MTN işi: “Rabitəbank”ın küçəyə atdığı ailələr
Tarix: 12-11-2015, 12:10 | Çap et
MTN işi: “Rabitəbank”ın küçəyə atdığı ailələr
Generalitet həbslərinin bank sektoruna sıçrayacağı haqda həyəcanlı xəbərlər gəlməkdədir. Milli Təhlükəsizlik Nazirliyində ifşa edilən şəbəkənin bir ucunun Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə uzanması əməliyyatların masştabını genişləndirib.

VİZUAL.az-a verilən məlumatda iddia olunur ki, banklarda gizli pul köçürmələri, məxfi maliyyə transferləri barədə təftişə başlanıb. Azərbaycan Beynəlxalq Bankındakı kredit qalmaqalından sonra digər bankların da fəaliyyəti yoxlanır
İddialara görə, "Rabitəbank” ASC-nin vəzifəli şəxslərinin əməlləri araşdırılır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyində iri ranqlı vəzifəlilərin həbsi adıçəkilən bankın da bu hadisələrlə əlaqəli olması haqda şübhələrə yol açıb. "Rabitəbank”da yoxlamaların yekunu haqda rəsmi məlumat olacağı da gözlənilir.
VİZUAL.az-ın əldə etdiyi məlumatda qeyd olunur ki, bankın adı bu günə kimi müxtəlif neqativ işlərdə hallanıb. Buna misal kimi bir neçə fakt göstərmək olar.
Amma əvvəlcə xatırlatmaq yerinə düşər ki, bank eskperti Əkrəm Həsənov etibarsızbanklar siyahısında "Rabitəbank”ın da adını çəkmişdi. Doğrudur, bank deyilənləri təkzib etdi. Amma faktlara nəzər yetirək:
Belə ki, ötən il "RabitəBank” ASC-də yol verilmiş qanun pozuntuları ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş müraciət araşdırılıb.
Lənkəran rayon filialının vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək yerli sakinlər - Fuad Cabbarov və digərlərinin adlarına saxta kredit müqavilələri rəsmiləşdirdiyi təsbit edilib. 35 min manat məbləğındə vəsaiti kredit şəklində alaraq mənimsədikləri təsdiqini tapıb.
Fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdı.
Bu ilin martında isə Baş Prokurorluq «Rabitəbank» ASC-nin vəzifəli şəxslərinin qanunsuz əməllərinin ifşa edilməsi barədə məlumat yaymışdı. Belə ki, Xətai rayon məhkəməsinin «Rabitəbank» ASC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə xüsusi qərardadı üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılıb. Müəyyən edilib ki, ASC-nin əməkdaşı Ülvi Nuriyev mənzil almaq məqsədi ilə kredit müqaviləsi əsasında həmin bankdan 25 il müddətinə 43 min 500 manat məbləğində kredit götürmüş və atası Sabir Quliyevin adına olan mənzil ipoteka ilə yüklü edilərək qeydə alınıb. Bundan sonra cəmiyyətin vəzifəli şəxsləri tərəfindən guya Ü.Nuriyevin həmin bankdan təmir işləri adı ilə bir ay müddətinə 45 min manat məbləğində kredit götürməsi barədə cəmiyyətlə qanunsuz müqavilə bağlanıb və qeyd edilən ipoteka ilə yüklü mənzil girov qoyulmaqla sonradan həmin müqavilə üzrə yaranmış borcun ödənilməsindən ötrü mənzilin hərrac yolu ilə satılması barədə məhkəmədə iddia qaldırılıb. Bununla da dövlətin və vətəndaşların qanunla qorunan mənafelərinə mühüm zərər vurulub. Yada salaq ki, bir müddət əvvəl də Sumqayıt sakini Oqtay Ağayarov ciddi bank qanunsuzluğu ilə üzləşmişdi. Belə ki, Oqtay Ağayarov ictimai fəaliyyəti, Sumqayıtda mədəni tədbirlərin keçirilməsi ilə əlaqədar "Rabitəbank”ın Sumqayıt filialından 57 min manat kredit götürüb.
Kredit onun həyat yoldaşı Zülfüqarova Gövhər Kazım qızının adına götürülüb. Kreditin müqabilində banka xanımının adına olan Sumqayıt şəhəri 3-cü məhəllə, ev 23/5 mənzil 2 ünvanındakı evi girov qoyulub. 3 il ərzində O.Ağayarov banka 80 min manat pul ödəyib və bütün öhdəliklərini yetirib. Lakin bir neçə ay bundan öncə onu müəmmalı şəkildə banka çağıraraq, onlara daha 20 min manat borclu qaldığını bildiriblər.
Bununla razılaşmayan Ağayarov bank rəhbərliyi – Müşahidə Şurasının rəhbərləri Zakir Nuriyev, Kamal Mədətovla görüşməyə və məsələni aydınlaşdırmağa çalışsa da, ona bu imkan yaradılmayıb. Nəticədə bankın Sumqayıt Şəhər Fililalı məhkəməyə müraciət eib. Cavabdehin xəbəri belə olmadan məhkəmə prosesi keçirilib.
Bu müddətdə qanunsuz olaraq O.Ağayarovun ailə üzvləri onun həyat yoldaşının adına olan mənzildən qeydiyyatdan çıxarılıb və mülk hərraca çıxarılıb. Təxminən 150 min manat dəyəri olan evi bank öz yaxın adamına 43 min manata – dəyər-dəyməzinə satıb. Növbəti misal bir neçə ayın hadisəsidir.
Sumqayıt şəhər 4-cü məhəllə, 18/15 saylı binanın, mənzil 8-in sakini Almara Qəşədərova iki azyaşlı uşağı ilə intihara cəhd edib. Hadisə səhər saatlarında vətəndaşın icra şöbəsi tərəfindən mənzilindən çıxarılması ilə başlayıb. Bu zaman Almara Qəşədərova əlinə bıçaq alaraq blokun qarşısını kəsib və icra məmurlarının içəri daxil olmasına icazə verməyib. O, iki uşağı ilə birlikdə intihar edəcəyi ilə bağlı xəbərdarlıq edib. Olay zamanı qarşıdurma yaranıb. A. Qəşədərova və azyaşlı qızı huşunu itirib, əraziyə Təcili Tibbi Yardım maşını gəlib. Onu sakitləşdirməyə çalışsalar da buna nail ola bilməyiblər. İş o yerə çatıb ki, A. Qəşədərovanın özünü yandırmasından ehtiyatlanan icra məmurları əraziyə yanğınsöndürən maşın da çağırıblar. Qeyd edək ki, Abdullayeva Şəlalə Yaqub qızı "Rabitəbank” ASC-dən 2008-ci ildə götürdüyü kreditin təminatı kimi Almara Qəşədərovanın mülkiyyətində olan Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 18/15, mənzil 8 ipoteka ilə yüklü edib. Bundan vətəndaşın xəbəri olmayıb və dələduz əməllərinə görə Şəlalə Abdullayeva barəsində cinayət işi açılıb və A.Qəşədərova rəsmən zərər çəkmiş qismində tanınıb. 2/105/53/2011 saylı icra vərəqinə əsasən məhkəmə qərarı icraya yönəlmiş, həmin mənzil hərracdan satılaraq bank tərəfindən alınıb.
"Rabitəbank” ASC həmin mənzili alqı-satqı müqaviləsilə Məmmədova Nailə Rüstəm qızına satıb və sonuncunun mənzilə mülkiyyət hüququ qeydiyyata alınıb. Mənzilin yeni mülkiyyətçisi mənzildən çıxarılma tələbinə dair məhkəmədə iddia qaldırıb və ərizəsi təmin edilərək icra sənədi üzrə icraata başlanılıb.
Bu ərəfədə ona vurduğu maddi ziyana görə Şəlalə Abdullayevaya qarşı məhkəmədə iddia qaldırılıb və tələb təmin edilib, 43530 manat pulun cavabdehdən alınaraq ona verilməsi qət edilib.
Ən nəhayət, ölkədə böyük qəzəb doğuran olay – qazinin özünü yandırması. Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, deputat Səttar Mehbalıyev tərəfindən sökdürülən çayxanasını bərpa etdirmək üçün Zaur Həsənov Lökbatandakı ata evini "Rabitəbank”a girov qoyaraq 10 min manat götürüb.
Daha sonra obyekti sökülən Z.Həsənov banka olan borcunu ödəyə bilməyib. Onun ölümündən sonra banka olan borcu bağlanıb.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net