Oqtay Şirəliyev bunları bilirmi?
Tarix: 21-10-2015, 11:44 | Çap et
Oqtay Şirəliyev bunları bilirmi?
Keçən yazımızda Bakının Zabrat qəsəbə sakinlərindən biri tərəfindən redaksiyamıza təqdim olunmuş şikayət ərizəsi əsasında apardığımız araşdırmanın nəticələrinə dair bəzi açıqlamalar öz əksini tapmışdı. Xatırladaq ki, öz ərizəsində şikayətçi Zabrat qəsəbəsində yerləşən 21 saylı şəhər poliklinikasının həkim və digər tibbi personalının əməllərinə dair öz iradlarını bildirmişdi. Xanım şikayətçi vurğulamışdı ki, o, iki azyaşlı övladı ilə kirayədə yaşayan, maddi baxımdan az təminatlı bir anadır. Buna baxmayaraq, ananın dediyinə görə, hər dəfə 21 saylı poliklinikanın həkimlərinə müraciət edərkən o, aldığı müayinə və müalicəyə görə müəyyən məbləğdə pul ödəyir. Çünki əks halda, 21 saylı poliklinikanın dövlət müəssisəsi olmasına baxmayaraq, burada pulsuz hər hansı tibbi xidmət almaq demək olar ki, mümkün deyil. Bu xüsusda ərizədə deyilirdi: “Özümün də, uşaqlarımın da səhhətində tez-tez problemlər yaranır. Buna görə də hər dəfə poliklinikaya müraciət etməli oluram. Lakin bizim 21 saylı poliklinikada həkimlər də, tibb bacıları və laboratoriyanın personalı da göstərilən xidmətə görə pul tələb edirlər...” Məxsusi olaraq isə, şikayətçi qeyd etmişdi ki, bir müddət bundan əvvəl onu qəbul etmiş dəri həkimi Şəhla xanıma verməyə pulu olmadığı üçün aralarında xoşagəlməz söhbət olmuşdur. Belə ki, Şəhla xanım ilk əvvəl xəstəni səmimi qarşılamış, müayinə etmiş və müalicə də təyin etmişdir. Lakin bir qədər sonra, xəstənin pulu olmadığını bildikdə, həkim ona qarşı bu xüsusda yersiz iradlar bildirmişdir. Halbuki, bu xəstə əvvəllər də bir neçə dəfə Şəhla xanımın qəbulunda olmuş və hər dəfə də həkimin “hörmətini” etmişdir. Bundan sonra, məsələyə aydınlıq gətirmək üçün biz ilk növbədə 21 saylı poliklinikanın baş həkimi ilə əlaqə saxlamışdıq. Bu arada belə bir məqamı da qeyd edək ki, dərc etdiyimiz materialda baş həkim tərəfimizdən səhvən Mərziyyə Məmmədova kimi təqdim olunmuşdu. Lakin bu səhv qəzetimizin səhifəsində əslində Sabunçu Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilmiş yanlış məlumat səbəbindən yer almışdır. Belə ki, məhz İH-nin saytında 21 saylı şəhər poliklinikanın baş həkiminin Mərziyyə Məmmədova olduğu qeyd edilib. Əslində isə bu tibb müəssisəsinin baş həkimi Ulduz Hüseynovadır. Lakin material çapa hazırlandığı vaxt artıq axşam saatları olduğundan, biz bu məlumatı dəqiqləşdirə bilməmişdik. Beləliklə, baş həkimlə söhbətimizdən məlum oldu ki, sən demə Şəhla xanım heç də 21 saylı poliklinikanın həkimi deyil. Onun əsas iş yeri 3 saylı uşaq dəri-zöhrəvi dispanseridir. Sadəcə olaraq, həftənin müəyyən günlərində Şəhla xanım 21 saylı poliklinikada da xəstələri qəbul edir. Bununla belə, ötən yazıda biz qeyd etmişdik ki, apardığımız araşdırmalar nəticəsində 21 saylı şəhər poliklinikasının fəaliyyətində yer almış digər neqativ hallara dair də olduqca maraqlı açıqlamalar əldə etmişik. Məsələn, redaksiyamıza təqdim olunan bu kimi açıqlamalardan birində deyilir: “21 sayı poliklinikada şəkərli diabet xəstələrinin müayinəsi üzrə fəaliyyət göstərən tibb bacısı Nəzakət xanım xəstələrdən 5 manatdan başlayaraq müayinə haqqı tələb etməkdən heç də çəkinmir. Etiraz edən xəstələrə isə, müayinə üçün lazım olan tibbi ləvazimatları guya ki, personalın öz şəxsi vəsaitləri hesabına aldıqlarını bəyan edir...” Zabrat sakinlərindən digər birinin verdiyi açıqlamada isə bildirilir ki, bu yaxınlarda vətəndaş analiz vermək üçün qeydiyyatda olduğu 21 saylı poliklinikaya müraciət etmişdir. Lakin analizin nəticəsini götürməyə gələrkən, pul vermədiyi üçün laborant nəticəni ona verməmiş və demişdir ki, xəstənin yaxın ərazidə yaşadığını vurğulayaraq, ondan evə qayıdıb pul gətirməsini tələb etmişdir...

Ümid edirik ki, növbəti saylarımızdan birində 21 saylı şəhər poliklinikanın baş həkimi Ulduz xanım Hüseynovanın bu məsələlərə də münasibətini oxucularımıza təqdim edə biləcəyik.

Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net