Putinin Türkiyəyə yönələn hədələri nə qədər realdır?
Tarix: 25-11-2015, 10:55 | Çap et
Putinin Türkiyəyə yönələn hədələri nə qədər realdır?
“Bu hadisədən sonra "meqaloman" Putinin xarizması cızılıb. Türkiyəyə necə cavab verməyin yollarını müzakirə edirlər”.

Hafta.az-ın verdiyi xəbərə görə, bunu politoloq Şahin Cəfərli Türkiyənin hava sərhəddini pozan rus təyyarəsinin vurulmasına münasibət bildirərkən deyib. Şahin Cəfərli deyir ki, rusların alternativ cavabı kimi Türkiyə hərbi aerodromlarına zərbə endirməyi təklif edənlər də var:

“PKK-ya aktiv dəstək vermək isə ən çox səslənən cavab variantıdır. İslanmışın yağışdan qorxusu yoxdur.Türkiyə onsuz da terrorla yaşamağa öyrəşib. Ruslar yaradılmasında fəal rol oynadıqları PKK-ya dəstəyi artırmaqla Türkiyəni qorxuda bilməzlər. Türkiyəyə raket zərbələri endirməyə gəldikdə isə, belə bir hadisə NATO müqaviləsinin 5-ci maddəsinin əhatə dairəsinə girəcəyi üçün Rusiya bu riskə getməz. Lakin Türkiyə hər ehtimala qarşı öz raket hücumundan müdafiə qalxanını yaratmaq barədə layihəsini həyata keçirməyi tezleəşdirməlidir”.

Ekspert deyir ki, rusiyalı turistlərin Türkiyə turizmində yeri və önəmi isə çox şişirdilir. Şahin Cəfərlinin sözlərinə görə, rusların boykotu Türkiyə iqtisadiyyatına zərər verə bilər, amma ciddi zərbə vura bilməz:

“Dinamik türk turizm sektoru bu itkini başqa alternativlər hesabına müəyyən qədər kompensasiya edə bilər. Qaz məsələsinə gəldikdə isə, Rusiya Türkiyəyə verdiyi qazı kəsə bilməz. Əvvəla, müqaviləni birtərəfli dayandırmağa görə ağır təzminatlar nəzərdə tutulur. İkincisi də, Türkiyə Rusiyanın çox vacib müştərilərindən biridir və Rusiya bu ticarətdən ildə təxminən 9 milyard dollar gəlir əldə edir ki, bu da xüsusən ölkə iqtisadiyyatının mövcud bərbad durumunda Moskva üçün çox önəmlidir. Lakin Türkiyə yaxın perspektivdə mütləq Rusiyadan enerji asılılığını azaltmalıdır”.

Qeyd edək ki, noyabrın 24-də Suriya istiqamətindən Türkiyə sərhəddini keçən döyüş təyyarəsi vurulub. Döyüş təyyarəsinin Türk Hava Qüvvələri tərəfindən beş dəqiqə ərzində on dəfə xəbərdarlıq edildikdən və qırıcının bu çağırışa məhəl qoymadıqdan sonra vurulduğu bildirilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net