Ana Sayfa > Cəmiyyət / Manşet > Balakişi Əhmədov Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinin yerinə göz dikib

Balakişi Əhmədov Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinin yerinə göz dikib


5-08-2015, 15:20. Yazar: admin
Balakişi Əhmədov Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinin yerinə göz dikib
Bir neçə gün bundan öncə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin rəis müavini, Yol Patrul Xidməti (YPX) Alayının komandiri, polis polkovniki Balakişi Əhmədovla bağlı əldə etdiyimiz ilginc bilgiləri nəzərinizə çatdırmışdıq. Qeyd edək ki, Rusiyada, eləcə də həm paytaxt Bakı, həm də ölkənin digər şəhər və rayonlarında geniş biznes şəbəkəsi olan Balakişi Əhmədov bir sıra post komandirlərini müəyyən etdiyi «şərt»lərlə razılaşmağa vadar edir.YPX Alayının komandirinin oğlu Etibar Əhmədovun ötən il Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığını iddia edən məlumatlı şəxsin sözlərinə görə, Balakişi Əhmədovun övladı təxminən, bir il öncə dostları, həmçinin Vasif adlı DYP əməkdaşı ilə birlikdə atasına məxsus «Muğan» restoranında dincəlirərkən polis həmin obyektə basqın təşkil edib: «Deyilənlərə görə, Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavininin oğlu həmin vaxt onunla birlikdə olan şəxslərlə qumar masası arxasında olublar. Məhz bu vaxt Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları reyd keçiriblər. «Muğan» restoranına baxış zamanı sözügedən şəxslərin qanunsuz qumar oynadıqları bəlli olub. Elə bu səbəbdən də onlar polis əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə aparılıblar. Hadisədən xəbər tutan Balakişi Əhmədov dərhal adıçəkilən rayonun polis rəisinə telefon açıb və müəyyən danışıqlardan sonra oğlu ilə onun dostlarının sərbəst buraxılmasına nail olub. Deyilənlərə görə, Vasif adlı DYP əməkdaşı Nəsimi Rayon Polis İdarəsindən çıxdıqdan sonra həmin idarənin rəisinin ünvanına xoşagəlməz ifadələr işlədib. Onu da qeyd edim ki, Vasifin atası, tikinti biznesi ilə məşğul olan Vaqif müəllim «Azərbaycan Dəmir Yolları» QSC-nin sabiq sədri, nəqliyyat nazirinin müavini Arif Əsgərovla kirvədir». Balakişi Əhmədovun bilavasitə rəhbərliyi altında fəaliyyət göstərən struktur bölmələrinin işində ciddi nöqsanların müşahidə olunduğunu deyən məlumatlı şəxs bildirir ki, YPX Alayının komandiri tabeçiliyində olan əməkdaşların öz vəzifə borclarını bir kənara qoyaraq yollarda sürücülərə əlavə problemlər yaratmalarına göz yumur: «Deyilənlərə görə, Balakişi Əhmədovun milyonluq obyektləri var və bu obyektlərin hansı yolla əldə olunması ciddi şübhə doğurur. Onu da nəzərinizə çatdırım ki, YPX Alayının komandiri son zamanlar nəqliyyat naziri Ziya Məmmədovla, eləcə də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə kifayət qədər yaxın əlaqələr qurmağa nail olub. Odur ki, o, bəzi məqamlarda həm Ziya Məmmədovun, həm də Elmar Vəliyevin adından istifadə edir. Belə ki, iştirak etdiyi bir sıra məclislərdə deyir ki, onların DYP ilə bağlı bütün işlərini mən görürəm. Balakişi Əhmədov həmçinin, məclislərdə onu da bildirib ki, Elmar Vəliyev Yevlax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışarkən postun «projektor»unu stadiona göndərmişəm və həmin «projektor» orada quruldu. Deyilənlərə görə, bunun əvəzində Elmar Vəliyev Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavininin yaxın qohumlarından birini işlə təmin edib».

Bu arada, Balakişi Əhmədovun Ziya Məmmədovun yardımı, onun vasitəsi ilə Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə gəlmək niyyətində olduğunu qeyd edən məlumatlı şəxs iddia edir ki, o, bu məqsədlə bir sıra yollara baş vurur: «YPX Alayının komandiri Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinin yerinə göz dikib. Deyilənlərə görə, Balakişi Əhmədov məqsədini reallaşdırmaqdan ötrü Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi haqda əsassız, uydurma bilgiləri bir sıra mətbuat orqanlarına ötürür. Yəni, bu gün DYP rəhbərliyi əleyhinə kütləvi informasiya vasitələrində yayımlanan yazıların sifarişçisi məhz Balakişi Əhmədovdur. Lakin o, bir məqamı unudur ki, bu, baş tutan iş deyil. Belə ki, Balakişi Əhmədov özü də çox gözəl bilir ki, hansı məsələyə görə, onu Dövlət Yol Polisi İdarəsinə rəis qoymazlar. Bu məsələ haqda bir neçə nəfərin müfəssəl məlumatı var. Yəni onlar hər şeydən xəbərdardırlar. Odur ki, o, bu cür işlərə görə bu gün hələ də öz postunda əyləşə bilirsə, bunun özü böyük göstəricidir…»

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Gündəlik Bakı
Geri dön