Ana Sayfa > Cəmiyyət / Manşet > Maliyyə xəyanəti daha hansı iş adamlarının həbsinə səbəb olacaq?

Maliyyə xəyanəti daha hansı iş adamlarının həbsinə səbəb olacaq?


15-05-2015, 12:31. Yazar: admin
Maliyyə xəyanəti daha hansı iş adamlarının həbsinə səbəb olacaq?
Böyük iş adamlarının həbsi davam edir. Maliyyə xəyanətində ittiham olunaraq həbsə atılan biznesmenlərlə bağlı yayılan məlumatlar son günlər ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib. Qeyd edək ki, bu həbslərin Beynəlxalq Banka kredit borcuna görə aparıldığı iddia olunur. Həbslərin əsası isə iş adamı Nizami Piriyevin saxlanılması ilə qoyuldu. Məhkəmə oliqarx barədə 4 aylıq həbs-qətimkan tədbiri seçib.

Məlumata görə, o fırıldaqçılıqda və ictimai əmlakı mənimsəməkdə ittiham olunur. Bildirək ki, Nizami Piriyev "PNN Group" şirkətinin təsisçisi və sahiblərindən biridir. Şirkətin digər sahibi onun oğlu Nəsib Piriyevdir. "PNN Group" şirkətinin əsas aktivləri neft kimyası sənayesində və metanol istehsalı sahəsində fəaliyyət göstərən "AzMeCo" şirkətindədir. Bundan əlavə "PNN Group" şirkəti "De Beers" və "Hamley's" brendlərinin tərəfdaşıdır. Piriyevlər bu şirkətin Azərbaycan və Ukraynada mağazalarını açıblar. "KFC" qəlyanaltıxanalar şəbəkəsi də bu ölkələrdə Piriyevlərin idarəçiliyi ilə fəaliyyət göstərir. Onlar iki ölkədə artıq 50 "KFC" obyekti açıblar. "PNN Group" öz maliyyə aktivlərinin həcminin 650 milyon dollar olduğunu rəsmən bəyan edib. Onun həbsindən sonra sabiq deputat, " Globus Plaza"nın sahibi Dünyamin Xəlilovun saxlanılması xəbəri yayıldı. O, mühafizəçiləri, xadimələri də daxil olmaqla bir qrup işçisinin adına bankdan 3 milyondan artıq vəsait götürməkdə ittiham olunur. "Xəzər adaları" layihəsini reallaşdıran Hacı İbrahim Nehrəmli də istintaq altındadır. Onun borcu isə nə az-nə çox 70 milyon dollardır. İş adamının Beynəlxalq Bankla əlaqədar istintaqa çağırıldığı və 10 saat dindirildiyi Hacı İbrahimin rəhbərlik etdiyi holdinq tərəfindən rəsmi olaraq təsdiqlənib. Xatırladaq ki, bir müddət əvvəl Hacı İbrahim Nehrəmli redaktorlarla görüşündə bildirmişdi ki, Beynəlxalq Bankdan cəmi 57 milyon dollar kredit götürüb: "Bir neçə gün əvvəl aparılmış dəqiqləşdirilmiş hesablamaya görə "Xəzər adaları" layihəsinə 1 milyard 157 milyon dollar xərcləmişəm. Bu vəsaitin cəmi 57 milyon dolları Azərbaycan Beynəlxalq Bankından götürdüyüm kreditdir, qalan məbləğ isə özümün şəxsi vəsaitimdir. Faizləri ilə birlikdə Beynəlxalq Banka 70 milyon dollar borcum var". Lakin "Marja"nın məlumatına görə, həmin vaxt Hacı İbrahim nədənsə diqqətlərdən yayınan sensasiyalı məlumatlar da açıqlayıb. O, deyib ki, Beynəlxalq Bank pulunu geri istəyir və süni adada tikilmiş binalardan bir neçəsini girov götürüb: "Beynəlxalq Bank gəlib mənim 3 binamı 314 milyon dollara girov götürüb. Çox gözəl. Beynəlxalq Banka deyirəm: "Binaları başqa banklara girov qoya bilərəm?", deyir "yox". Deyirəm 314 milyon girova ən azı 200 milyon dollar pul ayırmalı idin. Deyir "Bəli". Deyirəm, "cəmi 57 milyon dollar ayırmısan, heç olmaıa 100 milyon dollar da ayır, buranı qurtarım pulunu götür. Beynəlxalq Bank isə deyir ki, "yox, daha mənim pulum yoxdur". Onlara deyirəm, heç olmasa binalardan girovu götürün. Buna da razı olmurlar və deyirlər ki, "onda bir-iki il gözləyərik, sən binaları tik qurtar, sonra satıb pulumuzu qaytararsan". Həbslərin davam etdiyi ərəfədə isə Nizami Piriyevin oğlu Nəsib Piriyevin 1 milyard dollar kredit götürmək istəməsi ilə bağlı maraqlı informasiya yayılıb. Bu barədə rəsmi məlumat reklam şərtləri əsasında press-relizlər yayan "PRNewswire" agentliyində yer alıb. Məlumatda bildirilir ki, "Azərbaycan Metanol Şirkəti" ASC (AzMeCo) - Azərbaycanın neft-kimya sənayesinin aparıcı müəssisələrindən biri Londonda istiqrazların buraxılmasıyla yolu ilə 1 milyard dollar cəlb etməyi qərara alıb. İstiqrazların buraxılması şirkətə hüquqi xidmətlər göstərmək üçün sifariş alan "Hidhgrove Securities LLP" şirkəti məşğul olacaq. Hüquq şirkəti bildirir ki, qiymətli kağızlar investorlara fərdi qaydada təklif ediləcək, ancaq gələcəkdə Londonqiymətli kağızlar birjasında hərraca da çıxarıla bilər. O da vurğulanır ki, "AzMeCo" regionda iri metanol istehsalçısıdır, illik istehsal gücü 700 min kubmetrdir. 2014-cü ildə istifadəyə verilib və hazırda Azərbaycan, Türkiyə və digər ölkələrdəki müştərilərə metanol satır, o cümlədən BP-nin törəmə şirkəti olan "BP Chemicals"a metanol verir. Zavod işə düşdükdən bu yana 180 min ton metanol istehsal edib. "AzMeCo"nun baş direktoru Nəsib Piriyev bildirib: "Biz artıq beynəlxalq investorlarla Bakıda yerləşən metanol zavodunun refinansə edilməsi üçün danışıqları yekunlaşdırmışıq. Londonda qiymətli kağızların buraxılması yolu ilə əldə edilən məbləğ biznesin davamlı inkişafına və Azərbaycan Beynəlxalq Bankı qarşısında kredit öhdəliklərinin yerinə yetirilməsinə yönəldiləcək". O həmçinin bəyan edib ki, Beynəlxalq Bankın kredit dəstəyi onların biznesinin uğuru üçün həlledici əhəmiyyət kəsb edib, bu kredit layihənin erkən mərhələsində şirkətin kapitala çıxışına imkan yaradıb. "İndi isə "AzMeCo" gəlirli biznesə çevrildiyi üçün fərdi investorlar tərəfindən də maliyyələşdirilə bilər, Beynəlxalq Bankın vəsaiti isə ölkənin iqtisadi artımını təmin etmək üçün Azərbaycanda başqa layihələrə sərf olunar" - deyə Nəsib Piriyev bildirib. Beləliklə, ata Piriyevin Bakıda Kürdəxanı təcridxanasına salınmasından sonra Londonda olan oğul onu həbsdən çıxarmaq, daha doğrusu Beynəlxalq Bankdan götürülmüş 300 milyon dollar krediti geri ödəmək üçün 1 milyard dollar borc alır. Onun götürəcəyi kreditin atasının köməyinə çatıb-çatmayacağı isə hələlik dəqiq məlum deyil. Digər tərəfdən, hazırda zavodun fəaliyyətini dayandırdığı, SOCAR-ın xammal kimi istifadə olunan təbii qazı kəsdiyi bir vaxtda hansı investorun bu qədər riskə gedib Piriyevlərin zavoduna 1 milyard dollar yatıracağı da şübhə doğurur. Odur ki, həbsdə olan iş adamının tezliklə azadlığa çıxacağı o qədər də inandırıcı görünmür. Baş verən həbslərə millət vəkilləri də münasibət bildirib. "Bir neçə gündür Azərbaycanda maliyyə xəyanətlərinə görə baş verən həbs dalğası davam edəcək. Həbs olunanların arasında iri şirkət sahibləri və tanınmış iş adamlarının da olacağı istisna deyil". Bu sözləri millət vəkili Fazil Mustafa mətbuata açıqlamasında deyib. O, hazırda ölkədə çox sayda insanın qeyri-qanuni fəaliyyətlə məşğul olduğunu və onların da həbsinin gözlənildiyini vurğulayıb: "Bu həbslər gözlənilən idi. Çünki Azərbaycanda bu kimi korrupsiya məsələlərinin geniş yayılması heç kimə sirr deyil. Buna qarşı atılan addımlar vaxtaşırı realizə olunur. Hesab edirəm ki, bu da o addımlardan biridir. Əslində, müəyyən məsələləri vaxtında həll etmək lazımdır ki, bu qədər hadisələr baş verəndən sonra addımlar atılmasın. Bunun üçün də nəzarət mexanizmi olmalıdır". F.Mustafa vaxtaşırı həyata keçirilən bu kimi həbslərin cəmiyyətdə dövlətə, qanunlara inamı artırdığını və şəffaflıq yaratdığını düşünür: "Adətən belə kampaniya xarakterli proseslərdə qurunun oduna yaş da yanır. Bəzən elə insanlar həbs olunurlar ki, onlar kiçik icraçıdırlar. Böyüklər, əsaslar kənarda qalırlar. Bu kimi hallara yol verilməməsi üçün proseslər hamısı hüquq çərçivəsində olmalıdır. Hüquq-mühafizə orqanlarının bilavasitə müəyyən cəsarətli qərarları, addımları hamısı təqdirolunandır, amma bütün məsələlər hər halda inandırıcılıq baxımından hüquqi müstəvidə, məhkəmə müstəvisində həll olunmalıdır". Millət vəkili iş adamlarının həbsi ilə bəzi iri şirkətlərin bağlanacağını da istisna etməyib: "Çünki həbs olunan insanların sahibkarı olduqları şirkətlərin fəaliyyətinə xitam verilə bilər. Buna görə də bu prosesləri kampaniyaçılıq xətrinə etmək düzgün deyil. Daha çox günahkar şəxslərin cəzalandırılması prinsipi ilə hərəkət etmək düzgün addım olardı. Həbs olunanların, adı maliyyə xəyanətində hallananların içində elə şəxslər var ki, bu işlərin başında dayanan, böyük məbləğdə vəsaitləri mənimsəyən, kreditlər götürənlərdir. Amma elələri də var ki, sadəcə sənəd onun adına rəsmiləşdirilib. Oradan 5-10 manat qazanıb, amma heç özünün də xəbəri olmayıb ki, ətrafında nələr baş verir. Onlar böyük fiqurların fonunda heç bir rolu olmayan şəxslərdilər. Bunlar hamısı nəzərə alınmalıdır". Deputat bu vaxta kimi 70-ə yaxın insanın həbs olunduğunu və bundan sonra da həbslərin davam edəcəyini deyib. Özəl mənbələrdən əldə etdiyimiz məlumatlara görə, Beynəlxalq Bank işi ilə bağlı həbsi gözlənilən şəxslərdən biri də iş adamı Qulam Ələkbərovdur. İddialara əsasən, böyük maliyyə imkanlarına sahiblənən biznesmen hazırda həbsdə olan Nizami Piriyevə yaxınlığı ilə seçilir. Hətta onların birlikdə bəzi iri layihələrə imza atdığı da qeyd olunur. Apardığımız araşdırmalar isə göstərir ki, adıçəkilən iş adamı həm də yüksək rütbəli məmurlardan birinin şərikidir. Bizə verilən məlumatlara görə, onun rəhbəri olduğu "Sanur Holding" şirkəti Nəqliyyat Nazirliyinin elan etdiyi tenderlərdə qalib olan şirkətlərin başında dayanır: "Bu şəxs həm də bir mənzili bir neçə nəfərə satmaqla vətəndaşları aldadan "AQ İnşaatçı Servis" MMC-nin sahibidir. Tikinti şirkətinin adındakı "Q" hərfi məhz onun adını simvolizə edir. O vaxtilə Dövlət Gömrük Komitəsinin Gəncə şöbəsində rəis müavini vəzifəsində çalışıb. İşdən çıxarıldıqdan sonra paytaxtın "Gənclik" metrostansiyasının yaxınlığında "Milyonerlər məhəlləsi" deyilən ərazidə ev tikintisi ilə məşğul olub. Onun yüksək vəzifəli məmurla tanışlığı da buradan başlayıb. İş adamı həmin məmurun Teymur Əliyev küçəsindəki villasının inşasını həyata keçirib. Daha sonra məmur tikinti biznesinin idarəçiliyini biznesmenə verib". Qeyd edək ki, bu iş adamının barəsində ilginc faktlardan biri də onun vaxtilə dövlət çevrilişinə görə istintaqa cəlb olunması ilə bağlıdır. Deyilənə görə, əslən Goranboy rayonundan olan Q.Ələkbərovun keçmiş briqada komandiri Rasim Əkbərovla yaxın münasibətləri olub: "Briqada komandiri Heydər Əliyevə qarşı çıxandan sonra həbs olunarkən iş adamı da bu iş üzrə istintaqa cəlb olunub. Amma məsuliyyətə cəlb edilməyib.

Goranboyun hazırkı icra başçısı Nizaməddin Quliyevin bu vəzifəyə gətirilməsində onun böyük rolu olub. Elə buna görə də biznesmen rayonun ikinci rəhbəri hesab edilir". Məlumata əsasən, Gəncə Gömrük İdarəsində müavin işlədiyi illərdə özünə böyük dayaqlar və biznes qura bilən Ələkbərov indi öz işini tam olaraq biznesə bağlayıb. Məlumatlı mənbələrin bildirdiyinə görə, iş adamı Bakıda Xarici Dillər Universitetinin qarşısında tikilən gözəl görünüşlü hündürmərtəbəli binaların sahibidir. Bundan başqa paytaxtda fəaliyyət göstərən "Ocaq" restoranının da ona məxsus olduğu deyilir. Qaynağımız deyir ki, yüksək vəzifəli məmurlardan biri ilə biznes ortağı olan iş adamının da maliyyə xəyanətində iştirakı olub və o Beynəlxalq Bankdan külli miqdarda kredit götürərək qaytarmayıb. Yaxın günlərdə onun da bank qalmaqalı ilə əlaqədar olaraq istintaqa cəlb ediləcəyi gözlənilir. Görünən odur ki, bu xəmir hələ çox su aparacaq. Fikrimizcə, maliyyə xəyanətinə yol verən iş adamlarının istintaqa cəlb olunması doğru addımdır. Deputat Fazil Mustafanın da dediyi kimi, həyata keçirilən bu tip tədbirlər vətəndaşların dövlətə, qanunlara olan inamını daha da artırır.

Geri dön