Etibar Pirverdiyevə 800 min manatlıq suçlama
Tarix: 2-10-2015, 11:09 | Çap et
Etibar Pirverdiyevə 800 min manatlıq suçlama
Cari ilin 9 ayı ərzində vətəndaşlara ödənilməli olan gecikdirilmiş ödənişlərin həcmi 1,5 mln. olub ki, bunun da 86%-ı (1,290 mln. manat) əmək haqlarının gecikdirilməsidir. Bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə bildirib.
F. Əlizadənin açıqlamasında ən maraqlı məqam isə bu olub: o bildirib ki, gecikdirilmiş əmək haqlarının 827 min manatı təkcə bir müəssisənin üzərinə düşür. Söhbət Sumqayıt Texnologiyalar Parkından (STP) gedir.
“Bir neçə vaxtdır ki, Sumqayıt Texnologiyalar Parkından vətəndaşlar tərəfindən ərizə və şikayətlər daxil olur ki, biz əmək haqlarımızı ala bilmirik. Amma dünən bizə STP tərəfindən verilən rəsmi məlumata görə, iyul ayı daxil olmaqla, avqust ayının 1-dək bütün əmək haqqı ödənilib” - deyə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi bildirib.
Bu park, STP-nin rəsmi saytına inansaq, “Sumqayıt Texnologiyalar Parkı(STP)regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Regionda nadir layihə olan STP Azərbaycanın həm daxili, həm də xarici bazarının tələbatını tam ödəmək qabiliyyətinə qadirdir. Texnoparkın məhz Sumqayıtda yaradılması Azərbaycanın iqtisadi cəhətdən inkişafına əhəmiyyətli dərəcədə təkan verməklə yanaşı, vaxtilə Qafqazda sənaye mərkəzi kimi yaradılan Sumqayıtın tarixi ənənələrinin bərpası deməkdir.
Bu gün STP-nin tikinti-montaj və istehsalat sahələrində 4500 işçi işləyir. Tikilməkdə olan zavodlar təhvil verildikdən sonra işçi heyətinin sayı 1000 nəfər də artacaq ki, bu da öz növbsində sosial yaşayış standartlarının yaxşılaşdırılmasına zəmin yaradacaq”.
2009-cu il dekabr ayının 22-də istismara verilən STP “Azərenerji” prezidenti Etibar Pirverdiyevin nəzarətindədir.
Belə ki, STP 6 aprel 2012-ci ildə Vergilər Nazirliyində “Sumqayıt Texnologiyalar Parkı” MMC kimi qeydiyyatdan keçib. Vergilər Nazirliyinin 6 aprel 2012-ci il qeydiyyat məlumatında “Sumqayıt Texnologiyalar Parkı”nın sahibinin adı da göstərilib: “AZENCO GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMM).
Bu MMC-nin isə Etibar Pirverdiyevin “biznes imperiyasının” nüvəsini təşkil etdiyini bilməyən yoxdur. Belədə isə STP-nin “Azərenerji” prezidentinin nəzarətində fəaliyyət göstərdiyinə heç bir şübhə yeri qalmır.
İşcilər də STP-nin qeyri-rəsmi rəhbəri kimi məhz Etibar Pirverdiyevi tanıyırlar.
Ötən ilin əvvəllərindən STP-də işlərin qaydasında getmədiyinə dair məlumatlar yayılıb. Kompleksin fəaliyyətinin gözləntiləri doğrultmadığı, bunun isə hökumətdə narazılıqla qarşılandığı, ona görə də hətta bu müəssisənin Etibar Pirverdiyevin əlindən alına biləcəyi barədə informasiyaların ard-arası kəsilmir.
Onsuz da son vaxtlar iqtidar daxilində əvvəlki nüfuzunu, təsir imkanlarını itirən “Azərenerji” prezidenti özünün bir çox əhəmiyyətli səlahiyyətlərindən məhrum edilib. Onun maliyyə sarıdan da artıq əvvəlki qüdrətindən məhrum olduğu məlumdur.
Bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisinin STP-nin işçilərinə 800 min manatdan artıq borcunun yarandığı barədə açıqlaması da təsdiqləyir.
Bizimlə söhbətində adının çəkilməsini istəməyən iqtisadçı-ekspert belə bir açıqlamanın verilməsini təsadüfi saymır. “Mümkündür ki, adıçəkilən kompleksin iri məbləğdə borcu barədə rəsmi açıqlamanın verilməsi STP-nin fəaliyyətinin düzgün qurulmadığı, onun doğru idarə edilmədiyi yönündə ictimai rəyi möhkəmləndirmək və sonda bu müəssisənin Etibar Pirverdiyevin nəzarətindən çıxarılmasına zəmin hazırlamaq məqsədi daşıyır” deyə həmsöhbətimiz bildirib.
Hər halda artıq daha aydın görünməkdədir ki, Pirverdiyev ölkənin işıq təsərrüfatını bərbad vəziyyətə saldığı kimi, STP-ni də “uçuruma” doğru sürükləyir. Necə ki, “Azərişıq”ın yaradılması ilə onun işıq təsərrüfatındakı yarıtmaz idarəçiliyinə əhəmiyyətli ölçüdə və sözügedən sahədə müsbət dəyişikliklərin təməli atıldı, eləcə də STP-nin “Azərenerji” “şef”inin əlindən alınması bu kompleksin uğurlu fəaliyyətinin başlanğıcı ola bilər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net