun müqabilində isə, Cəyirli “məktəbliləri” il boyu Bakıda və ya digər bölgələrdə rahat şəkildə ali məktəblərə hazırlıq kurslarına gedə bilirlər. Həmçinin təqdim olunan açıqlamada mənbə bu məktəb direktorunun spirtli içklər qəbul etməyə meyilli bir insan olduğunu da vurğulamışdı. Təbii ki, belə olan halda Məsud Əliyevin nəinki, məktəbə rəhbərlik etməyə, hətta ümumiyyətlə pedaqoji fəaliyyətlə məşğul olmağa belə mənəvi haqqı yoxdur. Digər tərəfdən isə, iddiaya görə Məsud Əliyev düzənlədiyi içki məclislərini birbaşa rəhbərlik etdiyi məktəbdə, özünün iş otağında keçirir. Mövzuya dair bundan əvvəl dərc etdiyimiz digər yazılarda da qeyd olunmuşdu ki, Qobustan rayonunda təhsilin son dərəcə acınacaqlı bir vəziyyətdə olması yerli ictimaiyyəti çox narahat edir. Bu xüsusda ayrı-ayrı vətəndaşların müxtəlif instansiyalara ünvanladıqları məktub və şikayət ərizələrində durumun olduqca gərgin həddə çatdığı aşkar bildirilir. Ən azından bizindovr.az-a daxil olan çoxsaylı şikayət məktublarında davamlı olaraq Qobustan RTŞ-nin müdiri Füzuli Gülalıyevin öz işində yol verdiyi özbaşınalıqlardan bəhs olunur. Qeyd olunur ki, dövlət strukturlarına, o cümlədən təhsil sahəsində fəaliyyət göstərən müəssisələrə işə qəbul qaydaları getdikcə sərtləşdirildiyi və eyni zamanda da bu prosedurun daha çox şəffaflaşdığı bir məqamda, Füzuli Gülalıyev Təhsil Nazirliyinin qərarlarını qətiyyən nəzərə almır. O cümlədən Cəyirli kənd 11 illik orta məktəbində baş verənlərdən bəhs edilən məlumatlarda da vurğulanır ki, özünü məhz Füzuli Gülalıyevin himayəsində son dərəcə arxayın hiss edən direktor Məsud Əliyev də Təhsil Nazirliyinə vakant iş yerləri barədə yanlış məlumatlar verməklə, rəhbər instansiyaya qarşı özünün tam etinasızlığını ortaya qoyur.

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net